Xəbər verildiyi kimi bu gün Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb.
525.az xəbər verir ki, sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli sürülür.
Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.
Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
- prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);
- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.
Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.
Qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.
Seçki bülletenində qeydiyyatdan keçmiş prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.
Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.
Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.