Yazıçının katarsisi
Adı, imzası əsərləri kimi oxucuya bəlli olan, yaddaşlara yazıçı kimi hakim kəsilən sənət adamları ötən zamanlarda da olub, indi də var, bundan sonra da olacaq. Hər hansı yazıçının cild-cild kitablarından, əsərlərindən hamısı yox, məhz ürəyimizdən xəbər verənləri, gerçək həyatı əks etdirənləri, həyatın gedişatına təsir edənləri yaddaş saxlancımızda qalır. Personajların ibrətlisindən ibrət götürürük, mənfi tipin düşdüyü acınacaqlı vəziyyət isə bizi çəkindirir. Sanki tərbiyələnir, əyri yoldan uzaqlaşır, yaramaz olmaq istəmir, əxlaqımız, ruhi aləm təmizlənir, nəticədə katarsis - "fəci təmizlənmə" baş verir ki, bu, olduqca vacibdir. Bədii ədəbiyyatda, sənətin digər janrlarında "fəci təmizlənmə", onun mahiyyəti aktuallıq kəsb edir. Sənət əsərinin mahiyyəti, qayəsi, gərəkliyi, sosioloji gücü, əxlaqi-didaktik təsiri də bununla şərtlənir.
Fridrix Engelsin "Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu" adlı əsərdə deyildiyi kimi, filosoflar dünyanı müxtəlif cəhətdən izah etməyə çalışmışlar, lakin əsas məsələ onu dəyişdirməkdən ibarətdir.
İnsan (fərd) dünyaya qüsursuz gəlir. Heç bir günah sahibi olmur, lakin o böyüyür, həyatın dolanbac burulğanlarına düşür, gözlənilməz hadisələr, əhvalatlar, xeyirlə şərin mübarizəsi, mənəviyyatın deqeredasiyası, həyatın katakalizmləri onu ağuşuna alır, cəmiyyət necədirsə, fərdini də öz istiqamətinə yönləndirir. Nəticədə nə baş verir?
Bu suala yazıçı, dramaturq, publisist Qafar Cəfərliyə münasibətdə iki istiqamətdən yanaşaq. Birincisi, Qafar Cəfərlinin taleyi, həyat yolu elə gətirib ki, yaşadığı cəmiyyəti, insanları qanundankənar amillərdən qorumaq üçün milis (polis) orqanlarında işləməyə qərar verdi. O, arzusuna tərəf yol gələrkən neçə-neçə sədləri aşdı, universitetə qəbul olunanda atasının sevinc dolu göz yaşlarını indi də unutmadı. Peşəkar hüquqçu olmaq üçün güclü savada, iradəyə, təmiz qəlbə sahib oldu. Sonra ayrı-ayrı rayonlarda müxtəlif vəzifələrdə çalışdı. Uzun illər polis orqanlarında əməliyyat işlərinə rəhbərlik etdi. Polisdə ən çətin sahə hesab olunan əməliyyat xidmətində çalışarkən baş vermiş cinayət hadisələri, həmin cinayət hadisələrinin açılması, cinayətkarların tutulması, hadisələrin ümumi mənzərəsinin təhlili Qafar Cəfərlinin gələcəkdə yazacağı əsərlərə zəngin material verdi. Hiss etdi ki, müşahidələrini qələmə ala bilər və ömrünün qalan hissəsini də yazıçılığa həsr etməklə, cəmiyyətin saflaşmasına kömək edə bilər. Bundan ötrü özünü sınamalıdır. Belə də oldu. Hekayələr, povestlər, romanlar çap etdirdi. Qafar müəllimə öz əsəri əsasında çəkilmiş serialda aktyor kimi çəkilmək də nəsib oldu. Bununla da tanınmağa başladı.
Bu, hələ başlanğıc idi
Təcrübəli hüquqşünas, istedadlı qələm ustası, maraqlı əsərləri həyati, gerçəkliyi daha çox əks etdirən Qafar Cəfərlinin şəxsi-mənəvi keyfiyyətləri nümunəvidir, dostluqda sədaqətli, mərd və mübarizdir, haqqı bədxahın ayağına verməz. Onun əsərlərilə tanış olduqca xoş hisslər keçirirsən, sanki əhvalatlar gözlərimin önündə baş verir. O, personajları bizə tanıtmaqda çətinlik çəkmir. Onun əsərlərinin yanaşma bucağı, bədii prizması və analitik təhlili, kompozisiya və süjet xətti bir-birini tamamlayır. "Gecənin lal fəryadı", "İki ayaqlı canavarlar", "Qəbir yeri", "Bərzəx sakininin etirafları", "Günahsiz mələk", "Namus yarası", "Tanrının göz yaşları", "Xəyanət", "Kimsəsizlər", "Saatın 61-ci dəqiqəsi" kimi əsərləri oxucunun diqqətini çəkir, onu düşünməyə, nəticə çıxarmağa vadar edir. Müəllifin irihəcmli əsərlərinim avtobioqrafik səciyyə daşıdığı da sirr deyil.
