525.Az

Sənət hər yerdə sənətdir -  salonda da, küçədə də...


 

Sənət hər yerdə sənətdir -  salonda da, küçədə də...<b style="color:red"></b>

Küçə sənəti ötən əsrin 60-cı illərində ABŞ-nin Filadelfiya şəhərində yaranıb. Əvvəl-əvvəl dırnaqarası yanaşılan küçə sənəti bir çox məşhur sənətçinin qəlbini fəth etməyi bacarıb. Qeyd edək ki, bu gün bəzi küçə sənətləri milyonlarla dollar dəyərində qiymətləndirilir. Müəyyən dövr keçsə də, hələ də heç bir Qərbi Avropa ölkəsində bu sənət isti münasibətlə qarşılanmayıb.

Küçə sənəti ötən əsrin 80-ci illərdə populyarlaşmağa başlayıb və yavaş- yavaş incəsənət cərəyanlarından biri kimi tanınıb. Bu sənətin ən gözəl tərəflərindən biri də odur ki,  rəssamlar yararsız tikililəri, binaları  şəhərin yeni mədəniyyət mərkəzlərinə çevirirlər. Dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Hər bir şəhərin tutqun, boz, ya da parlaq və orijinal bir təsviri olur. Küçə sənəti ilə məşğul olan bir çox rəssamlar evləri, qarajları və digər obyektləri görmək istədikləri kimi təsvir edirlər.

Küçə sənətinin müzakirələrə səbəb olan formalarından biri ABŞ-da yük qatarlarına çəkilən qraffitidir. Bu cərəyan sonralar siyasi ideyaları yaymaq və müxtəlif qruplarlaşmaların əraziləri qorumaq yolu kimi inkişaf edib. Qraffiti bəzi insanlar tərəfindən vandalizm şəkli adlandırılaraq sevilməsə də, divarlara çəkilən rəsmlərin görünüşü, dolğunluğu, mahiyyəti bu düşüncəni aradan qaldırmağa kifayət edir. Artıq dünyanın hər yerində olduğu kimi ölkəmizdə də sevilərək çəkilən qraffitilər boz divarları rəngləndirir. Paytaxtımızın küçələrində divarlara çəkilən heyrətamiz və bir o qədər də maraq doğuran rəsmlərə hər birimiz rast gəlmişik.

Həmin əsərlərdən bir çoxunun müəllifi olan rəssam Vüsalə Ağarazıyeva "525"ə açıqlamasında bildirir ki, sərgi salonlarından fərqli olaraq küçə sənətini seyr edənlər adi vətəndaşlardır. Rəssamın sözlərinə görə, ümumiyyətlə küçə sənəti  incəsənətin azad və yenilikləri tədbiq imkanı verən, həmçinin şəhərin koloritini və gözəlliyini zənginləşdirən bir formasıdır: "Ölkəmizdə bütün sahələrdə müəyyən inkişaf müşahidə olunur. Bu tendensiya incəsənətdə də öz əksini tapıb. Şəhərimizin mərkəzində binalar üzərində monumental rəsmlər və "street art"ın digər nümünələri artıq mövcuddur. Bakının ən birinci divar üzrə monumental rəsminin (İçərişəhər, Bəylər məscidinin yanı) müəllifiyəm. Bu incəsənət növü yoldan keçən, işə tələsən, fikirli olan, yorulan, özünün axtarışında olan və s. insanları həm sevindirir, həm düşündürür, həm də öyrəşdiyi mühitə rəng qatır. Küçə sənətinin inkişafını, bir qədər öyrəşdiyimiz rəsm stereotipindən kənar olan işlərin daha da çox olmasını arzulayıram.

Qeyd edim ki, "street art" sənətinin müxtəlif formaları və yolları var.  Şəhərin incəsənət baxımından gözəl və maarifləndirici olmasının tərəfdarıyam. Dünyada divar üzrə böyük monumental işlərin müəllifləri bütün eskizlərini müfaviq qurumlarla təsdiq edir, mən də həmçinin... Bu vaxta qədər əksər təkliflərim təsdiq olunub və lazımi şərait yaradılıb.

2017-ci ildə ilk dəfə dövlət tərəfindən divar üzrə rəsm etmək təklifi alanda özümü sınamaq  qərarına gəldim. Təqdim etdiyim işlər tenderdə qalib oldu. Mənim üçün bu, bir yenilik idi. Özümü sınadım və məlum oldu ki, bu işin öhdəsindən uğurla gəlirəm. Ən əsası, çalışdığım zaman keçirdiyim hisslər və qazandığım təcrübə məni bir rəssam kimi xoşbəxt etdi".

Azərbaycanda bu sənətin inkişafı və püxtələşməsi naminə 2013-cü ildə "Qum heykəltaraşlığı və qraffiti üzrə açıq festival" keçiriləndə bir çox istedadlı gənc rəssam və heykəltaraş üzə kəşf olundu.

