525.Az

Qızıldan qiymətli, ömürdən uzun içki... - Türkan Turan yazır


 

Qızıldan qiymətli, ömürdən uzun içki... - <b style="color:red"> Türkan Turan yazır</b>

Bu günlərdə Şərəfiyyə sarnıcında qatıldığım tədbirin yarıdan çoxu qəhvə gözəlləmələri ilə keçdi. Qəhvənin tarixi, Osmanlıdakı önəmi, yayılması, Avropaya necə getdiyi, gedənə qədər hansı maneələrdən keçdiyinə dair məlumatlar verildi. Əsl sürpriz isə Sebastyan Baxın məşhur "Qəhvə kantatası"sı oldu. Əsərlə tanış olub dinlədikdən sonra qəhvə gözümdə daha ciddi dəyər qazandı. Tədbirdə qəhvə haqqında xeyli danışıldı. Heç bilmədiyim faktları öyrəndim. Əslində Amerika, Avropa bu içkini o qədər mənimsəyib, elə möhkəm sahib çıxıb ki, az qala qəhvənin onların içkisi olduğuna inanmışdım. Təbii ki, bilənlər bilir, qəhvənin o diyarlara ərəb ölkəsindən getdiyini. Kəşfi haqqında da minbir əfsanə dolaşır. Ancaq ikisinin üzərində daha çox dayanırlar.

 

"Sonsuzluğun" başlanğıcı

 

Hekayələrdən biri qəhvənin IX əsrdə həbəşistanlı bir çobanın keçiləri tərəfindən kəşf edilməsidir. Rəvayətə görə, çoban bir ağacın meyvələrini yedikdən sonra keçilərin daha aktiv hərəkət etdiyini görür. Onda maraq oyandıran həmin ağacın meyvəsindən özü də dadır. Eynilə keçilər kimi o da özünü daha canlı hiss etməyə başlayır. Yaşadığı qəribəliyi içində saxlaya bilmir və yerli monastırlardan birinə qaçıb vəziyyəti keşişlərə nəql edir. Keşişlər meyvənin dadına baxır və bəyənmədikləri üçün ağız büzüb yanan ocağa atırlar. Çünki çobanın gətirdiyi meyvənin dadı onlara həddən artıq acı gəlir. Fəqət, meyvələr ocaqda yanıb qovrularkən ətrafa möhtəşəm qoxu yayılır. Bu dəfə baş rahib qovrulan meyvəni kül olmaması üçün suya atır. Qabda qəribə məhlul və qoxu yaranır. Keşişlər içirlər və dadı çox bəyənirlər. İçdikləri içkinin onların bütün gecə oyaq qalmaqlarına və beləcə gecə boyu birlikdə dua etmələrinə kömək olduğunu kəşf edirlər. İçkini aşkarlandığı bölgənin adına uyğun olaraq "Qahveh" adlandırmağa başlayırlar. Şöhrəti tezliklə Efiyopiyaya yayılan qəhvə qısa vaxtda bütün Ərəb yarımadasını bürüyür.

Qəhvənin digər hekayəsi isə çobanın rəvayəti ilə bənzərdir. Əfsanəyə görə, 1200-cü illərdə Efiopiyada yaşayan bir dərviş doğulduğu torpaqlardan uzaqlara sürgün edilir. Dərviş ac-yalavac yolun ağına düşür. Yolboyu nə su çıxır qarşısına, nə bir tikə çörək alacağı yer. Çarəsizlik içində yeridiyi anda qarşısına böyük, yaşıl yarpaqlı, üstü qırmızı meyvələrlə dolu bir ağac çıxır. Dərviş meyvələrdən yeməyə, yığıb cibinə doldurmağa başlayır. Aradan qısa vaxt keçir, dostları dərvişdən nigaran qalıb arxasınca gedirlər. Yolda onu halsız və xəstə vəziyyətdə tapırlar. Yanlarında sadəcə su qalmış olur, dərvişin cibindəki qurumuş meyvələri atıb suya ocaqda qaynadırlar, əldə etdikləri məhlulu xəstəyə içirirlər. Dərviş canlanır. Özləri də içəndə dadından zövq alırlar. Qəhvə dənələri həmin gündən "sehrli meyvə" adı ilə dildən-dilə düşür. Bu rəvayətlərdən hansı doğrudur, bəlli deyil. Amma hər iki hekayənin sonunda qəhvənin şöhrəti bütün coğrafiyaya yayılır.

