525.Az

2024 seçkiləri: ABŞ-Texas münaqişəsi - Məhəmməd Tağıyev yazır


 

2024 seçkiləri: ABŞ-Texas münaqişəsi - <b style="color:red">Məhəmməd Tağıyev yazır</b>

Dünyada idarəetmə sisteminin bir-birinə bənzədiyi ölkələr az deyil. Amma coğrafiyadan asılı olmayaraq, liderini, təmsilçisini, hökumətini, idarəetmə orqanlarını və s. fərqli üsullarla seçən ölkələr daha çoxdur. Buna ən yaxşı örnəklərdən biri Amerika Birləşmiş Ştatlarının seçki sistemidir.

ABŞ-də seçkilər 1792-ci ildən başlayaraq prezident və vitse-prezidenti seçmək üçün hər dörd ildən bir keçirilir. Seçicilər əslində prezidenti və vitse-prezidenti birbaşa seçmirlər. Hər bir ştatdan olan səs vermə hüququ olanlar Seçicilər Şurası adlanan qurultayda öz ştatlarını təmsil edəcək üzvləri müəyyənləşdirirlər. Bundan sonra şura prezidenti və vitse-prezidenti seçir. Hər bir ştatın seçki kollegiyasındakı üzvlərin sayı həmin ştatın Senatı və Nümayəndələr Palatasının üzvlərinin cəminə bərabərdir. Puerto Riko, Quam və Amerika Samoası kimi ABŞ-dən asılı olan ərazilərin sakinləri səsvermə hüququna malik deyillər və buna görə seçki kollegiyasına üzv göndərə bilməzlər.

Bundan əlavə, bir ştatda qüvvədə olan qanun digər ştatda keçərli olmaya bilər. Yəni, hər ştat ayrı bir kiçik dövlətdir və fərqli qanunları var. Bu faktın özünü ən yaxşı göstərdiyi məqam isə hazırda davam edən federal hökumət və Texas ştatı arasındakı münaqişədir.

Əhalisinə görə Kaliforniyadan sonra ən sıx ikinci ştat olan Texas ABŞ iqtisadiyyatında əhəmiyyətli yer tutur. Paytaxtı Ostin olan bu ştatın qubernatoru son zamanlar Meksika ilə sərhəddə baş verən hadisələrdə adı tez-tez hallanan Qreq Abbottdur.

Son günlər qeyri-qanuni immiqrasiyaya nəzarətlə bağlı federal və ştat hökumətləri arasında sərhəddə qeyri-adi böhran yaşanır. Uzun müddətdən sonra ilk dəfə bir əyalət qubernatoru federal hökumətin səlahiyyətinə təkcə sözlə deyil, güclə meydan oxuyur. Belə ki, bir müddət əvvəl Texas Milli Qvardiyası Abbottun göstərişi ilə ABŞ Sərhəd Patrulunun ABŞ-Meksika sərhədinin bir hissəsinə girişini əngəlləmişdi. Abbott buna səbəb kimi qeyri-qanuni miqrasiyanın intensiv şəkildə baş verdiyi Rio-Qrande çayı boyunca regionda sərhədin yeni naqillər və müxtəlif digər infrastrukturlarla gücləndirilməsini göstərib. Bayden administrasiyası isə bunun təhlükəli olduğunu və çətin vəziyyətdə olan immiqrantlara yardımın qarşısının alındığını iddia edir. Ali Məhkəmə Sərhəd Patruluna əraziyə getməyi, hasarları və digər maneələri götürməyi əmr etmiş, lakin onların əraziyə daxil olmasına icazə verilməmişdi. Beləliklə, Texas Milli Qvardiyası iqtidar Bayden administrasiyasına və məhkəmə qərarına qarşı çıxmışdı.

ABŞ-nin Respublikaçı ştatları Bayden administrasiyasının ölkəyə qeyri-qanuni keçidlərin qarşısını almaq üçün kifayət qədər iş görmədiyini bildirərək, öz tədbirlərini gördüklərini bəyan edirlər. Bayden administrasiyası isə federal hökumətin immiqrasiyanı tənzimləmək üçün konstitusiya hüququna malik olduğunu iddia və bu tədbirlərin immiqrantların həyatını təhlükə altına atdığını müdafiə edir. Demokratlar da Baydeni Texasla bağlı daha sərt mövqe tutmağa çağırır.

Təbii ki, bu amillər Bayden üçün qarşıdan gələn seçkilərdə özünü mənfi şəkildə büruzə verəcək. Axır vaxtlar daha çox tənqid olunan Baydenə inam getdikcə azalır. Havayda baş verən meşə yanğınları zamanı prezidentin  çimərlikdə istirahət etməsi buna səbəblərdən sadəcə biridir. Yeri gəlmişkən, Bayden ABŞ mətbuatında Altsheymer xəstəsi kimi qələmə verilib. Hər nə qədər də Demokratlar onun seçilməsinə mane olmağa çalışsa da, bu hadisələr ən çox əsas rəqib Donald Trampın işinə yarayır. Trampın ən cəlbedici vədləri isə seçiləcəyi təqdirdə sərhəd mühafizəsini gücləndirəcəyi və Putinlə danışıb Ukrayna-Rusiya münaqişəsinə son qoyacağıdır. Nəinki bütün ABŞ əhalisi, dünyanın gözü noyabrın 5-də keçiriləcək seçkilərdədir. Seçiləcək iki böyük namizədin gələcəkdə aparacağı siyasət və planları bəzilərinə müsbət, digərlərinə isə mənfi təsir göstərəcək. Onu da xatırladaq ki, 60-cı prezident seçkiləri iki şəxsdən birinin son prezidentlik dövrü olacaq.

 





12.02.2024    çap et  çap et