525.Az

Alınmayan müsahibə - Aytac Sahəd yazır


 

Alınmayan müsahibə - <b style="color:red"> Aytac Sahəd yazır</b>

"Həmişə arzulamışam ki, məndən müsahibə götürsünlər. Yadımdadır, makinaçı işləyəndə bizim müdirin yanına tez-tez jurnalistlər gəlirdi. Onlara böyük maraqla baxırdım. Həyatın işinə bax, bu yaşımda məni arzuma çatdırdı. Səhərdən otaqları silə-silə nə danışacağımı götür-qoy edirəm. Görün, mən neçə ildir ki, idmançılarla işləyirəm. Nolsun ki, xadiməyəm. Bilirsiniz, nə qədər məşhur idmançı görmüşəm? Sizə çox maraqlı şeylər danışa bilərəm. Elə həyəcanlıyam ki. Siz məndən nə soruşacaqsınız?"

Düzü, ondan nə soruşacağımı özüm də bilmirdim. Bu qadını fərqli baxış bucağı axtaranda tapmışdım. Uğur qazanan idmançılar haqqında təkcə məşqçidən yox, həm də uşaqlıqdan onların məşqini görən xadimədən eşitmək istəyirdim. Ancaq bu qadınla tanış olanda başa düşdüm ki, onun öz hekayəsi haqqında mütləq yazmalıyam.

 

Müsahibim xadimə bir xanımdır. Adını niyə çəkmədiyimi yazının sonunda qeyd etmişəm. İndi isə hekayəsini danışım. Özü də lap başdan - uşaqlığından...

- Fəhlə ailəsində böyümüşəm. Evdə altı uşaq olmuşuq. Anam ali təhsil almağımızı çox istəyirdi. Həmişə televizorda vəzifəli adam görəndə deyirdi ki, kaş uşaqlarımdan biri belə olardı.

- Oldu?

- Yox, olmadı. Baxmayaraq ki, anamı bu arzusuna çatdırmaq üçün əlimdən gələni etdim. Qəbul üçün sənədlərimi versəm də, instituta girə bilmədim. Sonra peşə məktəbinə daxil olub, makinaçılığı öyrəndim. Oranı bitirən kimi dərhal işə başladım. On iki il fasiləsiz müxtəlif yerlərdə çalışmışam. Hətta idarələrdən birində makinaçılar şöbəsinin müdiri idim. Çox savadlı adamlarla işləyirdim. Rus dilini yaxşı bildiyim üçün hər iki dildə çox sürətli yazırdım. İşlədiyim yerlərdə məni qabağa çəkməyə çalışırdılar. Hətta bir dəfə dedilər ki, məni ixtisasartırma üçün Rusiyaya göndərmək istəyirlər. Ancaq anam qoymadı, dedi qız uşağını təkbaşına buraxa bilmərəm. Mən də məcbur olub təhsilimi burada almaq qərarına gəldim. İşləyə-işləyə texnikumda oxuyurdum.

- Bu gün də mütaliə edirsiniz, yoxsa rəvan nitqiniz tələbəliyinizin mirasıdır?

- Düzü, indi kitab oxumağa çox vaxtım olmur. Həm də xlorla işləməkdən artıq gözlərim xeyli zəifləyib. Ancaq əvvələr daha çox oxuyardım. Yoldaşım da mütaliəni sevirdi. Ona görə, bizim evdə həmişə oxunası kitab tapılırdı.

- Yoldaşınızla necə tanış olmuşdunuz?

- İşdə. Əvvəlcə mənə yaxınlaşmağa ürəyi gəlməyib. Onda mən müdir idim, o da işlədiyim binada usta. Ancaq sonra cəsarət tapıb yaxınlaşdı. Danışdıqca gördüm ki, o da mənim xoşuma gəlir. Artıq məsələ ciddiyyətə doğru gedəndə mənə dedi ki, gərək işdən çıxasan, mən işləyən qadınla evlənmək istəmirəm. Xasiyyəti çox tünd idi. Əvvəlcə qəbul etmədim, ayrıldıq. Özümə qapandım. Sonra yaşıma baxdım, onda 28 yaşım vardı, düşündüm ki, evlənməyin vaxtdır. Əslində, yaşım elə də çox deyildi. Ancaq təklikdən qorxduğum üçün çətin də olsa, bu qərarı verdim. Şərtini qəbul edib işdən çıxdım, bir müddət sonra mənə nişan gəldi.

- Ailəniz bu qərarınızı necə qarşıladı?

- Atam bu işlərə çox qarışmazdı, ancaq anam çox qəzəbləndi. Ölənədək yoldaşımı buna görə qınayırdı. Çünki evlənəndə təkcə işdən çıxmamışdım, həm də texnikum təhsilimi atmışdım. Halbuki diplom almaq üzrəydim. Sevgi gözümü kor eləmişdi.

- Bəs gözünüz nə vaxt açıldı?