 

Osmanlı dönəmində qəhvə

 

Kəşf edildikdən sonra qəhvə ərəblərin vazkeçilməz içkisinə çevrilir. Hətta XV əsrdən sonra Yəməndə qəhvə yetişdirməyə başlanılır. Osmanlı imperatorluğunun yeni əraziləri işğalı ilə birlikdə osmanlılar da qəhvə ilə tanış olurlar. Həmin dönəmlər Yəmənə vali təyin edilən Özdəmir Paşa qəhvəni Osmanlı padşahına daddırır və tezliklə qəhvə sarayın ən önəmli içkilərindən birinə çevrilir. Sarayda qırx nəfərlik usta heyəti tərəfindən qəhvə bişirilməsinə başlanılır. Hətta qəhvəçilərə yön verənlərə "qəhvəbaşı" adlı rütbə də verilir. Bir tərəfdən də hərəmdəki cariyələrə qəhvə bişirməklə bağlı dərslər keçirilir. Əsrarəngiz içki Osmanlıda sadəcə saraylarla məhdudlaşmır, evlərdə də dəmlənməyə başlanır. Yenə eyni dönəmdə insanların toplandığı "qahvah khaneh" kimi tanınan qəhvəxanalar qurulur.

 

Şeytan icadı

 

Aradan illər keçir, qəhvə İstanbul sərhədlərini aşır və Avropaya gedib çıxır. İlk dəfə Venesiyada yayılır və tezliklə bütün İtaliyada məşhurlaşır. İlk illər elə də maraqla qarşılanmır. Hətta venesiyalı rahiblər tərəfindən bu içki "şeytan icadı" adlandırılır və istifadəsinin qadağan olunması üçün əllərindən gələni edirlər. Fəqət Papa tərəfindən dəstəklənməsi qəhvə üzərindəki qara buludları dağıdır. Beləcə, qəhvə bu günlərə gəlib çıxmaq üçün bu qədər maneələrdən keçməli olur.

Bu içkini ilk dəfə İngiltərəyə gətirən də türk olur. Bir məşəqqət də bu ölkədə qopur. Yenə yekə-yekə alimlər, din xadimləri, həkimlər yığışıb qəhvəni gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar. Ancaq iş işdən keçmişdi, çünki universitet tələbələri və müəllimləri qəhvəni çoxdan bəyənib "Oxford qəhvə klubu" qurmuşdular. Yenə eyni dönəmdə "Angel" adlı ilk qəhvəxana da açmışdılar.

Tezliklə, Londonda yunan əsilli Pasqua Rosse tərəfindən ilk qəhvəxana qurulur və burada türk qəhvəsi dəmləməyə başlayırlar. Zaman keçdikcə artan qəhvəxanalarda şairlər, yazarlar, sənətçilər, siyasətçilər görüşlər təyin etməyə başlayırlar. Uzun söhbətlər olur həmin görüş əsnasında. Və qəhvəxanalara girişi pullu edirlər. Dolayısıyla, təslim olurlar.

