525.Az

Tofiq Məliklinin "Türkbilimi yazılarımdan seçmələr" kitabının təqdimatı olub


 

Tofiq Məliklinin "Türkbilimi yazılarımdan seçmələr" kitabının təqdimatı olub<b style="color:red"></b>

Dekabrın 7-də Azərbaycan Yazıçılar Birliyində türkoloq, Əməkdar elm xadimi Tofiq Məliklinin "Türkbilimi (Türkoloji) yazılarımdan seçmələr" kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Tofiq Məlikli kitabının necə ərsəyə gəlməsindən danışıb. O, kitabın türkologiya üçün çox dəyərli nəşr olduğunu deyib. Qeyd edib ki, kitabda ümumtürk mədəni irsinin öyrənilməsi, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparılıb.

Əməkdar incəsənət xadimi Firuz Mustafa Tofiq Məliklinin həyat və yaradıcılığından söz açıb. O, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğində T.Məliklinin müstəsna rolunu vurğulayaraq, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına da çox böyük töhfə verdiyini diqqətə çatdırıb.

Filologiya elmləri doktoru, kitabın elmi redaktoru Minaxanım Nuriyeva T.Məliklinin kitablarının unikallığı ilə seçildiyini bildirib. O, belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Tofiq Məliklinin demək olar ki, bütün kitablarını oxuduğunu bildirib. Xalq yazıçısı bu kitabın türkologiya elmi üçün bir töhfə olduğunu vurğulayıb.

Anar Tofiq Məlikliyə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə digər çıxış edənlər Tofiq Məliklinin yaradıcılığı və müəllifi olduğu kitab haqqında fikirlərini bölüşüblər.

Bildirilib ki, Tofiq Məlikli tanınmış dilçi-türkoloqdur. O, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Asiya Xalqları İnstitutunun (sonralar Rusiya EA Şərqşünaslıq İnstitutu adlandırılıb) aspiranturasına daxil olub. Namizədlik dissertasiyasını müdafiə edəndən sonra ona həmin institutda işləmək təklif olunub. 1985-ci ildə T.Məlikli Sovet Türkoloqları Komitəsi sədrinin müavini təyin edilib. 1991-ci ildə İstanbul Universitetində rus dili kafedrasının rəhbəri olub, eyni zamanda, Türkiyədə Azərbaycan dili və ədəbiyyatından dərs deyib. T.Məlikli, türkologiya elmində ilk dəfə olaraq, Türkiyənin yeni poeziyasının dolğun sistemini işləyib hazırlayıb. O, həmçinin bədii əsərlərin tərcüməçisi kimi tanınıb. Onun sayəsində rus və Azərbaycan oxucuları Nazim Hikmət, Yaşar Kamal, Fakir Baykurt, Fazil Hüsnü Dağlarca və başqa məşhur türk yazıçılarının əsərləri ilə tanış olublar.

 

 





08.12.2023    çap et  çap et