525.Az

95 yaşlı Qəndab nənə: "Qarabağımızı azad edən İlham Əliyevdən başqa kimə səs verə bilərdim?"


 

95 yaşlı Qəndab nənə: <b style="color:red">"Qarabağımızı azad edən İlham Əliyevdən başqa kimə səs verə bilərdim?"</b>

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun  Danzik  (indi Danyeri) kəndində doğulub, burada ailə qurub, Vətənə layiqli övladlar bəxş etmiş  Qəndab nənə - Qəndab Məmməd qızı Həbibbəyli seçki gününü səbirsizliklə gözləyənlərdən idi. Ömrünün son 30 ilinin müstəqillik dövrünə düşməsini Tanrının ən böyük bəxşişi sayan Qəndab nənə 7 fevralda səs verənlər sırasında birincilərdən oldu.

Yaşı 1 əsri haqlamış nənə barədə oğlu, 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 36 saylı Danyeri məntəqə seçki komissiyasının sədri Həbib Həbibbəyli danışır.

 

- Seçkilərdə iştirak, xüsusən də indiki dövrdə  növbədənkənar seçkilərdə iştirak hər bir azərbaycanlı üçün həyatı bir məsələ idi. İllərdir ki, seçki marafonunda iştirak edirəm, amma inanın ki,  Azərbaycan cəmiyyəti bu boyda seçki təlatümünü heç vaxt yaşamayıb. 95 yaşı olan anamın seçkiyə qatılmaq həvəsi və təkidi bütün ailə üzvlərimizdə, eləcə də kənd camaatında xüsusi bir ovqat yaratdı. Kəndin ən yaşlı seçicisi olan anamın dilavərliyi, fikirlərindəki dəqiqlik həmişə diqqətdə olub.  Bizim ailəni  yaxından tanıyanlar, vaxtı ilə evimizin qonaqları olan çox məşhur adamlar - Anar, Elçin, Fərhad Bədəlbəyli, Rəşad Məcid və başqaları savadı olmayan bir qadının bu fəallığına heyranlıqlarını gizlətməyiblər. Ola bilsin anamın  "səsvermədə iştirak etməliyəm, məntəqəyə gedim, səs verim" təkidi bu  düşüncənin davamıydı.

Deyirəm ki, ana, sənin üçün ayrıca qutu hazırlatmışam, evə gətirəcəklər, ona səs verərsən. Yenə qayıdır ki, sənin qutuna inana bilmərəm, məntəqəyə getməliyəm. Sonra dedim ki, bu, mənim qutum deyil, bunu dövlət xüsusi olaraq sənin üçün düzəltdirib, Bakıdan Məzahir Pənahov şəxsən göndərib ki, rahatca sənin hüzuruna gətirsinlər ki, sərbəst səs verəsən. Məzahir müəllimin adını eşidən kimi razılaşdı. İşdən hər gün evə dönəndə - istər günorta, istərsə də axşam olsun ilk sualı bu olurdu ki, Məzahir müəllim mənim qutumu göndəribmi? Bir-iki gün qutu gəlib çıxmayanda yenə təkid etdi ki, yox, məni məntəqəyə aparın, səsimi camaatın önündə verəcəm. Təbii ki, 95 yaşlı adamın seçki məntəqəsinə sərbəst getməsi çətindi, xoşbəxtlikdən hava da xoş oldu, anamın bu arzusunu da yerinə yetirdik,  məntəqəyə gəldi və səs verdi.   

Həbib müəllimlə söhbətimə qoşulan Qəndab ana deyir:

- Oğul, həyatda olduğum bu 95 ilə yaxın vaxtda ağlım kəsəndən dünyanın çox dərd-sərlərini gördük. Dünya savaşını ağrı-acılarından keçdik. Bir qarını ac, bir qarını tox olsaq belə dözümümüzlə, mətinliyimizlə qoymadıq ki, torpaqlarımız düşmən tapdağında olsun. Amma 90-cı illər Naxçıvanın ən fəlakətli günləri oldu. Erməni düşmənləri ilə mübarizəmizə sapı özümüzdən olan baltaların qoşulması da bizləri çox sarsıtdı. Allah rəhmət eləsin, Heydər Əliyev olmasaydı, bilmirəm axırımız nə olardı, inanın bəlkə də yurd-yuvasından didərgin olanların sırasında bizlər də var idik. Allah bilir səsimiz, Türkiyədən, İrandan, nə bilim haralardan gələcəkdi.

