525.Az

Gəncliyimiz və gələcəyimiz üçün ciddi təhlükə - zərərli vərdişlər


 

Gəncliyimiz və gələcəyimiz üçün ciddi təhlükə - zərərli vərdişlər<b style="color:red"></b>

Vərdişlər şüuraltının köməyilə avtomatik olaraq vaxtaşıri icra edilən davranış forması hesab edilir. Milli əxlaqi dəyərlərə, adət və ənənəyə zidd olan, zehni və fiziki sağlamlığa zərbə vuran zərərli vərdişlər isə son dərəcə təhlükəli təzahürlərdir. Zərərli vərdişlər hər il dünyada milyonlarla insanın normal fiziki gücünü əlindən alır, psixoloji durumunu ağırlaşdırır. Bu təhlükəli vərdişlər nadan, məlumatsız, eləcə də təcrübəsiz, məsuliyyətsiz və özünüidarəetmə səriştəsi olmayan insanların, xüsusilə həyatda hələ heç bir çətinlik, bərk-boş görməyən, iradəsi və dünya görüşü zəif, özünüqoruma barədə məlumatı çox az olan bəzi gənclərin başı üstündə kabus kimi dolaşaraq onları çıxılmazlığa sürükləyir. Ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar müxtəlif qərarlar qəbul edib ardıcıl iş, davamlı təbliğat aparsa da, dünyada zərərli vərdişlərin kökünü kəsməyə nail ola bilməyib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamalardan məlum olur ki, zərərli vərdişlərin ən qorxulu cəhəti bu vərdişlərin ildən-ilə "gəncləşməsidir". Yəni son dövrdə bu qorxunc bəla kişilər və qadınlarla yanaşı, uşaqlar, yeniyetmələr və gənclər arasında daha da yayılaraq epidemiya halı alıb. Dünyada ürək-damar və beyin xəstəliklərinin, xərçəngin bir neçə növünün, qaraciyər serrozunun, hepatitin müxtəlif növlərinin, ağciyər, mədə-bağırsaq, tənəffüs sistemi və başqa xəstəliklərin ildən-ilə artmasının və bu xəstəliklər nəticəsində ölüm hallarının çoxalmasının əsas səbəblərindən biri də insanların, o cümlədən, gənclərin zərərli vərdişlərə qurşanmasıdır. Bu siyahıya tütün, spirtli içkilər, narkomaniya, qumar, "enerji içkiləri", kompüter oyunları, zərərli informasiyaların təbliği, mobil telefon, televiziya, musiqi, xəbərlər və başqa məlumatlar dinləmək üçün qulaqcıqlardan ifrat dərəcədə, hətta fasiləsiz istifadə və sair daxil edilir. Biz bunlardan cəmiyyətdə daha çox yayılmışları, sağlamlıq üçün olduqca təhlükəli, gəncliyin hərtərəfli inkişafına daha ciddi əngəl törədən zərərli vərdişlər - tütündən istifadə, spirtli içkilərə hədsiz aludəlik, narkotik vasitələr və psixotrop maddələrdən asılılıqla bağlı fikirlərimizi bölüşmək istərdik.

Dünyada müxtəlif adlarla məşhur olan zərərli vərdişlər sərhəd tanımır. Onlar istənilən ölkədə meydan sulayır. Zərərli vərdişlərdən ən çox əziyyət çəkən və zərər görən ayrı-ayrı ailələrdir. Bu ailələrin içərisində həm kasıb, həm də zəngin insanlar var. Bildiyimiz kimi, ailə cəmiyyətin özəyi və dayağı, həmçinin dünyamızın gələcəyi hesab olunur. Zərəli vərdişlərə aludəlik isə ilk növbədə fərdləri hədəf alsa da, bütövlükdə ailələrə zərbə vurur. Yaxınları, doğmaları belə bəlalarla üzləşən insanların hər biri bədbəxtliyə düçar olur. Ailələrin zərərli, təhlükəli vərdişlər səbəbindən dağılıb məhv olması hazırda bəşəriyyətin ən dəhşətli problemlərindən biridir.

