Çox güman, SSRİ zamanında yaşamış hər kəs ömründə ən az bir dəfə də olsun, sevimli heyvanların şəkilləri həkk olunmuş sovet açıqcalarını görüb, hətta alıb və kiməsə hədiyyə də göndərib. Hətta SSRİ zamanında böyümüş insanların bəziləri evlərində indi də bu açıqcaları gözəl xatirə kimi saxlamaqdadırlar. Lakin əminəm, az adam bilir ki, bu gözəl açıqcaların hamısını sadəcə bir şəxs - rəssam Vladimir Zarubin hazırlayıb.
Sevimli və komik heyvanlar dünyasının yaradıcı olan Zarubin 30 illik karyerası dövründə 1.5 milyard nüsxədən çox açıqcaya öz imzasını atmış və bütün həyatını, yaradıcılığını bu mövzuya həsr etmiş nadir rəssamlardandır.
1925-ci ilin 7 avqust tarixində Oryol vilayəti, Andriyanovka kəndində anadan olan rəssam ailənin 3-cü oğul övladı idi. O, II Dünya müharibəsinə qədər Lisiçanskda ailəsi ilə birgə yaşayırdı. Uşaq yaşlarından onun rəsmə marağını kəşf edən valideynləri onu daha da həvəsləndirirlər, atası oğluna açıqcalar kolleksiyası yığmağı təklif edir. Bir tövsiyə ilə açıqca yığmağa başlayan oğlanın kolleksiyasındakı açıqcaların sayı 5 mini ötür.
Müharibə zamanı yaşadığı şəhər işğal olunarkən o da hamı kimi Almaniyaya göndərilir, əmək düşərgəsində işə cəlb olunur. Bir neçə dəfə güllələnmək təhlükəsi ilə üz-üzə qalsa da, həyat üzünə gülür və müharibədən sonra sağ-salamat vətəninə geri qayıda bilir. 1945-1949-cu illərdə sovet ordusu komendantlığında atıcı vəzifəsində çalışan Zarubin 1949-cu ildən rəssam kimi fəaliyyətə başlayır. Əvvəlcə Kömür Sənayesi Nazirliyində, 1950-ci ildən 1958-ci ilə qədər zavodda rəssam (sonralar NPO Giperon) kimi çalışıb, gecə məktəbində oxuyub.
Zarubin 1957-1982-ci illərdə "Soyuzmultfilm"də karikaturaçı kimi çalışaraq yüzə yaxın sovet cizgi film personajının yaradılmasında iştirak edib.
Kitablara, zərf və təqvimlərə illüstrasiyalar çəkməklə də məşğul olan rəssama əsl şöhrəti isə cizgi filmi mövzularında hazırladığı təbrik kartları gətirir. O, ilk açıqcasını 1962-ci ildə çəkib.
Əvvəllər nəşriyyatlar onun açıqcalarını çap etməyə dərhal həvəs göstərmirlər. Çünki onlar bunun əhali tərəfindən maraqla qarşılanacağına şübhə ilə yanaşırdılar. Axı bu personajlar və sujetlər həmin dövr insanı üçün çox qəribə və qeyri-adi idi: fil xizək sürür, dovşan xoru mahnı oxuyur, kirpi qarmon çalır, dələ yolka ağacı bəzəyir...
Amma tale göstərdi ki, onlar səhv etmişdilər. Açıqcalar satışa buraxılan ilk gündən çox böyük fanat ordusu toplayır. İnsanlar üzərində Şaxta baba, uşaqlar, dovşanlar, ayı balaları, dələlər, kirpilər, qar adamları olan bu şirin və maraqlı açıqcaları almaq üçün mağazaların, kioskların qarşısında uzun növbələr yaradır, bu təbrik kartlarının kolleksiyasını toplayırdılar.
1960-1990-cı illərə qədər Yeni il sujetlərini əks etdirən əl işləri ilə az qala, hər sovet ailəsinin qonağı olmağı bacaran rəssam 1990-cı ildən sonra işlərinə tələbin azalması nəticəsində çox çətin günlər yaşayır və 1996-cı ildə ürəktutmasından vəfat edir.
Həmin dövrdə açıqcalar öz aktuallığını itirsə də, indiki zamanda kolleksiyaçılar tərəfindən çox yüksək qiymətləndirilir. Hətta bəzi açıqcalar nadir hesab olunduğundan çox bahalıdır.
2007-ci ildə isə Vladimir Zarubinin açıqcalar kataloqu nəşr olunub.
Zarubinin açıqcaları ona görə bu qədər sevilmişdi ki, onlar müəllifinin səmimiliyini, mehribanlığını özündə əks etdirirdilər. Xarakter etibarı ilə çox mehriban, həlim insan olan Vladimir Zarubin insanlar arasında da bu sevgi bağlarının artmasına çalışırdı. O, niyə görə məhz bu cür açıqcalar hazırlaması ilə bağlı verilən suala belə cavab vermişdi: "Bəlkə mənim açıqcalarım insanlara bir az mehriban olmağa kömək edəcək".
Çox güman ki, bu kiçik yazının oxucuları arasında da həmin açıqcaları görənlər, ya da elə indi evinin bir küncündə, köhnə kitabların, albomların arasında ən az bir sovet yeni il təbriki kartını tapanlar olacaq. Elə isə bu, onlar üçün müəllif Zarubindən və bizdən nostalji dolu Yeni il təbriki olsun...