- Nənə, indi onlara son qoyulub, ermənilərin yurd-yuvasından didərgin saldığı qaçqınlarımız da doğma yurdlarına qayıdır...

- Bilirəm oğul, savadım olmasa da, oxuyub yazmaq bilməsəm də, televiziyadan, radiodan bütün xəbərləri alıram. Sağ olsunlar, dünyanın o başından olan xəbərləri və hər bir yeniliyi elə tez verirlər ki, lap mat-məəttəl qalırsan. Demək texnika o qədər irəliyə getdi ki, indi nəyisə gizlətmək, pərdələmək belə mümkün olmayıb. Torpaqlarımızın, Şuşanın azad olması xəbərini eşidəndə inanmadım, günlərlə dua edirdim ki, Allahım, doğrudanmı sən bu xalqa bu qədər əzab-əziyyətdən, 20 Yanvar, Xocalı soyqırımından sonra bu qədərmi mərhəmət etdin?!  Sevincimdən hıçqıra-hıçqıra ağladım... Uşaqlar da elə bildilər ki, nəsə olub mənə, həkim çağırmaq istədilər. Dedim, ay bala, bu göz yaşlarım illərdir canımda gəzdirdiyim ağrılarımın yaşı idi, axdı getdi, həkimlik deyiləm.

- Doxsanıncı illəri xatırladınız, yadınızda qalan nəsə varmı?

- O illərin hər şeyi yadımdadır, çox ağır günlər olub, elə bil o illərdə Allah-təlanın sınağı bir az da artmışdı. Qış elə soyuq gəlmişdi ki, yazıq sərçələr ağacların, elektrik naqillərinin üstündə donurdu. Bir tərəfdən də qıtlıq, çörək, yanacaq çatmırdı. Ermənilər də quzğun kimi tökülmüşdülər Naxçıvanın üstünə. Gah Sədərəkdən, gah Şahbuzdan, Babəkdən, nə başınızı ağrıdım, 3 tərəfdən bütün sərhəd boyu hücumları səngimək bilmirdi. Qorxu-ürküdən evlərimizdə də rahat yata bilmirdik. Amma yurd-yuvamızı tərk etmək ağlımızdan bir an belə keçmədi. Heydər Əliyevin Naxçıvana dönüşü isə inam və dəyanətimizi elə artırdı ki, indi də təəssüf edirəm ki, onu Naxçıvanda qarşılayanların sırasında, meydandakı mitiqində niyə iştirak edə bilmədim? Amma nə yaxşı ki, Tanrı onu bizə yetirdi. Türkiyəyə, İrana qapılarımızı açdı. Maşın karvanlarının gətirdiyi yardımlar bizi aclıqdan xilas etdi, yaşatdı. Heydər Əliyev o dövrdə Naxçıvanı, sonra da Azərbaycanı xilas etdi. 

- Ana, savadsızam deyirsiniz, amma maşallah, hələm-hələm siyasətçilərdən ötə danışırsınız...

