525.Az

Metsamor AES - regionu və dünyanı hədələyən ekoloji və humanitar təhlükə


 

Metsamor AES - regionu və dünyanı hədələyən ekoloji və humanitar təhlükə<b style="color:red"></b>

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Nüvə Enerjisi Sammitinin rəhbərliyinə Metsamor Atom Elektrik Stansiyası ilə bağlı açıq məktubu aktuallığı ilə diqqət çəkən sənəd sayıla bilər. Məktubda deyilir: "Biz - Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri olaraq, Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri - Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə müraciət edərək, onları Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırırıq. Köhnə texnologiya ilə işləyən, 9.5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Metsamor Atom Elektrik Stansiyasını istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır.

Metsamor Atom Elektrik Stansiyasının maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir. Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır.

Metsamor Atom Elektrik Stansiyasının tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycanla sıx əməkdaşlığa çağırırıq.

Öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa məcbur edilə bilər. COP28-dən irəli gələn məqsədlərə çatmağı əsas istiqaməti kimi müəyyən edən Nüvə Enerjisi Sammiti bu baxımdan əlverişli platforma kimi çıxış edir. COP29-a ev sahibi edəcək Azərbaycan ictimaiyyətinin də gözləntisi budur".

Mütəxəssislərin fikrincə, 1976-cı ildən köhnəlmiş texnologiya əsasında işləyən Metsamor AES-in fəaliyyəti seysmik zonada yerləşən bir obyekt kimi ətraf mühitə və insan sağlamlığına ciddi mənfi nəticələrə səbəb ola bilər.  Metsamor AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır. AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır. Çünki Metsamor AES Türkiyə sərhədlərindən 16 km, İran sərhədlərindən 60 km, Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km məsafədə yerləşir.

Metsamor AES-in 1-ci və 2-ci nüvə reaktoru 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanmışdı, lakin Ermənistan hökuməti enerji çatışmazlığını bəhanə gətirərək 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidinə baxmayaraq, AES-in 2-ci reaktorunun fəaliyyətini bərpa edib.

Hazırda Metsamor AES istismar müddətinin bitməsinə baxmayaraq, müvafiq təhlükəsizlik normalarına riayət etmədən daha artıq güclə fəaliyyət göstərir. Bu gün köhnə sovet texnologiyası olan belə qoruyucusuz nüvə reaktorları çox az sayda qalmaqdadır. Demək olar ki, Avropa ölkələrində 50-60-cı illərdə istehsal olunan birinci nəsil reaktorların fəaliyyəti 2015-ci ilədək dayandırılmışdı. Artıq 3-cü nəsil reaktorların istifadəsinə 2018-ci ildən başlayan ölkələr sırasında Yaponiya, Çin, BƏƏ və bu köhnə texnologiyalardan istifadə etmiş Rusiya da var. Yeni nəsil reaktorlarda ekoloji səmərəli həllər, xüsusilə soyutma sistemində sudan imtina və əvəzində soyuducu reaqentlərdən istifadə, həcminin azadılması, eləcə də gücləndirilmiş texniki təhlükəsizlik standartları önəmlidir. Hazırda beynəlxalq texniki standartlara cavab verməyən Metsamor AES-in fəaliyyət müddətinin 2 dəfə uzadılması ilə yanaşı, AES-in ekoloji idarəetmə strategiyasının dəqiq məlum olmaması, qeyri-şəffaflığı ekoloji təsirləri müəyyən etməkdə də ciddi narahatlıqlar yaradır. Halbuki bu sahədə geniş beynəlxalq təcrübəyə malik olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi təşkilatlar 1986-cı il Çernobıl, 2011-ci ilin FukiSima I nüvə stansiyasında baş vermiş qəzalardan sonra nüvə təhlükəsizlik standartlarının əsas baza prinsipi kimi şəffaflığın artırılmasının zəruriliyi barədə həyəcan təbili çalmışdır. Təəssüf ki, bugünədək Metsamor AES-də AEBA missiyaları çərçivəsində aparılmış tədqiqat nəticələri, AES-in texniki status göstəriciləri, eləcə də formalaşan radioaktiv tullantıları ilə bağlı təfərrüatlar açıqlanmır və onların aqibəti barədə dəqiq məlumatlar yoxdur.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycan və Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyasının üzvləridir: "Bu Konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi yalnız dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan beynəlxalq müqavilələrin tələblərini tamamilə nəzərə almır. Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb".

"Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov qeyd edib ki, Hazırda Azərbaycanın qonşuluğunda, Ermənistan ərazisində potensial təhlükə mənbəyi olan "Metsamor" Atom Elektrik Stansiyası fəaliyyət göstərir. Azərbaycanın ictimai təşkilatları, o cümlədən, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyi olaraq biz müxtəlif beynəlxalq təşkilatlara "Metsamor"un istismar müddətinin başa çatması və bu stansiyanın fəaliyyətinin dayandırılması barədə dəfələrlə müraciətlər ünvanlamışıq: "Metsamor" Atom Elektrik Stansiyası "Çernobıl" Atom Elektrik Stansiyası kimi bölgə üçün təhlükə mənbəyidir. Bu stansiya köhnə texniki proqramlarla qurulub. Stansiyanın istismar müddəti başa çatdığından onunla bağlı rəylərdə bölgə üçün təhlükəli olması dəfələrlə öz təsdiqini tapıb. Niyə stansiyanın fəaliyyətinin dayandırılması üçün beynəlxalq aləm bir araya gəlmir? Niyə bölgədə insan haqlarının müdafiəsindən danışan beynəlxalq təşkilatlar Ermənistandakı stansiyanın fəaliyyəti ilə bağlı mövqeyini ortaya qoymur? Əgər "Metsamor"da partlayış baş verərsə, o, "Çernobıl" Atom Elektrik Stansiyasındakı hadisə kimi bəşəriyyət üçün ikinci böyük və dəhşətli bir faciə olacaq. Otuz ildir Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulur. Azərbaycana qarşı hərbi təcavüz törədən Ermənistan o vaxt olduğu kimi, hazırda da dünya ictimaiyyətini aldatmaqda davam edir və ölkəmizlə bağlı yalan məlumat və dezinformasiyalar yayır. Odur ki, beynəlxalq təşkilatlar ermənilərin yalanlarına aldanıb yanlış mövqedən çıxış etməməlidirlər. Dünya birliyi Azərbaycanın həqiqətlərini bilməli və düzgün mövqe nümayiş etdirməlidir. Beynəlxalq qurumlar isə ölkəmizə qarşı ikili standartlar tətbiq etməkdən əl çəkməlidirlər".

Qeyd edək ki, 1986-cı il aprelin 26-da Kiyev şəhəri yaxınlığındakı "Çernobıl" Atom Elektrik Stansiyasında baş vermiş partlayış bəşəriyyət üçün XX əsrin ən böyük texnogen qəzası hesab olunur. Faciədən ötən müddətdə 2500-dən çox insan səhhətində yaranan problemlər üzündən dünyasını dəyişib. O vaxt baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə 600 min nəfər, o cümlədən, 8 minə yaxın azərbaycanlı cəlb olunmuşdu.

Sevinc QARAYEVA

 





29.03.2024    çap et  çap et