525.Az

Arzusuna çatan igid - Şəhid Müslüm Vəliyevin xatirəsinə


 

Arzusuna çatan igid - <b style="color:red"> Şəhid Müslüm Vəliyevin xatirəsinə</b>

"Qorxusuz şəhid". Bu ifadəyə haqqında yazılmış bir yazıda rast gəldim. Qorxusuz idi Müslüm Vəliağa oğlu Vəliyev. Qoxmazlığı, cəsurluğu ucaltdı onu şəhidlik zirvəsinə. Bakının Xəzər rayonunda, Şüvəlan qəsəbəsində 2001-ci il iyulun 3-də dünyaya gəldi. Ürəyində arzuları ilə böyüdü, məktəbə getdi. Dostlarının,  müəllimlərin, tanıyanların sevimlisi oldu. Ən böyük arzusunu hərdən dilə gətirdi, hərdən ürəyində oxşayıb əzizlədi.

Orta təhsilə A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika gimnaziyasında başladı. Orta təhsil illərindən maşınlarla, hərbi texnika ilə maraqlanırdı, hərbçi olmaq istəyirdi. Təhsilini C.Naxçıvanski adına hərbi məktəbdə davam etdirmək istəsə də, bu arzusuna çata bilmir, doqquzillik təhsilini başa vurub, işləyir, maşın təmiri ilə məşğul olur və həqiqi hərbi xidmətə yollanacağı günü gözləyir.

Müslümün müəllimi, şagirdlərinin telefonlarında adını "anam" yazdıqları Bahar Ələkbərovanın dedikləri: 

- 5-ci sinifdən sinif rəhbəri olmuşam. Amma elə ibtidai sinifdən diqqətimi çəkmişdi. Gimnaziya internat tiplidir. Müslüm hər gün gimnaziyada qalan uşaqlara yemək gətirərdi. Çox qayğıkeş, diqqətcil idi. O qədər yaraşıqlı, o qədər gözəl idi, gözlərinin maviyə çalan qəribə rəngi vardı. Xarici görünüşüylə də fərqliydi. Üzündə xeyirxahlıq, sevgi yağan təbəssüm, bir işıq vardı sanki. Sinfimin uşaqları hamısı əzizdir, amma Müslüm tamam başqaydı. Elə bilirdim öz oğlumdur. 2016-cı il aprel hadisələrində şagirdlərlə hərbi hospitala əsgərləri ziyarət etməyə getdik. Ordan çıxanda onun o məsum, gözəl, işıqlı üzündə qəribə bir kədər gördüm. "Ay müəllimə, bunlar hamısı qəhrəmandır" - dedi. O səsi, o sözləri həmişə eşidirəm. Müslümün ağladığını isə Şəhidlər xiyabanına gedəndə gördüm ilk dəfə. Çox həyəcanlanmışdı. Baxışlarında "bir gün mən də vətənim üçün şəhid olacağam" ifadəsini oxudum elə bil.  İndi düşünürəm ki, yəqin elə ürəyindən keçib bu hiss. Onun şəhid xəbərini eşidəndə çox sarsıldım. Torpaqları müharibəsiz ala bilməzdik. Müharibə də qurbansız olmur, bilirəm. Amma xəstələndim, depressiv hala düşdüm. Qardaşım Rəşid Birinci Qarabağ savaşının şəhididir. Onda bu qədər əzab çəkmədim. Yoxluğunu hiss edirdim, amma fəxr edirdim, "Qardaşım qəhrəmandır" deyə fərəhlənirdim. 10-cu sinifdə oxuyurdum. Bəlkə yeniyetmə idim, ona görə. Müslümün itkisini çox ağrılı yaşadım, övladımı itirdim elə bil. Bilirəm, Müslüm kimi oğullar olmasa biz hələ də şagird gündəliklərindəki qara tarixləri öyrədirdik böyüyən nəslə. Məhz Müslüm kimi oğullar bizi qara tarixlərdən xilas etdilər.

Xəzər rayonundakı 218 nömrəli məktəb Bahar müəllimənin qardaşı Rəşid Baxışovun adını daşıyır. Bahar müəllimə hazırda 121 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləsə də, məzunlarını unutmur. Müslümün ailəsi ilə də əlaqə saxlayır. Oxuduğu sinif indi Müslüm Vəliyevin adınadır.

