Yaponiyanın paytaxtı Tokioda yoldakı göyərçinlərə "qəzəblənən" taksi sürücüsü bir göyərçini qəsdən əzib öldürdüyü üçün həbs edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, NHK dövlət televiziyasının xəbərinə görə, Şinjuku bölgəsində taksi sürücüsü Ozava Atsuşi avtomobilini göyərçinlərin olduğu yerə sürüb.
Saatda təxminən 60 kilometr sürətlə göyərçinlərin içinə girən Ozava maşını ilə bir göyərçini öldürərək hadisə yerindən qaçıb.
Yaxınlıqdakı piyadaların xəbəri ilə hadisə yerinə sövq edilən polis hadisənin səbəbini araşdırıb.
Milli mətbuatın məlumatına görə, göyərçin üzərində aparılan yarılmada ölüm səbəbinin “travmatik şok” olduğu qeyd edilib.
Məlum olub ki, işıqların yanında gözləyən taksi sürücüsü qəfil sürəti artıraraq maşını göyərçinlərin arasına sürüb.
İstintaqda peşəkar sürücünün avtomobili qəsdən sürətləndirərək, göyərçinlərə tərəf yönəltdiyi və bu hərəkətin “son dərəcə qərəzli” olduğu bildirilib.
Polis sorğusu zamanı törətdiyi cinayəti etiraf edən Ozavanın "Yol insanlara məxsusdur və quşlar yoldan uzaq durmalıdır" dediyi bildirilib.
Sürücü, 50 yaşlı Ozava keçən həftə sonu göyərçini qəsdən öldürmək və vəhşi təbiətin mühafizəsi qanununu pozmaq ittihamı ilə həbs edilib.
Malik Atilay