“İRƏLİ” İctimai Birliyi 2 Fevral – Azərbaycan Gəncləri Gününü silsilə tədbirlərlə qeyd edib.
Birliyin Mətbuat xidmətindən 525.az-a məlumat verilib ki, tədbirlər planının keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətləri ilə gəncləri yaxından tanış etmək, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirlər çərçivəsində təşkilatın nümayəndə və üzvləri Fəxri xiyabanda dövlət gənclər siyasətinin banisi, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Təşkilat tərəfindən 30 yanvar tarixində “Gənclik İrəlidədir” həftəsi elan olunub. Tədbirlər planı çərçivəsində gənclərin asudə vaxtının səmərəli təşkili, müxtəlif sahələr üzrə panel görüşlər, sərgi, ekskursiya, konsert və digər kütləvi-mədəni tədbirlərin təşkili həyata keçirilir. 5 fevral tarixinədək davam edəcək tədbirlər vətənpərvərlik, yaşıl dünya, şəxsi inkişaf, Qərbi Azərbaycan, təhsil, tarix, mədəniyyət və idman istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, 2 Fevral – Azərbaycan Gəncləri Gününədək Azərbaycan Xalça Muzeyində “Mədəni İrsimİZ”, Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgiləri baş tutub. Sərgilərlə yanaşı Azərbaycan Real Aykido Klubunun tərəfdaşlığı ilə özünümüdafiə təlimi, DİN İdman Cəmiyyətinin tərəfdaşlığı ilə isə əlbəyaxa döyüş təlimi həyata keçirilib. Qarşıdakı günlərdə bir sıra istiqamətdə görüş və təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
“İRƏLİ” İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “MədəniyyətimİZ” proqramının növbəti görüşü də 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.
Görüş müddətində Xalq şairi Vahid Əziz Ulu Öndər Heydər Əliyevlə bağlı olan ən zəngin xatirələrdən, Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, yaradıcı sənayenin müasir tendensiyalardan söhbət açıb. Tədbir “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu”, “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: Yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirə ilə davam edib.