525.Az

Başqalarının yaratdığı mədəniyyət - Rəvan Cavid yazır


 

Başqalarının yaratdığı mədəniyyət - <b style="color:red"> Rəvan Cavid yazır</b>

Şəkillərdə başqaları üçün gülümsəyirik. Yazdıqlarımızı başqalarının gözlərindən oxuyuruq. Danışanda başqalarının qulaqları ilə eşidirik özümüzü. Zarafat edəndə də bizim olmayan dodaqların təbəssümünə ehtiyac duyuruq. Başqaları üçün yeyir, başqaları üçün əylənir, başqaları üçün oxuyur, başqaları üçün yaşayırıq. Bu, modern dövrün ən ağır xəstəliklərindən biridir. Qlobal dünyanın asosial canavarlarının sosial mediada hər kəsdən daha xoşbəxt görünmək istəyidir bu süniliyin adı. Xoşbəxtlik yarışına giririk özümüz istəmədən. Hər şeyimizi, maddi-mənəvi nəyimiz varsa hamısını başqalarından daha xoşbəxt görünmək üçün xərcləyirik. Ağlamağı, yas tutmağı belə bizi "bəyənənlər" və "bəyənməyənlər" üçün şəkilləndiririk. Bir sözlə, xarakterimizi başqaları üçün dəyişirik, yarım-yamalaq vərdişlərimizə onlar üçün don geyindiririk. Başqalarına bənzəmək və ya başqalarından daha yaxşı görünmək həm də mədəni bir modelin tərkib hissəsiydi. Birdən-birə hörümçək toru kimi hər yana yayıldı.

İctimai qınağın "pozitiv" proyeksiyasıdır görüb-götürmək, bənzəmək, daha yaxşı təkrarlamaq. Bu mövzunu məişətdən, sosial şəbəkələrdən, günlük həyatımızdan götürüb mədəniyyət müstəvisində təhlil etsək, çox fərqli nəticələrlə qarşılaşacağıq.

Dostoyevski gündəliyində dostu Jorj Sandın vəfatı ilə bağlı xatirələrində yazırdı ki, I Napoleon inqilabından sonra Fransa cəmiyyəti müsbət irəliləyişə nail olmadı, ancaq xalq həmişə inqilaba hazır olan, bütövləşməyə və böyüməyə can atan xarakter yaratdı. O inqilabın nəticəsi kimi meydana çıxan burjuaziya dvoryanlardan daha betər idi. Dəyişən sadəcə adlar və statuslar oldu. Eyni dəyişiklik Avropanın bütün mədəni xalqlarında yaşandı və keçdi. Məhz bu inqilabların nəticəsi idi ki, iki əsr dünyanın mədəni mərkəzi Paris olmuşdu. Günümüzdə nə qədər öz mədəni mərkəzçilik funksiyasını itirsə də, hələ də sənət cameəsi üçün önəmli ölkələrdən biridir Fransa. Eləcə də İtaliya, eləcə də Almaniya. Dostoyevskidə böyük izlər buraxmış, həmişə ilhamlandığını etiraf etdiyi Şiller almanlardan çox rusların mədəni yüksəlişinə təsir etmişdi. Hötenin "Artıq əsərlərimi alman dilində oxumaq istəmirəm..." deməsi dünya ədəbiyyatına təsirsiz ötüşməmişdi. Şərqdən ilhamlanan Höte bu gün Şərq üçün əsas istinad mənbəyidir. Tarix daşların yerini dəyişsə də, millətlərin xislətini və xarakterlərini dəyişmir. Almanlar da, almanlardan təsirlənən ruslar da bir gün dünya xalqlarının mədəniyyətini öz mədəniyyətlərinə qoşub mərkəzdə dayanaraq vahid sistem yaratmaq istəyirdilər. Ötən əsrdə ruslar bunu müəyyən mənada bacardı. Almanların dünya ədəbiyyatı arzusu isə bu gün də aktualdı və dünya xalqları bu anlayışı çoxluqla qəbul edir.

