525.Az

Bosniyada Heydər Əliyev haqqında kitab nəşr edilib


 

Bosniyada Heydər Əliyev haqqında kitab nəşr edilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə "Heydər Əliyev İli" çərçivəsində Sarayevoda "Heydər Əliyev - müasir Azərbaycanın qurucusu: daxili sabitlik, xarici siyasət, iqtisadi inkişaf" adlı kitab nəşr olunub. Kitabın müəllifi boşnak əsilli tarixçi, GEOPOL siyasi araşdırmalar mərkəzinin təsisçisi və rəhbəri, regional siyasi münasibətlər, beynəlxalq siyasət və diaspor quruculuğu sahəsində tanınmış mütəxəssis Admir Lisitsadır. Admir ölkəmizin Sarayevodakı diplomatik nümayəndəliyi ilə yaxından əməkdaşlıq edir. Heydər Əliyev şəxsiyyəti, dövlətçilik fəaliyyəti barəsində Bosniya və Herseqovina mətbuatında çap olunmuş bir sıra məqalələrin müəllifidir. Bu il 21-23 iyul tarixlərində Şuşa Qlobal Media Forumunun iştirakçıları arasında olub və Qarabağda görülən böyük bərpa-quruculuq işləri barəsində ölkəsinin TV proqramlarında çıxış edib. Kitabın yazılmasında Ulu öndər Heydər Əliyevin şah əsəri sayılan müasir Azərbaycan reallıqları ilə tanışlıq mühüm rol oynayıb.

Boşnak müəllifin əsəri Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri,  Ümummilli lider haqqında maraqlı memuar kitabının və çoxsaylı məqalələrin müəllifi kimi tanınan ədəbiyyatşünas-alim Vilayət Quliyevin "Heydər Əliyev haqqında boşnak dilində ilk kitab" adlı tanıtım xarakterli ön sözü ilə açılır.

Kitab on fəsildən ibarətdir. Heydər Əliyevin zəngin bioqrafiyasını müxtəsər şəkildə boşnak oxucularına təqdim etdikdən sonra müəllif əsas diqqəti onun müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrə yönəldir. Çətinliklərlə dolu 1993-cü ildə prezident seçildikdən sonra ölkəni düşdüyü xaos və anarxiyadan xilas etmək üçün atılan addımlar, daxili stabilliyə nail olmaq yolunda görülən işlər ardıcıllıqla təhlil olunur. Müəllif əsasən rus, ingilis və qismən də türk dillərində müxtəlif qaynaqlara əsaslanaraq Ulu öndərin Qarabağdakı erməni təcavüzünün ağır nəticələrinin dinc yolla aradan qaldırılması istiqamətindəki fəaliyyəti, "Əsrin müqaviləsi"nin imzalanması, fəal xarici siyasət kursunun işlənib hazırlanması və həyata keçirilməsi üçün göstərdiyi səylər, apardığı çoxsaylı danışıqlar üzərində dayanır. Mövcud siyasi reallıqların təhlili əsasında Azərbaycan dövlətçiliyinin çətin şəraitdə qurulub möhkəmlənməsi və tarixi Qarabağ zəfərinin qazanılmasında Heydər Əliyev təcrübəsi, həyata keçirdiyi iqtisadi islahatlar və strateji siyasi kursunun rolu işıqlandırılır.

Admir Lisitsa Azərbaycanla Bosniya və Herseqovina, Ulu öndər Heydər Əliyevlə boşnak lideri Aliya İzzetbeqoviç arasında maraqlı müqayisələr aparır. Mövcud bənzərlik və yaxınlıqlara, eləcə də Prezident İlham Əliyevin bu il aprelin 13-də Bosniya və Herseqovinaya ilk rəsmi səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq haqda bəyannaməyə əsaslanaraq qarşılıqlı maraq doğuran sahələr üzrə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri haqda maraqlı fikirlər irəli sürür.

Kitabın rəyçilərindən biri, Sarayevo Beynəlmiləl Universitetinin professoru Yəhya Muhasiloviç əsər haqqında yazır: "Müəllif araşdırdığı mövzunun dərinliklərinə varıb, Heydər Əliyevin şəxsiyyətini və müasir Azərbaycan dövlətinin qurulmasındakı aparıcı rolunu dəqiq tarixi faktlar əsasında işıqlandırmaq üçün bir sıra mənbələri gözdən keçirib. Bundan başqa, kitabda çağdaş Azərbaycanla Bosniya və Herseqovina arasındakı oxşar cəhət və bənzərliklərə də mühüm diqqət yetirilib. Eyni zamanda iki ölkə və xalq arasında mümkün əməkdaşlığın potensialı haqqında ətraflı söhbət açılıb. Admir Lisitsanın Bakıya səfəri və Azərbaycan rəsmiləri ilə söhbətləri əsərin məzmun dərinliyinə və təsvir dəqiqliyinə təsirsiz qalmayıb. Həm də kitab yalnız faktların və tarixi epizodların təsvirindən ibarət deyil. Müəllif Azərbaycanda Heydər Əliyev epoxasının siyasi, iqtisadi, mədəni, psixoloji mənzərəsi yaratmağa da mühüm diqqət yetirib. Nəticə olaraq onu deyə bilərəm ki, boşnak oxucularına təqdim olunan bu kitab Heydər Əliyev şəxsiyyəti və müasir Azərbaycan tarixi haqda zəngin məlumat qaynağıdır və bu mənada həm mütaliə həvəskarları, həm də mütəxəssislər üçün böyük maraq doğuracaq".

Şahanə MÜŞFİQ

 





10.12.2023    çap et  çap et