Qeyd edək ki, küçə sənətçiləri yaradıcı insanların toplaşdığı ictimai təşkilatlarda görüşür, təcrübə mübadiləsi üçün  seminarlar, ustad dərsləri təşkil edirlər. Bununla belə, küçə sənəti layihələri üzərində işləyənlər arasında musiqiçilər də yer alır. Son illərdə paytaxtımızda küçə ifaçılarının da sayının artdığını müşahidə edirik. Hətta ötən il Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" gənclər hərəkatının təşkilatçılığı ilə Bakıda "Küçə musiqiçiləri gecəsi" də təşkil olunub. Bəzi ölkələrin mərkəzi şəhərlərində sərbəst fəaliyyətlə məşğul olan küçə musiqiçilərinə, demək olar ki, addımbaşı rast gəlmək olar.

Bu gün İrlandiyanın paytaxtı Dublin dünyada küçə musiqisinin inkişaf etdiyi ən məhşur şəhər kimi tanınır. Dublinə turist axının gücləndirən əsas səbəblərdən biri məhz küçə musiqisidir.

Mütəxəssislərin sözlərinə görə, əvvələr ölkəmizdə küçə musiqisi ilə məşğul olanlara polis müdaxilələri çox olurdu, lakin son vaxtlar bununla bağlı ciddi problem yaşanmır. Küçə ifaçılığı ilə məşğul olmaq istəyənlər müəyyən qurumlardan lisenziya alandan sonra öz ifalarını maneəsiz nümayiş etdirə bilirlər.

Turizm Agentliyindən "525"ə bildirilib ki, Azərbaycanda küçə sənətçiliyini inkişaf etdirmək məqsədilə bu fəaliyyətlə məşğul olan şəxslərə müraciətlər əsasında Bakı-Abşeron Regional Turizm İdarəsi tərəfindən icazə vəsiqəsi verilir. Bu vəsiqələr Bakı-Abşeron Regional Turizm İdarəsinə müraciət etmiş küçə sənətçiləri arasında müsabiqə keçirilikdikdən sonra təqdim olunur. Müsabiqədə uğur qazanan şəxslərlə 3 aylıq müqavilə imzalanır və onlara müvafiq vəsiqələr təqdim edilir.

Həmçinin küçə sənətçilərinin çıxış etməsi üçün Bakı şəhərinin Nizami küçəsində 17 yer təyin olunub. Sənətçilər həmin yerlərdə təqdim olunmuş vəsiqə əsasında saat 12:00-20:00 zaman aralığında öz çıxışlarını nümayiş etdirə bilirlər. Bundan əlavə, Bakı-Abşeron Regional Turizm İdarəsi küçə sənətçilərini festival, yarmarka, xeyriyyə tədbirlərinə cəlb edir".

Təcrübə göstərir ki, əgər musiqi insanların sıx olduqları yerlərdə onları narahat edəcək bir şəkildə səslənirsə, məsələyə polis, bələdiyyə işçisi və icra nümayəndəsi müdaxilə edə bilər. Küçə musiqiçisinin uğur qazanması və insanları narahat etməməsi üçün zaman və məkandan düzgün seçilməlidir. Bu gün ölkəmizdə təkcə Bakıda yox, müxtəlif bölgələrdə, həmçinin turizm mərkəzlərində də küçə ifaçılığının nümayiş etdirildiyinin şahidi oluruq.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qəzetimizə açıqlamasında bildirir ki, küçə sənəti ölkənin modern mədəniyyətinin inkişafına təkan verən sahələrdən biri sayılır: "Əvvələr meydan sirki, meydan teatrı adı altında nümayiş olunan müxtəlif səhnələr həmişə insanların marağına səbəb olub. Müasir dövrdə bu sahə ilə daha çox gənc sənətçilər, musiqiçilər, rəssamlar məşğul olurlar. Onlar öz yaradıcılıq nümunələrini həm nümayiş edir, həm də satışını həyata keçirirlər. Azad yaradıcılıq nümunələrinin meydanlarda nümayişi və bundan gəlir qazanılması dünyanın bir çox ölkələrində mövcuddur. Xaricdən gələn turistlər küçə sənətçiləri ilə tez-tez maraqlanırlar. Ayrı-ayrılıqda fəaliyyət göstərən bu sənət sahibləri sonradan birləşərək qruplar şəklində daha böyük səhnələrdə yerlərini tuturlar".

Qeyd edək ki, küçə sənəti, ilk növbədə, sənətçinin öz istedadını və performansını göstərmək üçün ən sadə və asan üsuludur.

Havar ŞƏFİYEVA

 





12.02.2024    çap et  çap et