Tarixin aksial dövründəki mifik düşüncə yunanların, yəhudilərin, hindlilərin və çinlilərin əsas qütblər olduğunu göstərdi. Bu dövrdən sonra isə bəşəriyyətin elmə, bilgiyə söykənəcəyi mərhələ gəlirdi. Dörd qütbdən biri Qərbi, üçü isə Şərqi təmsil edirdi. Yunanıstanda mitos və logos arasındakı mübarizədə logos qalib oldu, din və mif fəlsəfə qarşısında tənəzzül etdi. Hətta yunanların öz tanrılarını fəlsəfə ilə izah etməsi, İlk Səbəb anlayışının meydana çıxması sonuncu səmavi din olan İslama təsir etdi. Karen Armstronq Ərəbistan yarımadasında Aristotel, Sokrat, Ploton kimi yunan mütəfəkkirlərinin tərcümə olunmasından sonra övliyaların müqəddəs mətnlərdə bəzi çıxarışlar etdiyini yazır. Quranın özündən əvvəlki dini kitablara nisbətən daha çox elmə, məntiqə dayanan kitab olmasının bir və birinci səbəblərindəndi bu. Əlbəttə, Qərbin bu qədər özünü aşmasında sorğulamaq məntiqinin təsiri var idi. Yunanlar kimi bu gün mədəni inqilabın beşiyi sayılan Avropa ölkələri də nəinki özündən əvvəlkiləri, hətta dövrlərində yaşayan yüksək təbəqəni sorğulamaqda inadçı idilər. Nitsşe almanları dünyanın ən barbar milləti adlandırırdı. Almanlar isə sonrakı dövrlərdə ədəbiyyata, incəsənətə ən çox fayda verən millətlərdən oldu.

Birinci Dünya müharibəsi dövründə Sürixdə bir qrup alman sənətçi müharibəyə və ənənəvi sənət cameəsinə qarşı yeni hərəkat başlatdı. Bu hərəkatın adı dadaizm idi. Günümüzdə çox istifadə olunan montaj, kollaj, fləşbək kimi üsullar məhz həmin cərəyanın nümunələridir. Dadaistlər Avropanın ən önəmli şəhərlərində tanınmaqla yanaşı, Amerikada, Nyu-Yorkda da hərəkat yarada bilmişdilər. Müharibədən öncəki Avropanın bütün dəyərlərini yenidən yaratmaq üçün bir araya gəlmiş dadaistlər inkar etdikləri dəyərlər yerində daha çağdaş və gələcəyə daha sürətli gətirən yeni dəyərlər yaratdılar. Dadaistlərin və ümumiyyətlə, o dövrdə Almaniya, Fransa, İtaliyada yaranan sənət cərəyanlarının ən böyük uğuru inkarçılıq və imtina idi.

Göründüyü kimi, bugünkü sosial xəstəlikləri bizə urcah eləmiş Qərb mədəniyyəti, onun sütunları üzərində qurulmuş Amerika modeli özü də daim fərqli mədəniyyətlərdən görüb-götürüb. Bəzən imtina, bəzən mühakimə onu günümüzün hegemonuna çevirib.

Əgər başqaları üçün dəyişmək, fərqli donları geyinmək günümüzün əsas qayəsinə çevirilibsə, bu dezavantajı öz xeyrimizə istifadə etmək çətin olmamalıdır. Unutmaq olmaz ki, hər bir mədəniyyətin mənfi tərəfləri həm də onun yaxşı bucaqlarını görmək üçün bizə pəncərə açır. Sosial medianın həyatımıza bu qədər yaxından təması, bizə hökm verəcək qədər iqtidarda olması, bəlkə yeni dünyanın mədəniyyətinə daha tez uyğunlaşmağımıza kömək etməliydi. Biz isə təəssüf ki, həmin mədəniyyətin sadəcə işıqlarına, rənglərinə, reklamlarına aldandıq. Yeni dünyanın fraqmanı ilə kifayətləndik.

Tarix periodları sevir. Vaxtilə mədəniyyəti şərqin qapılarından, yəni bu coğrafiyadan öz qədim dünyalarına aparan avropalılar bu gün həmin mədəniyyəti deformasiya edib geri qaytarırlar. Bizim missiyamız təklif olunanın kökünə baxmaqdır. Çünki o mədəniyyətin həm yaxşı, həm pis tərəflərinin kökü bizdədir, özümüzdə.

 

 





12.02.2024    çap et  çap et