"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas İlahə Əmirovadır. Onunla avstriyalı rəssam Qustav Klimtin "Öpüş" əsərindən danışmışıq.
Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə dünyaya gəlib. Atası Ernst Klimt qravüraçı və zərgər idi. Rəssamın uşaqlığı kasıbçılıq içində keçmişdi.
1876-cı ildə Klimt Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olunur və 1883-cü ilə kimi orada rəssamlıq təhsili alır.
Klimt simvolist rəssam və art-nuvo üslubunun görkəmli nümayindəsidir. Yaradıcılığı monumental rəsm, divar boyakarlığı, eskiz və başqa incəsənət növləri ilə tanınır. Əsas təsvir vasitələri qadın obrazları və təbiət motivləridir. Qızılı və digər dəyərli metalların rənginin əsərlərində istifadəsi onun tərzinin simvollarından biridir. Klimt eyni zamanda portret rəssamı olaraq da tanınır və modern incəsənətin ilk nümayəndələrindən sayılır.
Rəssam 1918-ci il fevralın 6-da vəfat edib.
- İlahə xanım, gəlin söhbətimizə əsərin yaranma tarixçəsindən başlayaq.
- Əsər 1907-1908-ci illərdə çəkilib. Rəsm ilk baxışda ikonanı xatırladır. Bunun səbəbi ondan ibarətdir ki, rəssam 1903-cü ildə Ravennaya səyahəti zamanı San-Vitali kilsəsini ziyarət edir, oradakı ikona və mozaikalardan təsirlənir. Bu da rəssamın sonrakı əsərlərində özünü göstərir. Tabloda Bizans İmperiyası rəssamlarının yaratdığı müqəddəs əsərlərin güclü təsiri özünü göstərir. Sanki rəssam müasir ikona yaratmağa çalışıb. "Öpüş" Klimtin Qızıl Dövrünün son rəsmidir.
- Əsərdəki şəxslərin kimliyinə dair məlumat varmı?
- Bəzi fərziyyələrə görə, burdakı fiqurlar Klimt və onun sevgilisi Emiliya Flögendir. Əsərdəki obrazlar stilizə edilib və simvolik bir şəkildə təsvir olunub. Fonda qızılı və gümüşü rənglərin istifadəsi rəsmə dərinlik qatır.
- Əsərin kompozisiyası necədir?
- Cütlük dairəvi fonun qarşısında yerləşdirilib. Onların geyimləri və bədənləri detallı bir şəkildə müxtəlif fiqurlar və qızılı rənglə təsvir edilib. Rəsmdəki rənglər və motivlər art-nuvo üslubunun göstəricisidir. Fiqurlar uçurumun üzərində oturaq vəziyyətdə verilib. Uçurum müxtəlif rəngarəng güllər və otlarla bəzədilib. Qadının üzü tamaşaçıya baxır və bədəni üfüqi vəziyyətdədir. Duruşunda öpüş zamanı passivlik görürük. Eyni zamanda gözlərinin bağlı olmasında dərin daxili duyğu var. Barmaqları kişinin əllərinə toxunur. Kişinin boynu isə qadına tərəf uzanır. Boynun duruşu və bədən forması kişinin fiziki gücünü göstərir. Hər ikisinin başında tac var.
- Bəs əsərin rəng həlli barədə nə deyə bilərsiniz?
- Rəngarəng fiqurlar və qızılı rənglərin istifadəsi əsərdə zəngin rəng paleti yaradıb. Tabloda əsasən qızılı tonlar, sarı, yaşıl kimi zəngin və cəsur rənglər istifadə edilib.
Əsərdə istifadə olunan rənglər obrazların ətrafındakı dairəvi fiqurlar və qızılı motivlərlə uyğunluq təşkil edir. Qızılı rənglərdən eşq mövzusunu və münasibətin ruhunu vurğulamaq üçün istifadə edilib. Tablodakı rənglərin isti və rahatladıcı tonları rəsmdə romantik, duyğusal atmosfer yaradır.
Klimt həmçinin fərqli rəng tonları və ornamentlərdən istifadə edərək qadın və kişi obrazlarını bir-birilə vəhdət içərisində göstərir. Əsərin rəng paleti duyğusallığı gücləndirir. Qustav Klimtin "Öpüş" rəsmindəki işıqlandırma rəssamın əsəri yaradarkan istifadə etdiyi texnikası və tərzi ilə əlaqəlidir. Rəssam bu əsərdə fiqurları və detalları vurğulamaq üçün kontrsatlı işıqlandırma effektlərindən yararlanıb. Həmçinin rəssamın istifadə etdiyi rənglər də işıqlandırmaya təsir edir. Parlaq və zəngin rəng tonları işığın tabloya əks etdirməsi zamanı daha canlı bir şəkildə görünür və rəsmin ümumi atmosferini gücləndirir. İşıqlandırma rəsmdə duyğusal və romantik bir atmosfer yaratmaqda önəmli rol oynayır.
- Klimtin bir çox əsərində olduğu kimi burada da detallı bəzək və geometrik şəkillər və qızılı zərvərəqlərdən istifadə olunub.
- Bunlar onun rəsmlərinə xarakteristik bir hava qatır. Ümumiyyətlə, rəssamın əsərlərinin çoxu romantik və duyğusal mövzulardadır. Klimt "Öpüş" rəsmində də bu mövzunu işləyərək eşqin gücünü vurğulayıb.
- Tablo harada saxlanılır?
- Ölçüsü 180 smx180 sm olan tablo Vyananın Belvedere sarayında saxlanılır. Əsər kətan üzərində yağlı boya ilə çəkilib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- "Öpüş" əsəri eşqin gücü və duyğusallığını göstərən rəsmdir. Əsərdə iki fiqur arasında dərin duyğusal bağlılıq və şəhvət dolu bir anı təmsil edən öpüşmə səhnəsi göstərilir. Rəsm eşqin bütün gözəlliyini və çətinliyini ifadə edərkən eyni zamanda da münasibətlərdəki kompleksləri göstərir. "Öpüş" sevginin və duyğuların vacibliyini göstərən sənət əsəri olaraq qiymətləndirilir.
Aytac SAHƏD