Bəşər sivilizasiyasında müəyyən mövqe tutan hər bir xalqın ədəbiyyat tarixində elə dahi, mütəfəkkir sənətkarlar var ki, onlar yüksək bədii əsərlərlə bərabər, həm də ədəbi-tarixi proses, bədii yaradıcılığın mahiyyəti haqqında ədəbi-tənqidi və nəzəri-fəlsəfi mülahizələr söyləyiblər. Bu hal həmin sənətkarların-yazıçıların, şairlərin xalqın mənəvi təkamülündə öz dövrlərinin ədəbi prosesində fəal iştirak etmək istəyindən, zərurətindən yaranır.
Azərbaycan ədəbiyyatında klassiklərimiz - Ə.Xaqani, N.Gəncəvi, M.Füzuli öz əsərlərində bədii üslubda, həm də elmi-nəzəri mülahizələr söyləmişlər. Məsələn, dahi Nizaminin:
Sözün də su kimi lətafəti var
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da
- misraları dillər əzbəridir.
Hürufi mütəfəkkir İ.Nəsimi ayrıca "Söz" qəzəli yazıb:
Dinləgil bu sözü ki, candır söz,
Aliyü asiman məkandır söz.
Aqil isən sözünü müxtəsər et,
Ey Nəsimi, çü bigirandır söz.
Dahi "qəlb şairi" Füzuli isə eynən ustad Nəsimi kimi düşünüb:
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.
Bu beytlərdə sözün hikməti və qüdrəti ifadə olunub. Şah İsmayıl Xətai deyib:
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı.
Böyük H.Cavid də məşhur bir beytində sözü, mədəniyyəti qılıncdan kəskin hesab edirdi.
Turana qılıncdan daha kəskin, ulu qüvvət -
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Mədəniyyətin əsasında, təməlində söz dayanır. H.Cavid həm sələfləri, həm də XX əsrdə yaşayıb-yaradan müasirləri - Əli bəy Hüseynzadə, A.Şaiq, M.Hadi və digər romantiklər kimi ədəbi-nəzəri fikirlə məşğul olub. Onun məqalələri və məktubları H.Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlının hazırladığı əsərlərinin beşinci cildində yer alır (Bakı, "Elm" 2007, 352 s.).
Təbii ki, H.Cavid yazılarında ümumən romantik estetikanın problemlərini işləyib hazırlayırdı. Fəqət bu başlanğıcda belə olmamışdır. XX əsrin önlərində o, hələ özünü axtarırdı. Bir məsələni də əvvəlcədən qeyd edək ki, H.Cavid məqalələrində və toxunduğu məsələlərlə ilgili mənzum parçalar da verirdi. 1904-cü ildə "Şərqi-Rus" qəzetində nəşr olunmuş "Urmiyədən məktub" məqaləsində yazırdı: "Küreyi-ərzdə bəni-növi-bətərin nisbəti heyvanata nə dərəcədə olursa, əhli elmin şərafəti əvamünasa dəxi o mənzilədə məhsub olur". Yəni böyük romantik maarifçiliyə rəvac verərək elmdən məhrum adamları heyvana bənzədir: "Urmiyədən" şeirində yazır:
O kəs kim elmdən məhrum, cəhlilə "fanatik"dir,
Demə insan o nadanə ki, bir heyvani-natiqdir.
H.Cavid elmsiz, maarifsiz adamı "cahil", "nadan" fanatik, "qanmaz heyvan" adlandırırdı. O elmin fəzilətini təsdiq üçün Qurana istinad edirdi.
1910-cu ildə "Həqiqət" qəzetində çap olunmuş "Naxçıvanda nə gördüm?" məqaləsində oxuyuruq: "Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi, milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb çabalamağa həvəsləndi... Sidqi vətənpərvər idi, qətiyyətli idi, məslək sahibi idi, millətini sevərdi".
Yeri gəlmişkən deyək ki, Sidqi Naxçıvanda məktəbdarlığın, maarif və mədəniyyətin inkişafında böyük rol oynamışdı. Dünyasını vaxtsız dəyişmiş Hüseyn Həşimli həyatı və əməlpərvərliyi haqqında "Məmmədəli Sidqi və "Şeypur" jurnalı (Bakı, "Elm və təhsil", 2014) adlı maraqlı bir kitab yazıb.
