525.Az

Qərb Ermənistanı müharibəyə hazırlayır


 

HƏRBİ EKSPERT ELXAN ŞIXƏLİYEV: "ONLAR HƏRBİ-TEXNİKİ AVADANLIĞI ERMƏNİSTANA HƏDİYYƏ OLARAQ VERMİRLƏR"

Qərb Ermənistanı müharibəyə hazırlayır<b style="color:red"></b>

Qərb xeyli müddətdir ki, Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Bununla da regionda sülh, sabitlik üçün yaranmış imkanları məhv edir. Bu planın başında isə Fransa dayanır. Son günlər cərəyan edən hadisələrin xronologiyasına nəzər saldıqda, Qərbin regiona hesablanan təhlükəli oyunlarını açıq şəkildə görmək mümkündür. Öz pozucu planlarını, müharibə hazırlıqlarını ört-basdır etməyə çalışan Qərb Azərbaycanın guya Ermənistana qarşı müharibəyə başlayacağı ilə bağlı bir müddətdir ki, heç bir əsası olmayan informasiyaları gündəmə gətirir. Qərb mediasında genişlənən antiazərbaycan isterikası, ölkəmiz əleyhinə yalan məlumatların dərci də məhz buna xidmət edir. Yəni Qərb gələcək erməni təxribatları üçün indidən informasiya fonu yaradır. Görünən odur ki, ictimai rəyi planlaşdırdıqları məkrli plana hazırlamaq üçün "Ermənistana təhdid olan Azərbaycan" təbliğatını genişləndirirlər. Bununla həm də bir müddət əvvəl mediada Fransanın Ermənistanı "ildırımsürətli  müharibəyə" hazırlaması haqda yayılan xəbərlərin hədəfi də bəlli olur. Ermənistan xarici havadarlarının dəstəyi ilə qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirir, danışıqlar prosesində əlini gücləndirilir.

Göründüyü kimi, Ermənistanı müharibəyə hazırlayan Qərb müxtəlif istiqamətlərdə antiazərbaycan təbliğatı aparır, İrəvanı silahlandırır, eyni zamanda Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək yönündə fəaliyyət göstərir. Baş nazir Nikol Paşinyan bu günlərdə Parisə səfəri zamanı Makron onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşdürüb. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı "barışdırmağa" çalışır. Paşinyanın səfər zamanı Makrondan yeni tapşırıqlar alması da sirr deyil. Onun səfərindən qısa müddət sonra Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvana gəldi. Lekornu Ermənistana səfər edən Fransanın ilk müdafiə naziridir. Hər iki səfər regionda gərginliyə səbəb olacaq açıqlamalar və davranışlarla yada qaldı. Fransanın Ermənistanı silahlandırması bölgədə sabitliyə, sülh gündəliyinin irəliləməsinə ciddi təhdid yaradır. Belə ki, Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Ermənistana tədarük edilir. Eyni zamanda, fransız hərbçilər Ermənistanın piyada və dağ-atıcı bölmələrinə təlimlər keçirlər. Bundan başqa, Fransanın Vahid Xarici Siyasi və Hərbi Kəşfiyyat Xidməti (Direction generale de la Securite exterieure, DGSE) ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq anlaşması imzalanıb. Anlaşma Paris və İrəvan arasında 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə barədə kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur. Həmçinin, Fransa Ermənistan sərhədləri boyunca hərbi-siyasi vəziyyət barədə peyklər vasitəsilə alınmış məlumatları İrəvana verəcək.

Digər məsələ isə Avropa İttifaqının  Ermənistandakı Müşahidə-Monitorinq Missiyasıdır ki, (EUMA) onların da fəaliyyəti heç də elan etdikləri vəzifələri ilə üst-üstə düşmür. Belə ki, bu missiya əsasən Fransanın tapşırıqlarını yerinə yetirir, antiazərbaycan fəaliyyəti göstərir, Azərbaycan haqda kəşfiyyat məlumatları toplayır. Bu günlərdə fransız generalın Azərbaycanla sərhədə gəlməsi, casusların əraziyə göndərilməsi və "binokl diplomatiyası" dediklərimizi sübut edir.

Məlumdur ki, ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ölkəmizin ərazisindəki Ermənistanın qanunsuz  silahlı qüvvələrinin və separatçıların mövcudlığuna son qoyuldu. Bundan sonra Ermənistanla şərti dövlət sərhədində 5 aya yaxın idi ki, sabitlik hökm sürürdü. Lakin Ermənistanı müharibəyə təhrik edən qüvvələr bu sakitlikdən narahat olaraq, vəziyyəti yenidən gərginləşdirdilər. Bu il fevralın 12-də Zəngilan istiqamətindəki mövqelərimiz atəşə tutuldu və hərbçimiz snayperlə vuruldu. Daha sonra şərti sərhəddə atəşkəs davamlı pozulmağa başladı, Naxçıvan istiqamətində təxribatlara əl atıldı. Məqsəd əlbəttə ki, vəziyyəti gərginləşdirib və Azərbaycanı günahlandırmaqdır. Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində snayper atəşinin açıldığı erməni mövqeyi və Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqının 4 silahlısı məhv edildi.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın təxribatları ilə bağlı son bəyanatında qeyd edilib ki, Ermənistanın Müdafiə Nazirliyi özünün törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib. MN bəyan edib ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib.

