525.Az

Ürəyinin başında gəzdirdiyi bayraq uğrunda...


 

ŞƏHİD BAŞ LEYTENANT SƏİD RƏŞİDZADƏNİ ZİYARƏT EDƏRKƏN...

Ürəyinin başında gəzdirdiyi bayraq uğrunda...<b style="color:red"></b>

Hələ dan yeri ağarmadan metronun "Koroğlu" stansiyasının yanında Nofəl Qasımovu gözləyirdim, məni özü ilə oğlu - şəhid baş leytenant Səid Rəşidzadəni ziyarət etmək üçün Füzuliyə aparacaqdı...

Xırda-para alış-veriş üçün metronun yanındakı köşkə yaxınlaşdım. İki il əvvəl gördüyüm tanış sima ilə qarşılaşanda hardansa işıq düşdü. O işıq məni 2022-ci ildə Şuşada keçirilən Vaqif Poeziya Günlərinə apardı. Səidi ziyarətin astanasında 44 günlük Vətən müharibəsində şücaət göstərmiş şair dostum Cavid Qasımovla qarşılaşmağım yəqin ki, təsadüf deyildi, hardansa düşən işıq üçün zərurət idi. Onunla həmin Vaqif Poeziya Günlərində tanış olmuşdum. Hal-əhval tuta-tuta Vaqifin məqbərəsi önündə dediyi şeiri xatırladım:

 

Barıt rəngində idi siniflərin lövhəsi,

Bir soyuq divarında xəritəmiz yanırdı.

Şagirddən, işğal olmuş torpağı soruşanda 

Hər doğru cavabına müəllim utanırdı.

 

Lövhələr təbaşirlə ağardıldı bir səhər,

Xəritə çiçək açdı, soyuq divar isindi.

Çantalara yığıldı qələbə kitabları,

Səhər dərsə oyanan uşaqlar da sevindi.

 

Həmin uşaqlar kimi sevinə-sevinə Caviddən ayrılıb Nofəl əmi ilə birlikdə Füzuliyə yollandıq. 28 yanvar Səid Rəşidzadənin dünyaya gəldiyi gün idi...

Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunda dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Səid şəhid olandan sonra onun döyüş yoldaşları ilə geniş söhbətlərim olub. Atası Nofəl əmi ilə (özü həmişə belə xitab etməyimi istəyib) Səid haqqında xeyli danışmışıq. Odur ki, onun portret cizgiləri, xarakteri, amalı və kimliyi mənim üçün səma kimi aydındır. Döyüş yoldaşları Səidin həm komandir kimi, həm dost kimi necə qayğıkeş, canıyanan olmasından ağızdolusu danışıblar. İnsani keyfiyyətləri ilə yanaşı, hərb sahəsindəki bacarıqları, yüksək səriştəsi, gözüaçıqlığı Səidi bütün taborun, yüksək rütbəli komandir heyətinin sevimlisinə çevirib. Səid Rəşidzadə Hadruta ilk bayraq sancan döyüşçü olub. O, sinəsində gəzdirdiyi üçrəngli bayrağı Şişqayaya sancaraq həm amalına çatıb, həm də ən ali mərtəbəyə - şəhadətə ucalıb...

Nofəl əmi unikal insandır. Yolboyu bir-birindən maraqlı söhbətləri zamanın sürətini qabaqladı. Gah İkinci Dünya müharibəsi iştirakçısı olmuş 100 yaşı haqlamış atasından - Rəşid kişidən danışır, gah 90-cı illərin bir-birini əvəzləyən gərgin və təlatümlü hadisələrindən bəhs edir, gah da sovet vaxtı SSRİ-ni şəhərbəşəhər, kəndbəkənd gəzdiyini, oradakı xatirələrini nəql edirdi. Səiddən söhbət açılanda çox da təfərrüata varmırdı. Sanki özü özünün başını qatırdı...