Bütün maneələrə rəğmən, qəhvəyə maraq dayanmadan artır və sadəcə Ərəb yarımadasında istehsal edilən qəhvə bu tələblər qarşısında yetərsiz qalır. Nəticədə bitkinin fərqli ölkələrdə yetişdirilməsinə başlanılır. Prosesə ilk olaraq Niderland qoşulur. Eyni toxum Hindistana da aparılır, ancaq orada tutmur. Ardınca İndoneziyadakı Java adasına əvvəlcə "liberika", sonra da "robusta" qəhvə toxumları əkilir və böyük uğura imza atılır. Hətta Java adasındakı qəhvə fidanlarından biri Fransa kralı XIV Luisə hədiyyə edilir, kral onu "Jardin des Plantes" baxçasına əkdirir. Tək bu ağacdan tutulan toxum sayəsində yarım əsrdə milyonlarla qəhvə ağacı yetişdirirlər. Beləliklə, Avropa qəhvə kültürnün yeni mərkəzinə çevrilir.

 

Çaydan əl çəkməyən  Amerikanın aqibəti

 

Qəhvənin tarixi Avropa və Orta Şərq ölkələrinə görə Amerikada daha gec başlayır. 1600-cü illərdə eynən Avropada olduğu kimi Amerikada da qəhvə evlərinin sayı nə qədər çoxalmış olsa da, həmin dönəmdə çay bu ölkənin ən populyar içkisi olmaqda davam edirdi. 1773-cü ildə qəhvənin tarixində dönüş nöqtəsi yaşanır və xalq Kral III George tərəfindən çaya qoyulan vergilərə etiraz edir. O dönəmdə İngiltərənin müstəmləkəsi olan Boston Limanına üç gəmi dolusu qəhvə atılır. Bundan sonra qəhvə bir daha çıxmamaq üzrə amerikalıların həyatına daxil olur.

 

Bütün maneələri aşan içki

 

Bu günə gəldikdə isə qəhvə insanların həyatında böyük rol oynayır. Hətta deyərdim ki, bütün dünyanın ortaq içkisidir. Bəzi qəhvəxanalarda çay, ümumiyyətlə, olmur, amma çayxanalarda hər zaman qəhvə tapmaq mümkündür. Bu isə qəhvənin necə önəmli olduğunu bir daha sübut edir. Hətta bu da sirr deyil ki, qəhvə populyarlığına və yayılmasına görə neftdən sonra ikinci məhsuldur.

Qəhvənin keçdiyi yola nəzər yetirəndə düşünürsən ki, hətta bitki belə olsan, bir nöqtədən bəlli bir yerə gəlmək üçün gör nə qədər savaş verməlisən, nə qədər mübarizə aparmalısan, nələrə sinə gərməlisən. İstər dini, istər elmi baxımdan nələrin qarşısında dayanmalısan ki, yox olmayasan. Məsələn, qəhvənin ilk qadağan edildiyi yerlərdən biri Məkkə olub. Səbəb də bilirsiniz nə olub? Qəhvənin insan bədənini oyandırması, ona enerji və ehtiras gətirməsi.

Məkkədəki qadağaların digər səbəbi qəhvəxanaların çoxalması ilə birlikdə insanların küçələrdə çox vaxt keçirmələri və düşüncə gücünün oyanmasına dair inanclar idi. Yuxarıda qeyd etdiyimiz kimi, bir zamanlar Avropada da qadağan edilmişdi. Özü də "şeytan icadı" adı ilə. Osmanlı dönəmində də eyni aqibətlə üzləşmişdi. Baxmayaraq ki, bu içkinin yayılmasında türklərin çox böyük rolu olub. IV Murad hakimiyyətdə olduğu dönəmdə qəhvə içməyi qadağan etmişdi. Kim qəhvə ilə yaxalansa, birinci dəfə döyülməklə cəazlandırılırdı, ikinci dəfə yaxalananlar isə bir kisəyə salınaraq boğazın dərin sularına atılırmışılar. Bilirsiniz, həmin sularda nə qədər insanlar ölüblər? Sırf qəhvə içdilər deyə... Həyat həqiqətən də qəribədir. Bəlkə də, bu qəribəliklərin içində ən yaxşısı bir fincan qəhvə içə-içə olanları seyr etməkdir.

 





12.02.2024    çap et  çap et