525.Az

Rüstəm İbrahimbəyov nostaljisi - Xalq yazıçısı Anar yazır


 

Rüstəm İbrahimbəyov nostaljisi - <b style="color:red"> Xalq yazıçısı Anar yazır</b>

Moskvaya Domodedovo aeroportuna gəlirəm. Səfirliyimizin qonaq otağına yollanıram. Maşın pəncərəsindən Moskvanın dəyişmiş mənzərələrini görürəm. Hər yerdə kiril əvəzinə latın hərfləriylə yazılar, reklamlar...

Mehmanxanada yerləşirəm, nömrəmə girən kimi telefonun dəstəyini qaldırıb zəng edirəm.

- Salam Rüstəm, necəsən?

- Salam. Haçan gəldin?

- İndicə.

- Əla, Sabah görüşək.

Sabah görüşməyəcəyik Rüstəm. Yoxsan. Nostalji yuxumdan - səni diri gördüyüm yuxumdan ayılıram.

64 il keçir tanışlığımızdan. Xoşbəxtəm ki, bütün bu illər ərzində ən çətin sınaqlardan üzüağ çıxdıq. İctimai və ədəbi həyatımın ağır günlərində səni yanımda gördüm. Bir an belə tərəddüd etmədən mənə qahmar durdun. Mən də sənin haqsız hücumlara məruz qaldığın zaman mətbuat səhifələrində səni dəstəklədim. Kino İttifaqı süni sürətdə bölünəndə: Mən Rüstəmin rəhbərlik etdiyi təşkilatın üzvüyəm, həmişə də orda qalacam - dedim. Eyni peşə sahiblərinin uzun illər boyu bu sayaq dəyişməz dostluğu nadir hadisədir. Xoşbəxtəm ki, heç vaxt heç bir səbəbdən bu münasibətlərimizə zərrə qədər də ləkə düşmədi. Olurdu ki, nədəsə bir-birimizlə razılaşmırdıq, amma bu razılaşmadıqlarımızı bir-birimizə açıq söyləyirdik. Düşünürəm ki, qısa bir müddət siyasətə qoşulmağın həyatının ən böyük yanlışı idi. Bu barədə sənin özünə açıq demişdim, sən də mənimlə razılaşmışdın.

Doğrusu, bilmirəm uzun ömür sürmək yaxşıdır, ya pis.

Əlbəttə, yaşamağın özü Taleyin, Tanrının lütfüdür. Amma uzun sürən ömür boyu əzizlərini, dostlarını bir-bir itirmək də dözülməz ağrıdır axı. Onu da bilmirəm ki, çox dostu olmaq insanın xoşbəxtliyidir, ya bədbəxtliyi. Əlbəttə, parlaq, istedadlı şəxslərlə dostluq etmək maraqlıdır, şərəfdir, amma onları vaxtsız itirmək də (vaxtlı itki olurmu?) - müsibətdir. Bəzi dostlarımızı ölüm alır, bəzilərini həyat. İtirdiyim dostların xiffətini daima çəkirəm.

Dostlarla birgə olduğun dairə daraldıqca daralır. İtirdiyim dostlarla indi yalnız yuxularında görüşürsən.

Sənin vəfatından keçən illərdə sənin və mənim dostlarımızdan bir neçəsini də itirdik. Müxtəlif illərdə ölümün apardığı dostlarımız Yusif və Vaqif Səməd oğlular, Araz Dadaşzadə, Emin Sabitoğlu, Fikrət Qoca, Maqsud İbramibəyov, Toğrul Nərimanbəyov, Tahir Salahov, Elçin Aslanov, Fuad Seyidzadə, Rasim Əliyev, Rasim Ocaqov, Eldar Quliyev, Həsən Turabov, Vasif Adıgözəlov, Vaqif İbrahimoğlu, Rəfiq Hüseynov, Azər Mustafazadə, alim Tofiq İsmayılov və rejissor Tofiq İsmayılov - qəmlidən qəmli mortiroloq...

Əbədi vidalaşdığın dostlarçün keçirdiyin nostalji hissi - qəribsəmə ən ümidsiz duyğulardandır. Dostlarımın çoxuyla indi yalnız Fəxri xiyabanda görüşürəm. İndi sən də ordasan Rüstəm - qardaşının, dostlarının, tanışlarının yanında.

Sən də Qara Qarayev, Tahir Salahov, Müslüm Maqomayev kimi uzun illər vətəndən uzaqlarda, Moskvada yaşadın. Amma sən də onlar kimi sonda əbədi olaraq vətən torpağına qayıtdın.

85 yaşın mübarək Rüstəm. Salam və əlvida!

 

 





06.02.2024    çap et  çap et