H.Cavidin bir silsilə - 5 yazıdan ibarət "Həsbi-hal" məqaləsi vardır. Bu məqalələrdə romantik ədibin maarifçi görüşləri öz əksini tapır. Birinci məqalə belə başlayır: "Bir millətin tərəqqi və tədənnisini bilmək üçün o millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyayı həyəcana düşürən Japoniyanın bütün bu tərəqqiyati - ciddiyələri həp ibtidai məktəblər sayəsindədir... Rahat və məsud yaşamaq üçün də xüsusi bir məslək, bir iş tutmaq iqtiza edər".
H.Cavid romantik olsa da, XX əsrin önlərində ölkəsinin və millətinin ictimai-tarixi ehtiyaclarını yaxşı bilirdi, anlayırdı ki, geridə qalmış, cəhalətin hökm sürdüyü, xurafat dumanına bürünmüş müsəlman cəmiyyətinə və millətinə maarif, elm lazımdır. "Təlim və tərbiyədən anlamayan bir müəllim tənviri-əfkar edəcək yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət yerinə rəzalət öyrədir, elm yerinə cəhalət törətmiş olur... Ciddi müəllim pək şərəfli, pək böyük bir adamdır". Böyük şair hələ gəncliyində dərk etmişdi ki, gözəl cəmiyyətin əsası, gözəl millətin dəvası məhz elm, təhsil, sözün geniş mənasında maarif və mədəniyyətdir.
Hüseyn Cavidin "Həsbi-hal"ın ikinci sayında təlim və tərbiyənin ictimai-tarixi əhəmiyyəti, millətin sivil dünyaya qoşulması üçün əhəmiyyətin əsaslandırarkən böyük alman filosofu İ.Kant, ingilis filosofu C.Lokka istinad etməsi onun maraq və savad dairəsinin geniş olduğunu göstərir. O, eyni zamanda H.Spenserin belə bir fikrini misal verir ki, "tərbiyənin qayəsi bizi mükəmməl surətdə yaşamağa hazırlamaqdır". H.Cavid təlim və tərbiyənin müsbət nəticə verməsi üçün üç şərt, üç mərhələ təsnif edir: 1) "elmi həyat", 2) "elmi ruh", 3) "elmi əxlaq". Yəni atalar demişkən "sağlam bədəndə sağlam ruh olar" və biz də deyirik: sağlam ruh sağlam əxlaqın təməlidir. H.Cavid səviyyəli təlim və tərbiyə üçün iki əsas şərt üzərində dayanır: 1) Səviyyəli müəllim (III yazı) və 2) səviyyəli məktəb (IV yazı). Məktəb şəxsiyyəti formalaşdıran əsas məkandır.
"Qafqazda müəllimlər" yazısında Cavid müəllimləri üç qismə bölür: 1) Arazı aşıb gələn fanatizm dəllalları; 2) Seminariya iktimal etmiş əfəndilər; 3) yeni üslubda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclər.
H.Cavidin "Nakamlıq" məqaləsi ("İqbal" 14 may 1912) çox gənc ikən təxminən 35 yaşında həyatdan getmiş istedadlı ədəbiyyatşünas və tənqidçi, "Füzuliyə bir nəzər" və ilk "Azərbaycan ədəbiyyat tarixi"(çap olunmayıb) əsərinin müəllifi Abdulla Sur - Abdulla Tofiqin (1877-1912) ölümü münasibətilə yazılıb. "Bu gün qara torpaq, əcəlin pənceyi-qəhri Qafqaziyanın Rusiya türklərinin, daha doğrusu, bütün türk-ünsürü-nəcibinin yorulmayan, qəhrəman və çalışqan bir övladını aquşi-əbədisinə alıyor.
Mirzə Abdulla Məhəmmədzadə, A.Sur, Abdulla Tofiq imzalarını qəzetə sütunlarında görüb bilməyən pək az qars bulunur zənn edirəm.
İştə fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi!
Onun türk dilinə, türk ədəbiyyatına olan xidmətləri pək parlaq olacaqdı, əfsus ki, kəndisi söndü getdi".
H.Cavid A.Sur haqqında bir neçə məqalə yazıb, onun xidmətlərini qeyd etmiş, çox gənc ikən ölməsinə dərin təəssüf hissi keçirmişdi. O, müasiri A.Surun ölümünə ağı da yazmışdı:
Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən heç doymadın,
Əfsus ki, fikrinə nail olmadın,
Ağla, qardaş! Ağlamalı günündür!
H.Cavidin A.Sura həsr etdiyi, "Mirzə Abdulla Məhəmmədzadə yaxud (A.Sur) - Abdulla Tofiq ("İqbal" qəz. 17 may 1912) adlı geniş məqalədə A.Surun ədəbi-tarixi xidmətləri ilə bərabər, Əhməd Cavadın ona həsr olunmuş böyük bir şeiri də yer alır. Şeir "Bütün dünya alt-üst olsa, bən ki, səni unutmaram" misrası ilə tamamlanır.