Siqareti adətən sağlamlığın birinci düşməni adlandırırlar. Onun tərkibində yüzlərlə kimyəvi maddə olduğu barədə mülahizələr var. Bunlardan 10-u insan sağlamlığı üçün ən təhlükəli və zərərli maddələrdir. Məhz elə buna görə də hər il dünyada nəfsinə sahib çıxmayan milyonlarla insan siqaretin və onun törətdiyi neçə-neçə xəstəliyin qurbanı olur. Siqaret həm də digər zərərli vərdişlərin meydana gəlməsində asanlıqla vasitəçi rolunu oynaya bilir. Siqaret çəkmək insan orqanizminə ciddi ziyan vurur. Xüsusi olaraq ağciyər xəstəliklərinə, o cümlədən, xərçəngə, vərəmə tutulma ehtimalı artır. Ticarət şəbəkələrində satılan siqaret qutularının üstündə tütünün sağlamlığa mənfi təsiri haqqında ciddi xəbərdarlıq qeyd edilsə də, həmin məlumatı çoxları nəzərə almadan yenə də hər gün siqareti qutu-qutu alıb çəkirlər. Bax, buna xalq içində "öz əlilə öz ayağına balta vurmaq" deyərlər. Ölkəmizdə ticarət şəbəkələrindən yetkinlik yaşına çatmayanlara tütün məhsularının satılmasına qanunla ciddi qadağa qoyulub. Bu qaydanı pozan satıcılar cərimə ödəməli olurlar. Ancaq hələ də bu yöndə lazımi nəticə əldə edilməyib.

ÜST-nin məlumatlarına əsasən hər il dünyada insanların siqaretdən fasiləsiz istifadə etməsi nəticəsində təxminən 8 milyon nəfər insan dünyasını dəyişir. Son illərdə uşaqlar, yeniyetmələr və gənclər arasında elektron siqaretdən istifadə halları da olduqca çoxalıb. Dünyada siqaretdən istifadə edən ailələrdə 700 milyondan çox uşaq hər gün tütün tüstüsü ilə nəfəs almağa məcburdur.

Spirtli içkilərdən istifadə ilk vaxtlarda sanki insana yaxşı təsir bağışlasa da, sonradan bu quduz düşmən yaxasını tanıyan insandan bərk-bərk yapışaraq ondan bəzən ömrün sonuna kimi əl çəkmir. Və get-gedə asılılıq, güclü aludəlik yaranır. İnsan yenə də əvvəlkitək ardıcıl içmək istəyir. Bu zaman insanda iradə gücü tamam itir, yuxu pozğunluğu və yaddaş problemi yaranır, ürək əzələlərinin zəifləməsi nəticəsində bu həyati orqanın ritmi pozulur. Həkimlər həyəcan təbili çalaraq bildirirlər ki, spirtli içkilərə aludəlik insanlarda 200-dən çox xəstəliyin yaranmasına səbəb olur. Xüsusilə mədədə turşuluq artır, ağıl get-gedə azalır, huşsuzluq yaranır, insanda mənlik, məsuliyyət və cavabdehlik hissi yox olur. Həmin vaxt insanda müxtəlif psixoloji, sosial, fizioloji, mənəvi və digər problemlər baş qaldırır. ÜST-nin açıqlamasına görə, hər il dünyada təxminən 2,5 milyon insan qəbul etdiyi spirtli içkilərin yaratdığı müxtəlif növ xəstəliklərdən həyatını itirir. Dünyada 25-39 yaş arası vaxtsız ölüm hadisələrinin də 25 faizi alkoqoldan istifadə ilə bağlıdır. Spirtli içkilərdən asılılığı olan insanların, xüsusilə gənclərin dünyaya gətirdiyi uşaqlar müxtəlif növ fiziki və psixoloji qüsurlarla doğulurlar. Bu da ailəyə əlavə bədbəxtlik gətirir. Ailə və cəmiyyət üçün gələcəkdə heç vaxt həllini tapa bilməyən maddi və mənəvi problemə çevirilir. Həddindən artıq alkoqol qəbulu ürək-damar, qaraciyər, xərçəng, mədə-bağırsaq, yuxusuzluq, maddə asılılığı və sair yaradır. Spirtli içkilərdən uzun müddət və artıq dozalarda istifadə daxili orqanların və bütün bədən sisteminin məhv olmasına şərait yaratmaq deməkdir. Respublikamızda etil (qida) spirti, alkoqollu və energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə də cərimə tətbiq edilir. Ancaq təəssüf ki, bu kimi tədbirlərlə də arzulanan nəticə hasil olmur.

Son məlumatlara əsasən, dünyanın 250 milyon sakini narkotik vasitələrdən asılı vəziyyətdədir. Onlardan 3 milyon nəfəri QİÇS xəstəliyinin daşıyıcısıdır. BMT-nın son açıqlamalarından birinə əsasən, dünyada narkotikdən asılı 35 milyon nəfərin əksər hissəsini 18-25 yaş arası gənclər təşkil edir.

