Sevimli şairimiz Həmid Herisçinin Azərbaycan Yazıçılar Birliyinə (AYB) müxalifliyi çox adama məlum idi. Vaxtilə qələmə aldığı yazılar, verdiyi müsahibələrdə toxunduğu məqamların ardınca illər sonra onun AYB-ə üzv olması ilə bağlı xəbər ədəbi gündəmdə bomba kimi partladı. Bu məlumatı isə ilk dəfə AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu feysbuk hesabında elan etdi. Səlim müəllimin paylaşımının ardınca onlarla insan bu hadisəyə müsbət və mənfi rəy bildirdi, necə deyərlər, qızğın müzakirələr başladı. Həmid Herisçinin Xalq yazıçısı Anarla şəkil çəkdirib "Neoklassisizm" başlığı ilə paylaşması müzakirələri bir az da qızışdırdı.
Bir tərəf Həmid Herisçinin addımını təqdir etsə də, digər tərəf bunu şairin yolundan dönüklüyü kimi qələmə verir. Yaxşı, bu, hansı yol idi? Bir vaxt Azad Yazarlar Ocağındakı (AYO) ən tanınmış qələm adamlarından biri məhz Həmid Herisçi idi. Bu kəslər deyirdilər, "AYB zərərlidir, yazıçı-şair azad olmalıdır, bu birlik sovetdənqalmadır və onun sədri hörmətli Xalq yazıçısı Anar (bunu mən yazıram, onların bəziləri Anardan bəhs edəndə hörməti-filanı çoxdan çeynəmişdilər) antidemokratdır. Murad Köhnəqaladan, Azad Yaşardan sonra ən mübariz hesab edilən Həmid Herisçinin bütün mücadilələrdən, onca yazılardan sonra AYB-ə üzv olması bir tutarlı faktın carçısıdır: demək, bu yol yox imiş və bu şəxslərin də hansı yoldan döndükləri məlum deyil... Hə, bəs niyə bu belə aqressiya ilə qarşılanır?.. Buna da bir cavab var: çünki AYB-yə üzv olan AYO-çuların təsiri, odlu-alovlu çıxışları və yazıları ilə həmin haqqında danışdığımız mücərrəd yolda irəliləyən növcavanlar yetişib. İndi həmin şəxslərin bu cür reaksiyaları niyə kimisə qıcıqlandırsın ki?! Sizcə də, təbii deyilmi?
Bunların heç biri məni narahat etmir. Bir AYB üzvü kimi, Həmid Herisçinin AYB-ə keçməsi məni niyə narahat etsin ki?!. Fəqət bir məqam var ki, gənc yazarlardan Orxan Saffari Həmid Herisçinin AYB-yə üzv olmasına görə bu sevimli şairimizi bərk tənqid etdi. Bunun ardınca Həmid Herisçi də öz müsahibəsində xəbərdarlıq atəşi açdı: "Yaylım atəşimə düşən ağlasın. Bir yaylım atəşi ataram, hamısını yatızdıraram. Topasına bir güllə, topasına bir güllə. Onlar qarşısında mahir ovçu dayanıb. Mənlə zarafat eləməsin. Hamısını bir baxışımla yıxaram".
İndi məni, yəqin elə çoxlarını bu sual düşündürür ki, görəsən, Həmid ağa cavanların "topasına bir güllə"ni nə vaxt, necə, hansı şəraitdə ata bilər?..
***
Erməni ilə həmfikir yazıçı kimdir?
Zamin Hacının "Yeni Müsavat"da vaxtaşırı AYB-nin və Xalq yazıçısı Anarın əleyhinə yazılar qələmə aldığına bələdik və onların bir-ikisinə qarşı tərəfdən də cavab yazıları gəldiyindən xəbərdarıq. Yeni qalmaqal predmeti ortaya çıxıb: dissidentlik...
