Naxçıvan Muxtar Respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması, həmçinin bərpa olunacaq abidələrin ilkin siyahıları müəyyənləşdirilməsi ilə bağlı iş aparılııb, tarix-mədəniyyət abidələrinin UNESCO-nun maddi mədəni irs üzrə reprezentativ siyahısına salınması barədə təkliflər təqdim edilib.
525.az xəbər verir ki, Muxtar Respublikanın Mədəniyyət Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, belə abidələrdən biri də Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya abidəsidir.
Abidənin UNESCO-nun maddi mədəni irs üzrə ilkin siyahısına salınması üçün məlumatların toplanması məqsədilə 2024-cü ilin 2-6 avqust tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Tarix elmləri doktoru, Avropa Şurasının nəzdində CARP–PRAT təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi Məlahət Fərəcova Naxçıvan Muxtar Respublikasına ezam edilib.
Məlahət Fərəcova Ordubad rayonunun Gəmiqaya ərazisində olub, qayaüstü təsvirlər, ərazinin təbii resursları, landşaftı və s. ilə bağlı məlumatlar toplayıb.