525.Az

Qulu Ağsəs - 55


 

Qulu Ağsəs - 55<b style="color:red"></b>

Çağdaş Azərbaycan poeziyasının seçkin nümayəndəsi, "Ulduz" ədəbi-bədii jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəsin bu gün 55 yaşı tamam olur. 20 aprel 1969-cu ildə Ağdam rayonunda, sənətkarlar yurdu Abdal-Gülablı  kəndində dünyaya gəlmiş Qulu Ağsəsin Azərbaycan və türk dünyası poeziyasında xüsusi yeri, fərqlənən, bəyənilən yaradıcılıq dəst-xətti var. Doğum günü, yubiley yaşı münasibətilə əziz şairimizə səmimi təbriklərimizi, xoş arzularımızı ünvanlayır, yeni şeirini oxuculara təqdim edirik.

 

Qulu AĞSƏS

 

Cin atında gəzmişəm dörd yanı...

 

Mötərizə açılanda ağlayan,

bağlananda gülən...

bəşər -

heç vaxt indiki qədər

sadəlövh olmayıb, mən bilən...

Hələ tezdi,

vaxta var yəni:

əlli yaşdan sonra xəbər tutacaq qadın

əslində onu kimin sevdiyini...

Cin atında gəzmişəm dörd yanı,

ən təmiz yeri

zibil qablarıdı dünyanın...

Xanımlar və cənablar,

baxın,

diqqətlə baxın:

nökərin göz yaşı üzündən yox,

kürəyinin arasından axır...

Qorxudan rəngi ağappaqdı

yuxarıdan özünü atan hər nə var:

istər adam olsun,

istər yağış, qar...

Bir də bu kadrlar -

zəlzələdə

Allahın altından

Allahın üstünə qaçanların nidası,

ovucda partlayan

fişəngin əl vidası,

göy boyda yorğanın

yer boyda mitili,

vayfayla əkilən insan şitili...

Və bir də:

məni Günəşə gömərsiniz

gözümə yuxu getmir

                soyuq yerdə...

 





22.04.2024    çap et  çap et