Bu gün orta məktəbimi yuxuda görmüşdüm. Çox qəribə yuxu idi. Təbaşir qoxusu gələn sinif otağı, üzəri qələmlə adlar yazılmış, ürəklə haşiyələr çəkilmiş köhnə partalar, sanki heç qocalmamış müəllimlərim... Yuxuda bütün sinif yoldaşlarım kiçilib məktəb yaşlarına qayıtmışdı, mənsə indiki yaşımda idim. "Bu məsələdə bir səhv var. Mən məktəbi çoxdan bitirmişəm" - desəm də, nə mənə qulaq asan, nə də sözümə inanan vardı. Yenidən oxumalı, hələ sonra özümə universitet, ixtisas seçməliydim. Yəni görüləcək işlərim çox idi. Absurd reallığa bənzəyirdi. Məktəbi bitirdiyimi sübut edə bilmirdim, yenidən oxumalı idim. Yuxunun içində düşdüyüm bu vəziyyətdən çıxış yolu axtarırdım. Bircə məsələdə rahat idim ki, fənlərin hamısını artıq bilirdim, oxumaq elə də çətin olmayacaqdı. Müəllimin "Günel, sən kim olmaq istəyirsən ?" - sualını cavablandırmağa hazırlaşırdım ki, telefon bildirişinin səsinə yuxudan oyandım.
Bəs məktəb illərimdə mən kim olmaq istəyirdim və həmin insan oldummu?! Yuxunun təsirindən bir neçə saat beynimdə suallarla dolaşdım. Məktəb mənə nəyi öyrətdi? Birinci sinifə başlayanda dərs materiallarının çoxunu bildiyim üçün məktəb, dərslər mənə çox darıxıdırıcı gəlirdi. Elə bilirdim ki, artıq hər şeyi bilirəm və nəsə öyrənməyimə ehtiyac yoxdur.
İlk dəfə məktəbə gedəndə anam mənə işıqforda yolu keçmək qaydalarını izah etmək istəmişdi. Yolu keçərkən gözlərimi yumub:
- Mənə bunları bilmək lazım deyil, sən özün həmişə əlimdən tutub yolu keçirəcəksən - demişdim.
Həqiqətən inanırdım ki, əgər bu qaydaları bilmərsəm, valideynlərim hər zaman yolu keçərkən əlimdən tutacaqlar. Valideynlərimiz ilk sevgimiz, ilk dostumuz, ilk müəllimimiz, tanıdığımız ilk insanlardır. Nəyin yaxşı, nəyin pis olduğunu, xeyrixahlığı, qayğını, mərhəmət hissini valideynlərimizdən öyrənirik. Dünyanı tanımağı onlarla başlayırıq. Məktəbəqədər yaşdakı uşaqlar üçün dünya sadəcə onu əhatə edən, barmağı ilə saya biləcəyi qədər insanlardan ibarətdir.
İctimaiyyətə çıxaraq bu çevrəni genişləndiririk. Şəxsiyyətimizin formalaşdığı ən önəmli illər məktəbdə keçir. Məktəbdə təkcə elm öyrənmirik. Dost olmağı da, dost xəyanətini də öyrənməyimiz əsasən orda başlayır. Hansı hisslərin mənfi, hansılarının isə müsbət olduğunu həmin mühitdə əyani görür, fərqinə varmağa başlayırıq. Öz sözümüzü deməyi, yalanı doğrudan seçməyi təcrübədən keçirik. Birdə o illərdə ən böyük arzular "məktəbi bitirəndə" sözləri ilə başlayır. Yəni ən böyük arzularımızın yerinə yetmə zamanını məktəbin tamamlanması ilə təyin edirik. Bu arzuları hamı reallaşdıra bilirmi? Hər birimzin məktəb illərində elə müvəfəqiyyətli sinif yoldaşları olub ki, sonrakı həyatları heç də düşündükləri kimi parlaq olmayıb. Eyni zamanda məktəbdə əlaçı olub, öz həyatlarının da əlaçıları olanlar da az deyil.
Sən böyüyüb məktəbi bitirdiyini düşünürsən, amma hər şey elə ondan sonra başlayır. İnsan ömür boyu yol gedir, dərs alır, imtahanlardan keçir. Ən başlıcası isə fasiləsiz öyrənir. Bu məktəb ömür boyu davam edir. İşdi əgər insan öyrənmirsə, öyrənib beş qiymətini alanədək dərsini alır. Qarşılaşdığımız dərslərdən nəticə çıxarmaq üçün hərdən inzivaya çəkilib öz ürəyimizin səsini eşitməliyik. Çünki informasiya çoxluğu, sürətlə axan zamana çatmaq cəhdi insanın öz səsini eşitməməyinə səbəb olur. Buna görə insan həyatının müxtəlif mərhələrində dayanmalı, məktəblilərə ünvanlanan həmin sualı özündən soruşmalıdır:
- Sən kim olmaq istəyirsən?