Füzuliyə ilk dəfə gedirdim. Bura şəhərin mərkəzi deyil. Nofəl əmi deyir ki, Horadiz bizim müvəqqəti mərkəzimizdir, abadlıq işlərindən sonra səni Füzuli şəhərinin mərkəzinə aparacağam... Sabirabadı keçənə qədər qardan əsər-əlamət yox idi. Saatlıdan sonra çöllər yavaş-yavaş ağarmağa başladı. Uzaqdan görünən dağlar tarlalarla həmahəngləşdi... Füzuliyə daxil olandan sonra Nofəl əminin bələdçiliyi başladı. Füzulinin hər qarışında onun hansısa xatirəsi var...

Babı kəndinin dönəcəyində bizi Səidin şəkli qarşıladı. Nofəl əmi şəkilə zillənib "Salam, Səid", - dedi... Müxtəlif dini ritualları yerinə yetirərkən, dini mərasimlərin əksəriyyətində İslam dini uğrunda canından keçən, haqq savaşına çıxan əhli-beyt aşiqlərinə ayağa qalxıb salam göndərirlər: "Əssələmu ələykə ya Əba Əbdillahil-Hüseyn..." Nofəl əmi haqq uğrunda, torpaq uğrunda canını verən övladına, müqəddəs ünvanına salam göndərəndə imamlarımızın əzmini, qətiyyətini, bunun nəhayətində, müsibətini xatırladım...

Nofəl əmi Babı qəbiristanlığında şəhidlərin dəfn olunduğu yerlə bağlı xatirələrini bölüşdü: "Birinci Qarabağ müharibəsində yuxarı kəndlərdə döyüş gedirdi deyə şəhidlər Arazboyu kəndlərdə dəfn olunurdu. Bu qəbiristanlıqda şəhidlər üçün yerin ayrılmasını o vaxtı mən demişdim..."

Bir gün həmin yerdə Səidin dəfn olunacağı Nofəl əminin ağlına belə gələ bilməzdi. O bu yerlə bağlı xatirələrini danışa-danışa nə qədər gizlətməyə çalışsa da, taleyin, qismətin gərdişinə acı-acı heyrət edirdi...

Nofəl əmi Səidin məzarının önündə də, ayrı bir yerdə söhbət açılanda da, Bakıda hardasa keçirilən tədbirdə də təmkinini pozmur, dik dayanır, qürurla danışır, səsindəki qaltan, hansı söhbəti nəql eliyəndə gur, səlis nitqi məğrurluğundan, fərəhindən xəbər verir. Bu dəfə də belə idi. Səidin məzarı başına toplaşmış qohumlarını, tanışlarını görüb sevinirdi, hamısı ilə hal-əhval tutub müxtəlif söhbətlər edirdi... Amma nə qədər qürurlansa da, bir o qədər gözlərinin içindəki sonsuz kədər sezilirdi. Hər dəfə kövrək söhbət açılanda qardan danışırdı, qohumlarından qarın nə vaxt yağdığını, neçə dərəcə şaxta olduğunu, havaların necə keçdiyini soruşurdu. Hər dəfə kövrəlməmək üçün bir bəhanə tapan Nofəl əminin köməyinə bu dəfə qar çatmışdı...

- Nadir, gəl ailə üzvlərimizin dəfn olunduğu yerə aparım səni...

Nofəl əmi anasının, qardaşının, əmisi oğlanlarının və digər qohumlarının məzarlarını mənə göstərdi.

- O Xurşid Məmiş qızını görürsən? Onun adı Xurşidbanunun adından qoyulub. Mehdiqulu xanın əmisi nəvəsidir. Əslən şuşalı olan Xurşid nənə Füzuliyə ərə gəlib, mənim əmim uşaqlarının nənəsidir.

Üzərində daş olmayan, taxta başağacı qoyulmuş bir məzar var var idi. Bunun kim olduğunu soruşanda məlum oldu ki, uşaq məzarıdır. Əvvəllər danışdığımız bir məsələ təzədən yadıma düşdü:

- Nofəl əmi, Səid sizin dünyasını dəyişən ikinci övladınızdır, elə deyilmi?