Həmişə "Onsuz da hərbçi olacağam" deyən qəhrəmanımız bütün düşüncəsi, varlığı ilə Azərbaycanın əsgəri olub. Vətən əsgərinin ən böyük arzusu isə  işğalda olan torpaqlarının azadlığı uğrunda savaşmaq olar. Onun da arzusu bu idi.

"Arzuma çatdım" deyib sevinclə  müharibə başlayanda. Düşünürsən ki, bəlkə çox gənc idi, müharibənin dəhşətini, ağrılarını duyacaq yaşda deyildi? Amma torpağının, vətənini uğradığı xəyanətin dəhşətini anlayırdı. Yüz minlərlə insanımızın çəkdiklərini bilirdi. Dostlarının sözlərinə görə, Müslüm  ərazilərimizin bütövlüyü uğruna savaşa böyük ruh yüksəkliyi ilə qatılıb.

Birinci Qarabağ savaşından sonra hər birimizin ürəyində bir ağrı vardı. Hər birimiz bir ağırlıq gəzdirirdik: minlərlə itkilər və məğlubiyyət. Bunu yaşamaq, bu yükü daşımaq dözülməz idi. İllər keçdi beləcə...

"Torpaqlarımızı azad etməliyik" - dedi igid oğullarımız, o günün gələcəyinə inamla yaşadılar. Və o gün gəldi. Ali Baş Komandanın əmri ilə İkinci Qarabağ savaşı başladı bir payız günü.

27 sentyabr 2020-ci il. Həqiqi hərbi xidmətinin başa çatmasına üç ay qalırdı. Tez-tez əsgər yoldaşlarına "torpaqlarımızı azad edənəcən hərbdə qalacağam" deyirmiş.

İbrahim Əliyev 44 günlük vətən müharibəsinin igidlərindəndir:

- Hərbi xidmətimiz Müslümlə keçib. İlk gündən anladıq bir-birimizi, dostlaşdıq. Müslüm ən məsuliyyətli əsgərlərdən idi. Ən çətin tapşırıqları belə dəqiqliklə yerinə yetirir, bütün texnikanı öyrənməyə çalışırdı. Həmişə bir ruh yüksəkliyi vardı. Bölükdə öz səliqə-səhmanı ilə seçilirdi. Hamı ilə dil tapırdı. Müharibə xəbərini eşidəndə də sevindi, "torpaqlarımızı alacayıq" deyə. O qədər inanırdı ki, buna. Heyif ki, qələbə gününü görmədi. Məncə, şəhidlərimiz hamısı qalib olduğumuzu bilirlər.

İlk döyüş günləri... Ən çox itkilərin olduğu günlər idi. Qələbə yolunu ilk günlərin igidləri, şəhidləri açdılar. Suqovuşan uğrunda gedən ağır döyüşlərdə şəhid oldu qəhrəmanımız 28 sentyabrda. Vətən əsgəri kimi bütün tapşırıqları, vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə, nümunəvi xidmətinə, şəxsi igidliyinə, düşmən qruplaşmalarının məhv edilməsində, ilk hücumda düşmən səddinin dağıdılmasında göstərdiyi igidliyə görə "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Şəhidlər haqqında yazanda ailələri ilə əlaqə nömrələrini axtarıram öncə. Bəziləri ilə görüşürəm, bəziləri ilə telefonla danışıram. Onlarla üzbəüz görüşmək mənim üçün çox çətindir.

Özümü toplayıb zəng vurdum. Qırıq-qırıq danışdı ata. Atanın əlinin əsdiyini də hiss etdim elə bil... Söhbət qısa oldu. Özümü suda batan kimi hiss etdim. Bu ata ilə necə üz-üzə dayanmaq olar? Ailə özü də danışmaqda çətinlik çəkir. Anlamaq çətin deyil.

Qardaşı ilə oldu söhbətimiz. Vəliağa və Kifayət Vəliyevlərin ailəsində 4 uşaq böyüyüb: 3 oğul və bir qız. Müslüm ailənin ikinci övladıdır.

Böyük qardaşı Muradın Müslüm adlı oğlu böyüyür indi. Bu da düşmənlərimizə canlı mesajdır: Hələ neçə-neçə Müslümlər doğulacaq, Poladlar, Mübarizlər, Şahnurlar, Naillər, İmranlar böyüyəcək bu torpaqda.

Bu torpaq həmişə onların vətəni olacaq - VƏTƏN olacaq.  

Kamalə ABIYEVA

 





03.07.2024    çap et  çap et