Qafar Cəfərli dedektiv romanlar, yoxsa hekayələr ustasıdır? Ömrünün müdriklik çağlarında onu usanmadan əsərlər yazmağa vadar edən nədir? O, bununla da sonuncu borcunu yerinə yetirirmi? Fikirləşmədən cavab verim ki, nasir Qafar Cəfərlini həyat eşqi yaşamağa, yazmağa sövq edir. Bəli, onun xarakteri cəmiyyətə son borcunu verməyə yardımçıdır. Söz yox ki, Qafar Cəfərlinin əsərlərini bir-bir təhlil etmək fikrimiz yoxdur. Əsl qiyməti elmi tədqiqatla, ədəbi tənqidlə məşğul olanlar verməlidir. Bu baxımdan çoxlu kitabın, elmi-publisistik əsərin müəllifi olan tanınmış yazıçı, ədəbiyyatşünas alim Allahverdi Eminovun "Qafar Cəfərlinin nəsr yaradıcılığı" adlı monoqrafiyası bəyəniləndir, çox tutarlı əsərdir. Onun yanaşma üslubu, fəlsəfi nəticələri yenidir, Qafar müəllimin bədii yaradıcılığı onun zəngin həyat təcrübəsi, peşəkarlığı ilə sıx əlaqəda təhlil edilib. Filoloq-ədəbiyyatşünas Musa Xanbabazadənin 2023-cü ildə nəşr olunan "Qafar Cəfərli sözünün işığında", Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, tanınmış naşir, yazıçı-publisist Şəddat Cəfərovun 2024-cü ildə nəşr olunan "Yazının güzgü gücü" adlı kitablarda da Qafar Cəfərli yaradıcılığı müxtəlif aspektlərdən geniş təhlil olunub.
Qafar Cəfərlinin "Yaşamaq eşqi", "Tənha qadın", "Gülgəzi", "Bir udum hava", "Bir gecənin vahiməsi" adlı hekayələri göstərir ki, yazıçı nəsrə layiq mövzu seçə bilir. Hekayələrində cinayətkarların tale, Tanrı tərəfindən cəzalandırılmasını nəzərə çarpdırır. "Xeyirlə şərin qovuşduğu gün" povesti isə qorxunc bir cinayət növünə - uşaq oğurluğu probleminə həsr olunub.
Qafar Cəfərli insanları narahat edən problemləri tək nəsrlə deyil, həm də dramatik əsərlərdə də qabartmağa, cəmiyyəti bu təhlükədən xəbərdar etməyə çalışır. Onun bu il çap olunan "Qıl körpüsündə rəqs" adlı kitabında yer alan pyesləri bunu təsdiq edir. "Qıl körpüsündə rəqs" faciəsi son əsrlərdə bəşəriyyəti ən çox narahat edən narkomaniya probleminə işıq salır. "Tanrı əmanəti" adlı dramı tamahın, əyyaşlığın insanların həyatına vurduğu ağır zərbələr və nəticədə məhv olan arzular, dağılan ailələr, viran qalan evlər bütün dəhşəti ilə insanlara çatdırılır. "Şəhid bayraq" dramında isə 2-ci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşan və canından keçən qəhrəman oğullarımızın həyatı əks olunur.
Tənhalığa son
Nasirin son aylarda sosial şəbəkədə paylaşdığı, hər biri real həyatımızın bir mənzərəsini (acı və ya şirin) özündə əks edən "Gülgəzi", "Yaşamaq eşqi", "Tənha qadın", "Fateh" və digər hekayələri böyük rezonans yaratdı, oxucular arasında geniş əks-səda verdi, ciddi müzakirələrə səbəb oldu. Müəllif bu hekayələrdə insanları narahat edən problemləri qabartmaqla yanaşı, onları həm də yaxşı, amma normal yaşamağa sövq edir.
Çox bəyəndiyim "Tənha qadın" hekayəsi maraqlı və vacib sonluqla bitir. Nərminin həyat yoldaşı Nihat avtoqəzada faciəli surətdə həlak olur. Günlər ötüb aylara dönür, Nərmin tənhalıqdan bezir, tək yaşamaq ona ağır dərd olur. Nərmin özünü evin yuxarı mərtəbəsindən atıb intihar eləmək istəyir. Aşağı baxanda dairəvi bir işığın içində Nihatın əllərini yelləyərək nəyəsə işarə etdiyini görür. Son anda mobil telefonuna gələn mesaj diqqətini çəkir. Telefonun mesaj blokunu açır: "Hörmətli Nərmin xanım, müayinə zamanı sizin üç aylıq oğlan uşağına hamilə olmağınız təsdiq olundu..."
Oxuyur və intihar fikrindən daşınır.
Beləliklə, Nərmin başa düşür ki, intihar etmək əbəsdir, tənhalığın daşını ata biləcək. Deməli, yaşamaq lazımdır. Sabahlar bu gündən açılır. Yaşamaqçün isə iradə lazımdır...
Və yazıya son
Qafar Cəfərli yazıçı, dramaturq, publisist olaraq özünü təsdiq etmiş imzadır. Ədəbi uğurlarına görə son illərdə aldığı beynəlxalq Rəsul Rza mükafatı, AYB-nin Səməd Behrəngi və Bəxtiyar Vahabzadə ədəbi mükafatları və adını çəkmədiyim digər mükafatlar bu fikrimi sübuta yetirir. O, Prezident mükafatçısıdır.
Qafar Cəfərli həm də bacarıqlı rəhbər, yorulmaz təşkilatçıdır. 2020-ci ilin avqust ayından sədri olduğu AYB-nin Lənkəran Bölməsinin son illərdə qazandığı uğurlar şəksizdir və bu fakt AYB rəhbərliyi tərəfindən də təsdiq olunur. Bu gün Cənub bölgəsində qaynar bir ədəbi mühit yaranıb ki, bunun əsas təşkilatçısı və icraçısı məhz Qafar Cəfərli və onun ətrafında cəmləşən çoxsaylı yazarlar, geniş oxucu kütləsidir.
P.S. Hələlik isə son sözüm: Əzizim Qafar Cəfərli, söz taxtında baxtına düşən oxucu sevgisi qazanmaq böyük hünər tələb edən ağır, əzablı bir yoldur. Məni sevindirən isə odur ki, sən bu yolda inamla irəliləyirsən. Uğurlar, əziz dost!
İdris ŞÜKÜRLÜ
Əməkdar jurnalist