- Ağır dövr idi. Elə olurdu günlərlə səngərdə qalırdım, evimə də baş çəkə bilmirdim. Bir saatlıq da olsun rayondan kənara çıxmırdım ki, deyərlər rayonu, torpağı qoyub qaçıb. O vaxt 9 aylıq uşağım xəstəlikdən dünyasını dəyişdi. Rayonu qoyub getmirdim deyə körpəni müalicə üçün Bakıya apara bilmədim.

- Demək, siz Vətənə iki övlad qurban vermisiz...

- Bilirsən, mən Səidə deməmişdim ki, müharibəyə get, o özü bu yolu seçdi. Evdə dayana bilmirdi, yerə-göyə sığmırdı. Mənlə dava edirdi ki, sən komissarlığa demisən Səidi aparmayın. Günün birində evə gələndə gördüm hazırlaşıb Füzuliyə gedir, sağollaşdıq... Füzulidə qohum-əqrəba ilə görüşüb, deyib-gülüb. Səhəri gün komissarlığa gedib. Özü sənədləşmə işini həll edib, füzulili cavanlarla birlikdə yola düşüblər... Mən Səidi heç nəyə məcbur etmirdim. O, gözünü açandan mənim mübarizə yolumu görmüşdü, özü də bu ruhda böyümüşdü. 1990-cı illərdə, döyüşlərin qızğın vaxtlarında Səidin 3 yaşı vardı, onu bir neçə dəfə özümlə səngərə də aparmışdım. Səidin içində Vətənin qisası hissi vardı, o qisasın dalınca getmişdi Səid. Səidin şəhid olduğu yerə - Şişqayaya biz 1990-cı illərdə üç dəfə hücum eləmişdik, amma ala bilməmişdik. Mən ömrü boyu Səidin Azərbaycan bayrağı sancarkən şəhid olduğu o yüksəkliyin həsrətini çəkmişəm. Mənə qismət olmadı, amma Səid Şişqayaya gedə bildi.

Danışa-danışa Nofəl əmi daha da cuşa gəlirdi, o illəri yana-yana yada salırdı. Sonda dediyi söz isə bütün Azərbaycanın ürəyinə su çiləyən səbəbdir:

- Bu gün mənim təsəllim odur ki, Vətən müharibəsinin nəticəsi gözəl oldu. Zarafat deyil, Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Balalarımızın qanı yerdə qalmadı... Allah eləməsin, o vaxtı Hadrutu ermənilər təzədən tutsaydılar, ya özümü öldürərdim, ya da elə ürəyim partlayardı... Allaha çox şükür ki, Qarabağ tam azad olundu...

Səidi ziyarət etdikdən sonra Horadiz şəhərini gəzdik. Nofəl əmi Babı türbəsi barədə maraqlı əhvalat danışdı. Deyilənlərə görə, keçmişdə Babı türbəsinin zirzəmisindən İrana gizlin yeraltı yol var imiş... Araytılar kəndindən, sovet zəhmətkeşi Şamama Həsənovadan, Horadiz şəhərində vaxtilə ucaldılan binalardan, fəaliyyət göstərən müəssisələrdən söhbət açdı.

Bakıya qayıdanda Nofəl əmidən ayrılıb "Sahil" metrosuna endim. Ekskavatorla aşağı düşəndə Məmməd Arazın divardakı misralarını görüb dayandım:

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağını!..

Həmin bayrağı Xəzər boyda edənlərdən biri - baş leytenant Səid Rəşidzadə Şişqayaya bayraq sancarkən enməzliyi - ölməzliyi qazanmışdı. Bu gün Azərbaycan Səidlərin sayəsində qələbə kitablarını çantasına yığan uşaq kimi sevinir. Ruhları şad olsun!..

 

 

 





01.02.2024    çap et  çap et