Hüseyn Cavid böyük türk ədibi Namiq Kamalın "Akif bəy" faciəsini Tiflis teatrında tamaşaya qoyulması münasibətilə "İqbal" qəzetində (9 oktyabr 1913) xüsusi bir məqalə yazıb.
Tiflisdə açılmış "İttifaq" mədrəsəsinin fəaliyyəti H.Cavidi maraqlandırıb. O bu münasibətlə "Tiflisdə "İttifaq" məktəbi" ("Müxbir" imzası ilə "İqbal" qəz. 25 may 1914), "İttifaq məktəbi"nə bir nəzər" ("İqbal" 11 avqust 1914) məqalələrini yazıb. Gənc Cavid yazır: "Mədrəsənin bəzi-hali hazırını göz önünə gətirdikcə yalnız "İttifaq" halına deyil, bəlkə dolayısı ilə bütün İranın halına qan ağlamaq qabil deyildir". Beləliklə, fəzilət məlum, Cavidin bu bir cümləsi kifayət edər ki, işin mahiyyətini dərk edəsən. "Açıq söz"ün 26 noyabr 1915-ci il sayında H.Cavidin "Müharibə və ədəbiyyat" məqaləsi çap üzü görüb. Hiss etmək çətin deyil ki, bu məqalə "İblis" əsərini yazmağa müəyyən bir hazırlıqdır. Müəllif xalqların tarixi taleyindən keçən qara bir zolaq olan müharibə humanist Lev Tolstoy kimi insan ruhunun xilaskarı Cavidi də narahat-narahat düşündürüb: "Tuhaf şey! Nerəyə getsən, hər neyə baxsan bir sarsıntı, bir pərişanlıq hökm-fərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda... Dünyamız şimdiyə qədər hənüz qorqunc bir bəlaya rast gəlməmiş, böylə müdhiş bir inqilab görməmişdir". Cavid müharibə əhval-ruhiyyəsini (I Cahan müharibəsini) belə gərgin təsvir edir. Əslində humanist ədib cəbhələri yox, insanların ürəklərində gedən döyüşləri təsvir edir. Bu "İblis" faciəsini yazmağa müəyyən hazırlıq idi. Cavid müharibələri rədd edirdi. Lakin bu dövrdə o, yenə də maarif silahını əlindən yerə qoymurdu: "Bizdə - Rusiyada (bizi Rusiya adlandırır- G.Ə.K.) ibtidai, orta və ali məktəblərin azlığı bir nöqsan təşkil etdiyi kibi, bu məktəblər də olduqca səthi və nəzəridir". H.Cavid təlim və tərbiyədə də, elmdə də dərinliyin tərəfdarı və müdafiəçisi idi: "Ən faydalı düşüncələr, ən ciddi mühakimələrdə yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilər". Beləliklə, Azərbaycan romantizminin ən qüdrətli nümayəndəsi H.Cavid, Azərbaycan lirik-romantik şeirinin dahisi M.Füzuli ilə 4 əsrin üstündən birləşirdi: H.Cavid də "elmsiz şeir əsası yox divar olur, əsası yox divar qayət də bietibar olur", "Şeir fəziləti də bir ayrı elmdir" deyən Füzuli kimi elmli-şeirin - intellektual poeziyanın tərəfdarı idi. Bu mənada romantik filosof Hüseyn Cavid türk tarixinə yeni gözlə nəzər saldı - "Şeyx Sənan", "Səyavuş", "Peyğəmbər", "Topal Teymur" dramlarında tarixin bədii-fəlsəfi obrazının yaratdı.
Bu H.Cavidin həm bədii, həm də elmi-nəzəri konsepsiyasında başlıca hədəfidi. Bu mənada H.Cavid XIX-XX əsrlər Türkiyə ədəbiyyatının Rza Tofiq, Əbdülhəq Hamid, Tofiq Fikrət kimi nümayəndələrini yüksək qiymətləndirir, ustadlarını təqdir edirdi.
Hüseyn Cavidin ədəbi-nəzəri görüşlərinin bir qolu olan "Məktubları" ayrıca söhbətin mövzusudur. Çünki Cavid kimi sənətkarlar təsadüfi heç nə yazmır, onların həyat və yaradıcılığındakı hər bir vergülün, hər nöqtənin mənası vardır.