Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlanıb.
525.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Ağayev saxlanılıb.
Onun üzərindən və yaşadığı evdən ümumilikdə 400 qram marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri növbəti əməliyyat və profilaktiki tədbirlər nəticəsində 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd patron və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 3 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.