Anar müəllimin bu yaxınlarda Nəsiman Yaqublunun araşdırmaları əsasında "Azərbaycanda dissidentlik" adlı məqaləsi yayımlandı. Bu yazının ardınca Z.Hacının "Yeni Müsavat"da bir yazısı dərc edildi. Həmin yazıda Z.Hacı belə cümlələrə yer verib: "...Nəsə, qayıdaq Anar müəllimin son məqaləsinə. Onun qısa özəti belədir ki, onun atası Rəsul Rza sovet vaxtı bizim əsas dissidentlərimizdən biri olmuşdur... Bəlkə sovet hökumətinin başı xarab olmuşdu, ondan radikal fərqlənən adamı mükafatlar və şan-şöhrətlə cəzalandırırdı?"
Anar müəllim "Tükənməz yalanlar hadisəsi" yazısı ilə Zamin Hacının fikirlərini, mövqeyini ermənilərin bu yöndəki mövqe və fəaliyyətinə bənzədib: "Rəsul Rzanın tutduğu vəzifələri, aldığı mükafatları və adları danos dəftərində sadalayan köşə yazanının həmfikiri Sero Xanzadyan Moskvaya, Sov.İKP MK-ya, SSRİ KQB-sinə göndərdiyi danoslarda Rəsul Rzanı qatı millətçi, Lenin milli siyasətinə düşmən, xunveybin adlandırırdı. Köşə yazanımızın yalançılıq təbi quruyanda gələcək mətnlərində bu ifadələrdən də istifadə edə bilər. Mən Rəsul Rzaya qarşı erməni təxribatlarını konyuktur dəb xatirinə gətirmirəm. Əbəs yerə də gətirmirəm, vaxtilə bir erməni qadın yazıçı "Rəsul Rzanı və Anarı özününkülərin əliylə vuracayıq" demişdi. Sözü düz çıxmadı. Bizi "vuranlar" - "özümüzünkülərdən" deyil, erməni maraqlarına züy tutanlardur".
***
Birnəfəsə, bir gündə yazılan roman...
Dilimizə tərcümə olunan əsərlərin heç də hamısı təqdirəşayan deyil. Ancaq tərcümələrdə məzmunun gözəlliyi ilə yanaşı, formanın sehrinə dalmaq mümkün olanda həmin təsirə düşmə prosesi başlayır. Saday Budaqlının tərcümələri də bu qəbildəndir. Yazıçı İlham Əziz S.Budaqlının tərcüməsində Kavabatanın romanını oxuyandan fikirlərini bölüşüb və təsirə düşməmək üçün yol göstərib: "Yasunari Kavabatanın "Dağın səsi" romanını indicə bitirdim. İndiyə kimi oxuduğum ən estetik romandır. Məni heyrətləndirən romanın başdan sonacan bir atmosferdə olmasıdır. Adama elə gəlir roman bir nəfəsə, bir gündə yazılıb. Sanasan, müəllif bu romanı yazıb bitirənə kimi dünyada heç nə dəyişməyib. Yapon haykularının roman versiyası olsaydı, yəqin ki, bu əsər olardı. Birinci cümlədən son cümləyə qədər intihar havası, ölümü azad seçmək, insan əzabının sonsuz sərhədləri, adamı dəli edir. Yazıçının detallarla sevdiyi qadın kimi rəftarı, ən sadə məişət söhbətlərini ilahi müstəvidə həll etməsi yüksək ustalıq və ruhani vəziyyətin nəticəsidir. Ustad Saday Budaqlının tərcüməsi oxucunu əldən salır. Qınamasalar deyərdim ki, bu roman heç bir başqa dildə bu qədər gözəl ola bilməzdi. Romanın ən ürpəndiyim məsələsi oxuyanı təsirinə salmaq qorxusudur. Ətirlərin qoxusunu unutmaq üçün qəhvə iyləmək mütləqdir. Məncə, yazıçılar da bu romandan sonra mütləq başqa əsər oxumadan yazmamalıdırlar".
***
Yazıçı-şairlər daha qonorar ala bilməyəcəklər?