- Çox sağ ol, oğul (gülərək cavab verir). Təhsilim, diplomum olmayıb ki, deyim savadlıyam. Amma yaşananlar  mübarizliyimizi,  sayıqlığımızı elə artırdı və hamımızı elə səfərbər etdi ki, arvadlı-kişili bir olduq.  90-cı illərin Naxçıvanı qaynar qazan kimi idi, sovetlərdən ilk ayrılan da biz olduq, üçrəngli müqəddəs bayrağımızı qaldıran da. Heydər Əliyevin qədirbilməzlərin əlindən qaçıb elinə-obasına dönüşü ilə  Naxçıvan ayaq üstə durdu,  Naxçıvan da o böyük insanı qorudu və onun ətrafında səfərbər olundu. İnanın bəlkə də Heydər Əliyev Naxçıvana gələnə qədər  onun yolunu-səmtini belə dünyada tanıyan yox idi. Şükürlər olsun ki, bu xoş günlərimizi də görə bildik. Dövlətimizdən çox razıyıq, pensiyalarımız vaxtı-vaxtında verilir, hər il də üstünə artım gəlir. Bircə bu uşaq pulu məsələsini də qaydaya qoysalar, adamlar bu barədə çox danışırlar. Sovet hökumətinin mirası olsa da, yaxşı iş idi. Həm də ailələrə böyük kömək idi.

- Oğlunuz Həbib deyir ki, seçki gününü  maraqla gözləmisiniz...

- Düz deyir, yaşadığımız əvvəlki illərdə heç belə deyildi. Seçkiyə getdin-getmədin, heç kəsin marağında belə deyildi, sənin yerinə səs də verirdilər və hər şeyi qaydasına qoyurdular. Amma indi zaman dəyişib, çox dəyişib. Seçkiyə getməyi özümün borcu hesab edirəm. Həm də fikirləşirəm ki, mən dövlətim, qəhrəman və xilaskar xalqım üçün bu gündən sonra nə edə bilərəm?! Əlimdən gələn ən böyük iş səsvermədə iştirak etməkdir. Həbib də deyir ki, mənim üçün Bakıdan xüsusi qutu göndəriblər ki, evimizə gətirsinlər, səs verim. Havalar indi Naxçıvanda çox soyuqdur, amma  arzu edirdim ki, qar-çovğun olmasın, gedim məntəqədə səs verim. Şükürlər olsun, bu arzuma da çatdım, bu işdə mənə kömək edən övladlarıma minnətdaram. Ən böyük minnətdarlığım isə bizlərə bu günləri bəxş edən, Qarabağı xalqımıza qaytaran dövlətimizədir... Bir də heç kəs inciməsin: seçkiyə getməyən insanla döyüşdən qaçan əsgərin heç bir fərqi yoxdur. Biz bu seçkidə dostlarımızı sevindirməli, düşmənləri bir daha xar etməliyik!

- Bəs kimə səs verdiniz?

- Bilmirəm niyə gizli səsvermə edirlər? Mən hələ bu seçki söhbəti ortaya çıxanda İlham balama səs verməyi düşünürdüm. O biriləri ilə maraqlanmasam da, onlar da övladlarımdır. Amma hər şeyin bir ölçüsü var. Birincisi, keçən əsrin 90-cı illərində Naxçıvanın, sonra da bütün Azərbaycanın xilaskarı olan Heydər Əliyevin yadigarını qoyub başqasına səs vermək olardımı?  İkincisi, rusun, ingilisin və dünyanın dilini bilən, Qarabağımızı işğaldan qurtaran İlham Əliyevdən başqa kimə səs verə bilərdim? Bir dənə Şuşamızı işğaldan qurtarmaq, əmin-amanlıq yaratmaq  bəs edir ki, bu xilaskarımızla fəxr edək. Fəxr və qürurla deyirəm: İlham Əliyevə, Azərbaycanın gələcəyinə səs verdim.

Bir əsrə qədər yaşı olan Qəndab ananın səsi əslində onun torpaq, vətən sevgisinin və  suveren Azərbaycanın səsidir. Doğrudan da siyasi fəallığı ilə çoxlarına nümunə olan bu cür insanların mövqeyi həmişə milləti ayıq-sayıq və mübariz olmağa səfərbər edib. Bir də onu fikirləşdim ki, 44 günlük savaşı qazanan qəhrəman oğullarımız  məhz  Qəndab ana kimi anaların, nənələrin övladları olub.

Sonda onu da qeyd edim ki, Qəndab Məmməd qızı Həbibbəyli AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin anasıdır.

Namiq QƏDİMOĞLU

 

 





08.02.2024    çap et  çap et