Həsən Turan oğlu Dəmirovu şəhidlik zirvəsinə ucaldan Vətən, torpaq sevgisi oldu və o, 26 yaşında şərəfli ölümü ilə əbədiyaşarlıq qazandı. Müqəddəs amal uğrunda canını fəda etdiyinə görə Vətən öz qəhrəman oğlunu bir an belə unutmur, adı xalqın dilində iftixarla çəkilir.
44 günlük haqq savaşımızda - Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan Həsən Dəmirov 1994-cü ildə Cəlilabad rayonunun Muğan kəndində dünyaya göz açıb. Orta məktəbini başa vurub həqiqi hərbi xidmətə yollanıb. Əsgərlik həyatına cəbhə bölgəsində başlayan qəhrəmanımız Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib, bütün təlimlərdə fəal olub, cəsurluğu, çevikliyi əsgər yoldaşlarına həmişə nümunə göstərilib. Həsən xidmət zamanı əsir düşən müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda hər an birbaşa səngərə, düşmənlə savaşa can atıb. Söz düşəndə deyirmiş ki, "Vətən müqəddəsdir, onun yolunda ölüm belə şərəfdir. Vətən torpaqların bir qarışı da düşmən ayaqları altında qalmasın gərək. Mübarizliklə döyüş meydanında düşmənə qalib gəlmək üçün indidən Azərbaycan əsgəri hər şeyə hazır olmalıdır".
Hərbi xidmətini başa vurub geri qayıdan Həsən xeyirxah əməlləri ilə həmişə fərqlənib, düz amallı, təmiz əməlli insan kimi tanıyanlar tərəfindən sevilib. Ürəyi hər zaman Vətənlə döyünən Həsən öz yerini cəbhə bölgəsində görüb və bir müddət sonra yenidən orduya qayıdıb, "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayıb.
Azərbaycan Ordusunun baş əsgəri olan Həsən Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Dəmirov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub, Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!