ABŞ prezidenti Cozef Bayden “ABC News” telekanalına müsahibəsində deyib ki, onlar Ukraynaya Rusiyanın dərinliklərinə, Moskvaya və Kremlə zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verməyiblər. Bu açıqlamadan iki qənaət hasil olur. Birincisi, bu açıqlama ilə Vaşinqton Moskva və Kreml istisna olmaqla digər ərazilərə zərbə endirilməsinə qadağa qoymadığına işarə edir. Prezidentdən iki gün öncə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan etmişdi ki, Ukrayna Amerika istehsalı hava hücumundan müdafiə sistemlərinin köməyi ilə Rusiyanın bütün ərazisi üzərində Rusiyanın döyüş təyyarələrini vura bilər: “Ukraynalıların düşmən təyyarələrini vurmasına heç vaxt məhdudiyyət qoyulmayıb, hətta bu təyyarələr Ukraynanın hava məkanında olmasa belə”.
ABŞ prezidentinin açıqlamasından doğan ikinci qənaət isə ondan ibarətdir ki, Ukraynanın Moskva və Kremli vurmaq imkanları var, sadəcə olaraq Vaşinqton buna icazə vermir. Eyni zamanda, Vaşinqtonun bu məsələ ilə bağlı mövqeyinin dəyişməyəcəyinin də zəmanəti yoxdur. Üstəlik, Ukrayna bu əməliyyatı Amerika silahları ilə deyil, özünün istehsal etdiyi və ya bu əməliyyata icazə verən ölkədən aldığı silahlarla həyata keçirə bilər.
Prezident Cozef Baydenin “ABC News”ə müsahibəsində və müttəfiqlərin İkinci Dünya müharibəsi zamanı Normandiyaya qoşun çıxarmaların 80-ci il dönümünə həsr olunmuş tədbirdə çıxışında diqqət çəkən ümumi bir məqam var. Bu da ondan ibarətdir ki, ABŞ prezidenti rusiyalı həmkarı haqqında ağır ifadələr işlətməklə prezident Putin haqqında fikirlərini yenə diqqətlərə çatdırıb. “ABC News”ə müsahibəsində, ABŞ prezidenti rusiyalı həmkarının ləyaqətli adam olmadığını bildirib.
Normandiyadakı çıxışında isə prezident Cozef Bayden Rusiya ilə faşist Almaniyası arasında paralellər aparıb: “Biz özümüzə sual verməliyik ki, biz şərə, amansızlığa qarşı dura bilərikmi? Azadlığı, demokratiyanı müdafiə edəcəyikmi? Cavabım bəli və bu ancaq belə ola bilər”.
Prezident Cozef Bayden çıxışında daha sonra bildirib ki, müttəfiqlərin 80 il əvvəl döyüşdüyü qaranlıq qüvvələr hələ də yoxa çıxmayıb. Diktatura ilə azadlıq arasında mübarizə hələ bitməyib. Hitler və onunla birlikdə olanlar demokratiyanın zəif olduğuna və gələcəyin diktatorlara aid olduğuna inanırdılar. Ukrayna da tiraniyaya qarşı mübarizə aparır”.
ABŞ prezidentinin “ABC News”ə müsahibəsinin və Normandiyadakı çıxışının yeni prosesə səbəb ola biləcəyi isə gözləniləndir. Rusiyanın faşist Almaniyası, Putinin Hitlərlə müqayisə olunması adi hal deyil və hökmən müəyyən təsirlər yaradacaq. Qarşıdakı həftə və aylarda Rusiyanın qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcridinin daha da dərinləşəcəyini proqnozlaşdırmaq mümkündür.
Belə məlumatlar var ki, prezident Bayden Rusiyaya qarşı sanksiyaların müddətsiz olmasına nail olmaq istəyir. Rusiyanın faşist Almaniyası, Putinin isə Hitlərlə müqayisə edilməsi bu məqsədə xidmət edə bilər. Eyni zamanda, prezident Baydenin sərt sözləri və bənzətmələri Qərb ictimaiyyətinin Rusiyaya qarşı münasibətdə qətiyyətli mövqeyinin davam etməsinə də səbəb olacaq.
Fransa prezidentinin Ukraynaya “Mirage 2000-5” döyüş təyyarələri verəcəyi və Kiyevin bu təyyarələrdən Rusiya ərazisindəki hədəflərə hücum üçün istifadə edə biləcəyi haqqında açıqlamasını da prezident Baydeninin son çıxışılarının yaratmağa başladığı prosesin başlanğıcı hesab etmək olar.