- Yoldaşım içkiyə qurşananda. Onda oğlumun beş yaşı vardı, dolana bilmirdik. Əslində, həyat yoldaşımın əlləri qızıl idi, yaxşı qazanırdı, di gəl hamısını içkiyə verirdi. Birtəhər dözürdüm, ancaq bir gün qonşu bizə bazarlıq elədi. Bu, mənə çox toxundu. Yoldaşıma dedim ki, icazə versən də, verməsən də, işləyəcəyəm. Əvvəlcə razılaşmasa da, sonradan məcbur oldu. Ancaq artıq əvvəlki işimə qayıda bilməzdim. Bir tanışımız vardı, məni xadiməliyə düzəltdi. Təzə başlayanda çox çətinlik çəkirdim. Yadımdadır, ilk iş günümdə mənə böyük bir zalı göstərib dedilər ki, buranı təmizləməlisən. Zala baxıb bir xeyli düşündüm ki, yəni bu boyda döşəməni mən siləcəyəm? Sonra isə öyrəşdim... İyirmi ildən çoxdur ki, bu idman zalında xadimə işləyirəm. Özümü o qədər şanslı hesab edirəm ki, məşhur idmançılar gözümün qarşısında böyüyüb. Ümumiyyətlə, uşaqlarla işləmək elə gözəldir ki. Mən onların həm göz yaşını görmüşəm, həm sevincli günlərini. Uşaqların çoxu qızıl medal qazananda mütləq mənə hədiyyə alırlar. Düzdür, indiki idmançılar bunu əvvəlkilər kimi tez-tez eləmir, ancaq hələ də içlərində adəti qoruyanlar var. Əsas odur ki, qələbə qazansınlar, onların gülən üzünü görək. Zalda elə uşaqlar var ki, doğma balamdan ayırmıram.

- Neçə övladınız var?

- Bir oğlum var. Onu da çox çətinliklə böyütmüşəm. İndi ikimiz yaşayırıq. Oğlum da, mən də işləyirik. Şükür bu günümüzə. Qızım, mən həmişə nikbin olmuşam, hər şeyə yaxşı tərəfdən baxmağa çalışmışam. Bəlkə də inanmayacaqsan, ancaq mən xadiməliyi də sevə-sevə edirəm. Halal çörəyimi qazanıram. Öyrəşmişəm artıq, barışmışam qismətimlə. Deməli, belə olmalı  imiş... (Fikrə gedir)

Ölümünə yaxın yoldaşım dedi ki, kaş səni başqa cür yaşadardım. Mən yoldaşımı sevirdim. O, yaxşı adam idi, əgər içən olmasaydı, hər şey tamam başqa cür ola bilərdi. Əvvəl belə deyildi, hər şey lap sonradan oldu. Bir də məni işdən çıxarmağı... heç vaxt üzünə vurmadım, ancaq həmişə içimdə bu nisgili daşımışam. Onunla tanış olanda yaxşı işim var idi, maşın növbəsindəydim, ev növbəsindəydim, ancaq... Makinaçı işləyəndə xeyli pul yığmışdım. Əlavə sifarişlər də götürürdüm. Pulumu banka qoymuşdum, doxsanıncı illərdə pul batsa da, sonradan qayıtdı mənə. Yoldaşım onda sağ idi. Pulun qayıdacağı xəbərini eşidəndə yoldaşıma dedim ki, nolar bu pula toxunma, bu pul mənim zəhmətimdir. Dedi toxunmaram. Toxunmadı da. (kövrəlir) Həmin pula qulağımdakı bu sırğaları aldım. O puldan yoldaşıma da qızıl üzük almışdım. Götürmək istəmirdi. Həmin gün elə qəşəng idi ki. Bazarlıq edəndən sonra bulvara getdik, dondurma aldıq, şəkil çəkdirdik...

- Yəqin ki, ananızın sözünü eşitmədiyinizə peşmansınız.

- Nə danışırsınız? Peşman niyə oluram? Nə yaxşı ki, vaxtında ailə qurmuşam. Bu gün bir oğul anasıyam. Qismətim olmayan bütün gözəl günlər qurban olsun balamın bir telinə.

Sonuncu cavab məndə başqa suallar yaratsa da, söhbəti uzatmıram. Sağollaşıb ayrılırıq. Bir neçə saat sonra müsahibim zəng edib deyir ki, oğlu söhbətimizi öyrənəndə çox əsəbləşib. Sən demə, anası müsahibəyə ondan xəbərsiz gəlibmiş. Əlqərəz, o, müsahibənin getməsini istəmir. Telefonun o biri başından gələn məyus səs məni xeyli sarsıdır. Hiss edirəm ki, ağlayıb. Məcbur olub razılaşıram. Beləcə, böyük maraqla dinlədiyim həyat hekayəsinin künc-bucağından qamarladığım üç-beş səhnəni əks etirən bu yazı ilə kifayətlənməli oluram. Həmin qadının isə həyata keçməyən arzuları sırasına daha biri əlavə olunur...

 





15.07.2024    çap et  çap et