525.Az

Azərbaycan-Qazaxıstan turizm forumu keçirilib


 

SƏFİR: “QAZAXISTAN AZƏRBAYCANA TURİST AXININA GÖRƏ ÇİN VƏ HİNDİSTANDAN SONRA ÜÇÜNCÜ YERDƏDİR”

Azərbaycan-Qazaxıstan turizm forumu keçirilib<b style="color:red"></b>

Bu gün Qazaxıstanın Azərbaycandakı səfirliyində  Azərbaycan-Qazaxıstan turizm forumu keçirilib.

525.az xəbər verir ki, forumda əsas məqsəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığı dərinləşdirmək və turist sayının artırılması olub.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Türk Mədəniyyətu və İrsi Fondunun prezidenti Aktota Raumkulova, Azərbaycan Dövlət Turizm Agentliyinin, "KazakhTurizm" milli kompaniyasının,  Air Astana, FlyArystan aviaşirkətlərinin təmsilçiləri, ayrı-ayrı regionların nümayəndələri iştirak ediblər.

Səfir Alim Bayel açılış nitqində deyib ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaş və müttəfiqdirlər. İkitərəfli əməkdaşlıq bütün sahələrdə, o cümlədən turizm sektorunda inkişaf edir.

Diplomat qazaxların Azərbaycana, azərbaycanlıların Qazaxıstana artan marağını vurğulayıb. Onun sözlərinə görə, 2023-cü ildə Mərkəzi Asiyadan Azərbaycana səfər edən hər ikinci turist Qazaxıstandan gəlib: "Ötən il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 38 mindən çox qazaxıstanlı turist səfər edib".

Səfir bildirib ki, bütünlükdə Azərbaycana turist axınının artım dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdədir. O, bu sahədə çox yaxşı dinamikanın olduğunu və tədbirin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.

Diplomat onu da deyib ki, Astana və Bakı Azərbaycan ərazisi vasitəsilə Qazaxıstandan "yaşıl" enerji ixracı layihəsini hazırlayır. Səfirin sözlərinə görə, ölkələr arasında qarşılıqlı səmərəli sıx ticari-iqtisadi əməkdaşlıq qurulub.

Eyni zamanda Alim Bayel təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün mühüm rol oynayacaq (xüsusən Orta Dəhlizin əhəmiiyyəti) birgə layihələri qeyd edib.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti çıxışında həyata keçirilən müxtəlif layihələr barədə danışıb, mədəniyyətlərin ölkələrimizi birləşdirdiyini vurğulayıb.

Tədbirdə Qazaxıstanın turizm sənayesi nümayəndələri ölkənin ən populyar turizm istiqamətləri barədə təqdimatlar ediblər. Eyni zamanda, 8-14 sentyabrda Astanada keçiriləcək Ümumdünya Köçəri oyunları barədə ətraflı məlumat verilib.

İki ölkənin turizm agentlikləri arasında B2B sessiyaları baş tutub. Azərbaycan və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıblar.

Pərvanə Sultanova

 

 





23.07.2024    çap et  çap et