525.Az

"Kağız zireh"ə sığınanlar - Vəfa Mürşüdlü yazır


 

"Kağız zireh"ə sığınanlar - <b style="color:red"> Vəfa Mürşüdlü yazır</b>

"Həyatın maskarad olduğunu, mənimsə oraya həqiqi simamla qatıldığımı anlayanda özümdən utanmışdım".

(Franz Kafka)

 

Həyatın sərt üzü hər bir fərdi özünəməxsus müdafiə mexanizmləri formalaşdırmağa sövq edir. Başda məsum görünən bu mexanizmlər ruhu, bədəni və zehni qorumaq məqsədilə müsbət formada təzahür etdiyi kimi, insanın fitrətindən asılı olaraq mənfi xarakter də daşıya bilər. Digər tərəfdən qalxan və sipərsiz meydana atılan, yəni daxili dünyasını çılpaqlığı ilə büruzə verən insanlar savaşa silahsız qatılmış əsgərtək ən yaxşı halda ağır yaralanmağa məhkum olurlar. Kafkanın yuxarıdakı sözlərində sezilən peşmanlıq hissinin dərin qatında zərbə almış insanın iztirab halında özü ilə üzləşməsi əks olunur.

Müdafiə mexanizmləri isə təmiz niyyətlərdən uzaqlaşdıqca sosial maskalar və gerçək mənlik arasında kəskin fərq yaranır. Bəd məramlı şəxs getdikcə ümumbəşəri dəyərlərdən qoparaq, mənəvi uçurumun kandarında dayanır. Bu yazıda həmin insanlardan və onların büründükləri "kağız zireh"dən bəhs edəcəyəm.

Onlar "kağız zireh"i ətrafdakıların etimadını qazanmaq məqsədilə geyinirlər. Bu səbəblə təxmin edərsiniz ki, "zireh"lər zahirən cəlbedici olmaqla yanaşı, ilk baxışda saflıq, səmimiyyət, şəfqət nümayiş etdirməlidir. Altındakı daşlaşmış qəlbi, qaranlıq boşluğu, məna çatışmazlığını gizlətməli, həqiqi niyyətləri, daxili zəiflikləri, qeyri-kafiliyi, qorxuları, özünə inamsızlığı ört-basdır etməlidir.

Cazibədar "zireh"lərinə güvənən insanlar unudurlar ki, saxtalıq kainatın təbiətinə ziddir və buna görə də xoşbəxtlik gətirə bilməz. Ancaq yaxşı bilirlər ki, müdafiə vasitələri kağızdandır, zəifdir və həqiqətin gücü qarşısında davam gətirməyəcək. Gerçəkliyin parıltısı, əvvəl-axır yalançı təmtərağı məhv edəcək.

Beləliklə, həqiqətin işığından künc-bucaq gizlənən aciz "zireh"lilər dürüst insanlara dərin nifrət bəsləyirlər. Mənəviyyat sahibləri nəcib dəyərləri, humanist keyfiyyətləri ilə həyat səhnəsinə nur saçarkən, kağızdan maskalar xarab olur, saralıb-solurlar. Və varlığını təhdid altında hiss edən "zireh"lilər içlərindəki zəhərli çirkab toplarını işıq gələn tərəfə atırlar. Maraqlarını təmin etmək üçün yalan və  böhtanlar uyduraraq, şayiələr yayaraq təmiz insanları şərləməyə, nüfuzunu zədələməyə, gözdən salmağa çalışırlar. Dayanıqsız "zireh"lərini soyuq və hesablı bir zəka ilə gücləndirmək ümidi ilə qaranlıq dünyalarına çəkilir, hiyləgər planlar qururlar. Bu yolda hər cür üsul və taktikaya əl atmaq, başqalarının həyatını məhv etmək onların "ali missiyasına" çevrilir.

Onların daim vəsvəsə içərisindəki zehinləri, bir növ şeytani oyun sahəsini xatırladır. Hər baxışda şübhələr, hər addımda fəndlər, hər gülümsəmədə qurğular iş başındadır. Və bu məqamda kağızdan "zireh"lilər kainatın növbəti təməl qaydasının - ahəng prinsipinin əleyhinə gedirlər.

Qocaman Kainat Ana, minillərdir, böyük bir qanunauyğunluq, İlahi nizam içərisində dövr edir. Deməli, tarazlığı, harmoniyanı qoruyub saxlamaq mühüm məsələdir. Xaos vəziyyəti zehnin də mexanizmini pozur. Qarmaqarışıq bir sistem hər nə qədər dinamik olsa belə, özü özünü gec-tez məhvə məhkum edir.

Beləcə, illüziya uzun sürmür, gözlərdən pərdə qalxır. "Zireh"lilər çeşidli manipulyasiyalar, qulaq doldurma və dedi-qodularla nəzarəti əllərində saxlamaq üçün dəridən qabıqdan çıxarkən günün birində özləri üzərində kontrolu itirirlər. "Kağız zireh"lər gözlənilməz anda sürüşüb düşür. Qalın geyinib isti çarpayıda yatan bu bəxtsiz insanlar soyuq asfaltda çılpaq oyanırlar.

Bu, əslində, bəşəri təxəyyülün sərhədini aşmış kosmik tədbir və ya kainatın ritminə uyğunlaşmağa dəvətdir. Təəssüf ki, məğlub saxtakarlar ortasına düşdükləri həngamənin mahiyyətini araşdırmaqdan boyun qaçıraraq ifşa olunmağın ağrısını yanlış üsullarla keyitməyə meyllənirlər. Tənha ruhları başlarına yıxılmış dünyalarında çırpınarkən arsız və mübaliğəli davranışlarla "hər şeyin qaydasında olduğunu" isbatlamağa çalışırlar. Sosial vəziyyəti idarə etmək, diqqəti dağıtmaq məqsədilə qərq olduqları hıçqıran gülüşlər də bu müddətin əlamətdar tərkib hissəsidir.

Başqasının kiçik xətasını üzünə vurub onu alçaltmaqdan zövq alan insan boyundan böyük günahlarını qəhqəhələrin müşayiəti ilə məqbul hesab edir. Belə gülüşlər, əslində, bir növ intihardır. Bir tərəfdən mənəvi dəyərlərin imdad naləsinin boğulması, digər tərəfdən də Kainatın adil ruhunun zəhər udmasıdır.

"Kağız zireh"lilər özlərini o qədər ağıllı hesab edirlər ki, qəbahətlərini Tanrıdan belə gizlətdiklərini düşünürlər. Bilmirlər ki, İlahinin istintaqı səssiz, mühakiməsi dilsiz aparılır. Orada nə şahidlərin ifadələri eşidilir, nə də hakimin qərarı.

Saxtakarlarcırılan maskalarını daha görkəmli olanları ilə əvəzləyib yenidən qaranlıq sulara yelkən açırlar. Ola bilər ki, içlərindən bəziləri yüksək maddi imkanlara, sosial statusa, geniş əhatəyə yiyələnirlər. Ancaq onlar da daxili aləmlərində tüğyan edən sevgisizlik burulğanının, tənhalıq fırtınasının əsarətindən xilas yolunu tapa bilmirlər. Qazanılan bütün dünyəvi uğurlar onların ruhunu doyurmaqda aciz qalır.Və "kağız zireh"lilər çiçəksiz bir baharda, sükut çökmüş parkda ruhani yenilginin ağrısı ilə gözlərini əbədi yumub bu fani dünyadan ayrılırlar.

 





12.08.2024    çap et  çap et