Göründüyü kimi, Azərbaycan bu təxribatlara cavab vermir. Bakının məqsədi Ermənistanla sülh sazişinin imzalanması istiqamətində irəliləmək, qalan məsələlərin həllinə nail olmaqdır. Təəssüf ki, Ermənistan Fransanın diktəsi ilə hərəkət edir, siyasi iradə göstərmir, Qərbin regiona hesablanan pozucu planlarında alətə çevrilir.

Onu da vurğulayaq ki, Fransanın müdafiə nazirinin Ermənistana səfəri ilə Paşinyanın Rusiyanın ünvanına sərt ittihamlar səsləndirməsi və KTMT-də fəaliyyətin dondurulduğunu bəyan etməsi eyni vaxtda olması heç də təsadüfi deyil. Bu, qurulmuş bir plandır. Qərb Ermənistanın vasitəsilə həm Cənubi Qafqazda gərginlik yaratmağa çalışır, həm də Rusiyaya qarşı yeni cəbhə açmaq istəyir.

Hərbi ekspert Elxan Şıxəliyev mövzunu "525"ə şərhində deyib ki, Qərbin Ermənistanı silahlandırmasında bir neçə niyyəti var: "Birincisi budur ki, biz 44 günlük Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrini elə vəziyyətə gətirdik ki, onların hərbi texnikasının 60-70 faizi sıradan çıxarıldı və hərbi qənimət olaraq Azərbaycana gətirildi. İndi bir boşluq yaranıb və Ermənistan bu boşluğu doldurmaq istəyir. Digər ölkələr, o cümlədən, Fransa boşluğu doldurmaq üçün yaranmış fürsətdən istifadə etmək istəyir. Onlar hərbi-texniki avadanlığı Ermənistana hədiyyə olaraq vermirlər. Burda maliyyə vəsaitinin, dividentlərin əldə edilməsi məqsədi var. Xüsusilə, Fransanın silah koorporasiyaları, şirkətləri bu dividentləri əldə edəcəklər. İkinci məqsəd budur ki, Fransa Ermənistanın əli ilə Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Hazırda Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. Onlar bundan istifadə edərək Ukrayna üzərindən Rusiyanı sanksiyaların və müharibənin nəticəsi olaraq hərbi və siyasi güc kimi sıfırlamaq istəyirdilər. Bu alınmadığı üçün Rusiyaya qarşı Ermənistan üzərindən ikinci cəbhəni açmağa çalışacaqlar. Çünki Ermənistanda hələ Rusiyanın hərbi gücü mövcuddur. 102-ci baza ordadır. Federal Sərhəd Xidməti də Ermənistanın Türkiyə, İran və bizimlə şərti sərhədin bir istiqamətindədir. Ona görə də sahədə toqquşma qaçılmazdır. Çünki Ermənistanın Rusiyaya qarşı demarşı, eyni zamanda KTMT-də əməkdaşlığını dondurmasını, artıq Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin edəcək ölkə olmadığını bəyan etməsi müharibə ritorikasıdır. İnformasiya cəbhəsində də Rusiya ilə Ermənistan arasında müharibə gedir. Qalıb bunun sahəyə gətirilməsi. Sahəyə gətirlməsinə də Fransa tələsdirəcək. İndi mümkün hərbi texniki avadanlıqla Ermənistanı təmin edib, onu cəsarətləndirəcəklər".

Hərbi ekspert hesab edir ki, bu, iki istiqamətdə Rusiya və Azərbaycana qarşı aparılacaq: "Digər planlar da var. Bu iki istiqamət ona hədəflənib ki, ya Azərbaycanla Ermənistan müharibə vəziyyətinə gətirilsin, ya da Ermənistan Rusiya ilə müharibə vəziyyətinə gətirilsin. İstənilən halda, Rusiya bu müharibənin içində olsun və ikinci cəbhə olaraq gücünü iki istiqamətdə - Ukrayna və Ermənistanda sərf etmiş olsun. Bu səbəbdən indi Ermənistanı elə vəziyyətə gətirmək istəyirlər ki, İrəvanda cəsarətlənmə yaransın ki, Azərbaycanla müharibə etmək imkanının olduğuna inansın. Bundan sonra şərti sərhəddə iki istiqamətdə təxribatlar törətsinlər. Burda söhbət həm Azərbaycanla şərti sərhəddən, həm də Federal Sərhəd Xidmətinin və yaxud 102-ci bazanın hərbçilərinə qarşı təxribatlardan gedir. Ardınca isə kiçik çaplı lokal provokasiyalar, diversiya xarakterli əməliyyatlar və yaxud atəşkəsin pozulması hallarını böyük çaplı əməliyyata çevirsinlər. Vəziyyəti nəzarətdən çıxararaq Rusiya-Ukrayna, İsrail-HAMAS müharibəsi kimi yeni müharibə ocağı yaratsınlar. Təbii ki, bütün bunlar Cənubi Qafqazda təhlükə yaradacaq, çünki  Zəngəzur dəhlizi üzərində yeni bir logistika, strateji yol açılmalıdır ki, Avropa üçün digər türk dövlətlərinin üzərindən birləşdirici bir kommunikasiya olsun. Onun olmaması üçün də Fransanın planları sahədədir. Çoxvektorlu, qarışıq niyyətli bir planı var".

E.Şıxəliyev deyib ki, Ermənistanı dəstəkləyən Fransa və digər Qərbyönümlü qüvvələrdir və bu səbəbdən də biz hələ Cənubi Qafqazda mümkün eskalasiyanı müşahidə edəcəyik.

 

 





29.02.2024    çap et  çap et