525.Az

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa


 

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - <b style="color:red"> dəyirmi masa</b>

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib.

525.az-a bu barədə institutdan məlumat verilib. Tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanov bildirib: “Biz iki qardaş xalqın nümayəndələriyik, Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələr qədim tarixə və böyük ənənələrə malikdir”. Akademik bu əlaqələrin daha da inkişaf etdirilməsi və iki ölkənin elmi qurumları arasında müştərək tədqiqatların aparılmasını təmin etmək məqsədilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabborov, Ürgənc Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin dekanı professor Dilşod Qayipov və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri professor Almaz Ülvi çıxış edərək çağdaş dövrdə türk xalqları arasında mövcud olan ədəbi-mədəni əlaqələrin bu xalqların ortaq tarixi keçmişinə əsaslandığını qeyd edib, Azərbaycan və özbək xalqlarının bir-birinə qohumluq əlaqələri, dil, mədəniyyət, musiqi baxımından yaxınlığının bu əlaqələri daha dərin və möhkəm etdiyini vurğulayıblar.

Tədbirdə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru İslam Yaqubov, Ürgənc Dövlət Universitetinin professoru Nəsibə Sabirova, dosentlər Azamat Primov və Salamat Matkərimova, həmin universitetin Qadınlar Təşkilatının sədri dosent Bəypaşa Rəhimova, Folklor İnstitutunun əməkdaşları – Qalib Sayılov, Nail Qurbanov, İlhamə Qəsəbova və Aynur İbrahimova çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da genişləndirildiyini bildiriblər.

Tədbir özbək şairi Cari Əvəzin “Ürəyinizdə yaşayıram” kitabının təqdimatı ilə yekunlaşıb.

 





20.04.2024    çap et  çap et