525.Az

Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri üzrə tədqiqatlar aparılır


 

Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri üzrə tədqiqatlar aparılır<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda beynəlxalq təcrübə əsasında Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri üzrə tədqiqatlar aparılır.

525.az xəbər verir ki, bu barədə elmi seminarda institutun kiçik elmi işçisi Sayalı Quliyeva məlumat verib. O, müasir Azərbaycan dili və dil siyasəti, Azərbaycan dilinin mənimsənilməsi və qiymətləndirilməsi problemləri, dillərin tədrisi və qiymətləndirilməsində beynəlxalq təcrübə və s. haqqında məlumat verib.

Azərbaycan dilinin tədrisində rast gəlinən bəzi çatışmazlıqlara diqqət çəkən S.Quliyeva bildirib ki, buraya dilimizin tədrisinin nitq bacarıqları deyil, dilçilik üzərində qurulması, dil bacarıqlarının inkişaf etdirilməsi və qiymətləndirilməsi metodikasının formalaşdırılmaması, şifahi nitq bacarıqlarının, xüsusilə dinləmə və danışmanın diqqətdən kənarda qalması və s. aiddir.

Sonra tədqiqatçı dil biliklərinin öyrənilməsi və qiymətləndirilməsində istifadə olunan əsas beynəlxalq standartlardan söz açıb. S.Quliyeva beynəlxalq standartlar əsasında Azərbaycan dilinin linqvistik xüsusiyyətlərini nəzərə almaqla Azərbaycan dili üzrə səviyyə imtahanının təşkilinin vacib olduğunu qeyd edib. Bildirib ki, bu imtahan sistemi xarici dildə təhsil alan şagirdlərin öz təhsillərini davam etdirmələri, miqrantların Azərbaycanda təhsil almaq və ya yaşamaları üçün, eləcə də dövlət idarələrinə, radio və televiziyaya işə qəbul zamanı istifadə oluna bilər.

Daha sonra o, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsində İKT-nin rolundan bəhs edib.

Sonda tədqiqatçı qeyd edib ki, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün maşın tərcüməsi sistemlərinin, eləcə də digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi son dərəcə zəruridir. Eyni zamanda, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsində beynəlxalq təcrübənin tətbiqinə dair elektron bazanın yaradılması, dil biliklərinə yiyələnmək üçün köməkçi vəsaitlərin hazırlanması vacib məsələlərdəndir.

Sevinc Qarayeva 

 





08.12.2023    çap et  çap et