Dünyada bütün hörümçəklərin ümumi çəkisi 25 milyon tondur.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Bazel və Brandenburq Universitetlərinin bioloqları hesablayıblar. Maraq üçün qeyd edək ki, insanların ümumi çəkisi 200 milyon tondur.
Alimlər onu da hesablayıblar ki, hörümçəklər il ərzində 400-800 milyon ton qida qəbul edirlər. Bunların isə böyük əksəriyyəti kənd təsərrüfatı məhsillarına ziyan vuran və xəstəlikləri yayan zərərli həşəratlardır. Üstəlik, hörümçəklər özləri bir çox heyvanların qida rasionuna daxil olduqları üçün qida zəncirində əhəmiyyətli yer tuturlar.
Maraqlıdır ki, ABŞ-nin Şimali Karolina Universitetinin alimləri də hörümçəklərlə bağlı maraqlı araşdırma aparıblar. Məlum olub ki, hər evdə orta hesabla 100 hörümçək yaşayır. İnsanla təmasdan qaçdıqları üçün onları demək olar ki, görmürük. Alimlər hörümçəkləri gördükdə öldürməməyi, ehmalca həyətə və ya küçəyə buraxmağı məsləhət görürlər.
Hörümçəklərdən söz düşmüşkən, Azərbaycanda insanlar arasında hörümçəklərlə bağlı xeyli inanclar var. Onlardan biri də hörümçəyi öldürən şəxsin tezliklə bəd xəbər alacağına, xəstələnəcəyinə və ya pul itirəcəyinə işarədir.
L.Tağıyeva