Beynəlxalq qurumların bildirdiyinə görə, müasir dünyada 500 milyon hepatit C və hepatit A xəstəsi vardır. Zərərli vərdişlərə aludəlik üzündən 14 milyon insan xərçəng xəstəliyinə tutulub. Qorxunc proqnozlara əsasən, növbəti 20 ildə bu rəqəm 70 faiz arta bilər.

Siqaret, alkoqol və narkotik vasitələr üçəm ekizlər kimi bir-birinə gözəgörünməz bağlılıq təşkil edir. Nəfsinin qurbanı olan, iradəcə zəif və nadan insanlar, xüsusən gənclər bu üç 3 zərərli vərdişə meylləndikləri halda əksərən ölənədək bunlardan qurtula bilmirlər.

Sadalanan problemlərə diqqət çəkmək üçün BMT Baş Assambleyasının qərarı ilə hər il dünya ictimaiyyəti 31 mayı Ümumdünya Tütünlə Mübarizə Günü, 26 iyunu Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü, 3 oktyabrı isə Dünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd edir.

1992-ci ildə BMT-yə üzv olduqdan sonra ölkəmiz bu qurumun "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" 1988-ci il Konvensiyasına qoşuldu. Ümummilli liderimiz Heydər Əliyevin 26 avqust 1996-cı il tarixdə imzaladığı fərmanla respublikamızda 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram təsdiq edildi. Ulu öndərin rəhbərliyi ilə həmin dövrdə ölkəmizdə Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası təşkil olundu. 1998-ci ildə Azərbaycan Respublikası BMT-nın 1961-ci ildə qəbul etdiyi "Narkotik vasitələr haqqında" və 1971-ci ildə təsdiq etdiyi "Psixotrop maddələr haqqında" iki Konvensiyasıına qoşuldu. Həmçinin respublikamız narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı və istifadəsi ilə bağlı aparılan beynəlxalq mübarizədə dünya ölkələri ilə müxtəlif sazişlər və memorandumlar imzalayıb, onların həyata keçirilməsinə nail olub. Milli Məclis "Narkotik vasitələr, psixotrop maddələrin qanunsuz dövriyyəsi haqqında" qanunu 1999-cu ildə qəbul edib. Ölkəmizin qəbul etdiyi milli proqram narkomaniyaya qarşı mübarizədə əhəmiyyətli ümumdövlət tədbirinə çevrilib. Təsadüfi deyil ki, Ümummilli liderimiz vaxtilə bu məsələnin əhəmiyyətini vurğulayaraq deyib: "Narkomaniya və narkobizneslə mübarizəhər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda apardığı mübarizədir". 9 aprel 2002-ci ildə qəbul edilmiş "Gənclər siyasəti haqqında Azərbaycan Respublikası Qanunu" 20 ildən artıqdır ki, respublikamızda yaşayan, təhsil alan, işləyən və ailə qurmaq istəyən gənclərin problemlərinin həlli yönündə addımlar atmağa geniş imkanlar yaradıb. Lakin əfsuslar olsun ki, ötən müddətdə, bütün dünya üzrə olduğu kimi, ölkəmizdə də gəncləri zərərli vərdişlərdən, xüsusən də narkotikdən tam qorumaq, onların hamısını bu qorxunc bəladan uzaq tutmaq mümkün olmayıb. Müvafiq istiqamət üzrə 2007-2012, 2013-2018 və 2019-2024-cü illərə dair Dövlət proqramları ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə baxımından böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bu problemlərin həllini ən vacib məsələlərdən biri kimi qarşıya qoyaraq vurğulayıb: "Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir". Görülən tədbirləri, atılan müvafiq addımları nəzərə alaraq ümid etmək olar ki, Azərbaycanda bu problemin aradan qaldırılması istiqamətində yaxın gələcəkdə ciddi nəticələr əldə olunacaq.

Lakin tək-tək ölkələr, ayrı-ayrı təşkilatlar deyil, bütün dünya ictimaiyyəti əl-ələ verərək birlikdə bu istiqamətdə çalışmalı, zərərli vərdişlərin yayılmasına qarşı mübarizə aparmalıdır. Gələcəyimiz olan gənclərimizi bu amansız təhlükələrdən, nəyin bahasına olursa olsun, qorumalıyıq.

 

 

 

 

 





07.02.2024    çap et  çap et