"Kulis"də yayımlanan xəbərin başlığını oxuyan kimi gözlərim qaraldı, başım gicəlləndi... Xəbərin başlığı belə idi: "Qonorarlarla bağlı qərar ləğv olunacaqmı?"
Dedim, vay, biz taxt üstündə otura bilmədik, yerlə-yeksan olduq, necə olacaq? Axı yazıçı-şair qonorarsız necə yaşayacaq? Bir-iki yaxın qələm dostuma zəng elədim. Dedim, gedib kartof-zad sataq, kitabımız bağlanıb. Onlar da mənə qoşulub hüsrana qərq oldular...
Sonra dedim, bir xəbərin içini oxuyub görüm, kim qol çəkib "ölüm fərmanımız"a?
Xəbərin ilk cümləsi belə idi: "Azərbaycan Respublikasının Kino Agentliyində kino haqqında hüquqi-normativ aktların dəyişdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb".
Ürəyim sakitləşdi və fikrə getdim. Öz-özümə dedim: "Dəli olmusan? Guya, şeirə, hekayəyə, esseyə nə qədər qonorar verirlər ki? Qonorarsız həyatla indiki həyatın belə böyük fərqi olacaq? Niyə özünə əl qatmısan?"
Adı olub özü olmayan qonorar sözünün sehridir adamı həyəcanlandıran: "Dövlət bəyin ölüsü də gözəldir".
Xülasə, indi mənə belə gəlir, "bu dünyada ən əziz bir anadır, bir vətən", bir də qonorar...
***
Dünyanın əlçatmaz ödülləri və öz ədəbi mükafatımız...
Akademik Kamal Abdulla olduğu yerdə daim qələm adamları üçün nəsə etməyə çalışıb, bu, inkarolunmaz məsələdir. Maddi və mənəvi dəstəyi çox adamı vəziyyətdən çıxarıb. Yaxasını heç vaxt kənara çəkməyib. "Ədəbiyyat adamı" mükafatının təsis olunması da onun təşəbbüsüdür.
Azərbaycan Dillər Universitetində Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən "Ədəbiyyat adamı" müsabiqəsinin mükafatlandırılması və Yaradıcılıq fakültəsinin məzunlarına diplomların təltif olunması mərasimi keçirilib. Mərasimdə "Ədəbiyyat adamı" mükafatına layiq görülənlər - Ramiz Rövşən, Həmid Herisçi, Aydın Talıbzadə, Rüstəm Behrudi, Azər Turan, Etimad Başkeçid, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Varis, Ulucay Akif təltif olunublar.
Dünyadakı çox məşhur, böyük, ancaq hələlik bizim üçün əlçatmaz ədəbi mükafatlara gedən yol, bəlkə, elə özümüzdəki bu "Ədəbiyyat adamı" mükafatından başlanır, nə bilmək olar?!
***
Təzə nə var?
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Birliyə qəbul məsələləri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda AYB-yə qəbul qaydalarının yeni prinsipləri, mexanizmləri, üzvlüklə bağlı mətbuat nümayəndələrinə məlumat verilib.
***
Gənc qələm adamı Murad Muradov insult keçirərək komaya düşüb. Hal-hazırda vəziyyəti ağırdır. Həmkarımızın tezliklə şəfa tapmasını diləyirik.
P.S. "Ədəbi köşk"ün sonuncu buraxılışı yayımlananda hələ Murad Muradov vəfat etməmişdi. Bu gün isə onun ölüm xəbəri hər birimizi sarsıtdı. Ruhu şad olsun!
***
Sumqayıtda "Qanun" nəşriyyatınin təşkilatçılığı ilə Milli Kitab Sərgisi keçirilir. Yüksək endirimlər, maraqlı görüşlər, imza günləri ilə zəngin sərgidə oxucu sıxlığı müşahidə olunur...
***
Sərdar Aminin "Rəsul nəsə demək istəyir..." adlı yeni hekayəsi işıq üzü görüb. Hekayə maraqla qarşılanıb...
Hazırladı: Nadir YALÇIN