525.Az

Fazil Mustafaya sui-qəsddə ittiham olunanlara hökm oxunub, bir nəfər ömürlük azadlıqdan məhrum edilib


 

Fazil Mustafaya sui-qəsddə ittiham olunanlara hökm oxunub, bir nəfər ömürlük azadlıqdan məhrum edilib<b style="color:red"></b>

Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Azər Səricanov ömürlük azadlıqdan məhrum edilib. Cəzasını həbsxanada çəkməsi ilə bağlı qərar verilib.

Rəşad Əhmədov 19 il müddətində azadlıqdan məhrum edilib. Cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə hökm edilib.

Səbuhi Şirinov 20 il müddətində azadlıqdan məhrum edilib. Cəzasının ilk 10 ilini həbsxanada, qalam hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Elşad Əsgərov 18 il müddətində azadlıqdan məhrum edilib. Cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Emin Əliyarov 4 il müddətində məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

 





13.08.2024    çap et  çap et