525.Az

İlahiyyat İnstitutu abituriyentlər üçün məlumatlandırma tədbirlərinə başlayıb


 

İlahiyyat İnstitutu abituriyentlər üçün məlumatlandırma tədbirlərinə başlayıb<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirlərinə başlayıb.

İnstitutdan 525.az-a bildirilib ki, ilk tədbir Bakının Sabunçu rayonu üzrə məktəb direktorları, abituriyentlər və orta məktəb müəllimlərinin iştirakı ilə keçirilib. Sabunçu rayonu 187 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova çıxışında gənclərin milli-mənəvi ruhda inkişafının vacibliyinə toxunub. O, ölkəmizdə gənclərin savadlı kadr kimi hazırlanması üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəşadət Hidayətov ödənişsiz tədris həyata keçirən Azərbaycan İlahiyyat İnstitutunda təhsilin üstünlükləri və perspektivləri barədə fikirlərini bölüşüb.

İnstitutun Elm və innovasiyalar üzrə prorektoru dosent Mirniyaz Mürsəlov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O, instituta qəbul olunacaq hər bir abituriyentin dövlətin qayğısı ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Həmçinin onların yeməkpulu ilə təmin olunacaqlarını, ödənişsiz xarici dil kurslarında iştirak edəcəklərini diqqətə çatdırıb.

Rektor köməkçisi Emin Orucov isə instituta qəbul şərtlərindən danışıb. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov, həmçinin xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında məlumat verib.

Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, iştirakçıların suallarına aydınlıq gətirilib.

Sevinc Qarayeva 

 





02.04.2024    çap et  çap et