(Əvvəli ötən çərşənbə sayımızda)
Moskvada çıxan "Oqonyok" jurnalı və "Literaturnaya qazeta", birincinin maarifçiliyi, ikincinin isə ifşaedici məqalələri ilə oxucular arasında böyük nüfuz qazanmışdı. Qorbaçov hakimiyyətə gəldikdən sonra onlar öz ideya istiqamətlərini, bədii dəyərlərini və onların nəticəsi kimi populyarlıqlarını itirdilər.
Respublikamızın mərkəzi mətbuat orqanları sayılan "Kommunist" və "Bakinskiy raboçi" qəzetləri də geniş oxucu kütləsinin rəğbətini qazanmışdı. On illər ərzində onların redaksiya heyətlərinə başçılıq etmiş Ağababa Rzayev və Mixail Okulov böyük nüfuz sahibi idilər. Moskvanın iki ali siyasi qəzetinin Azərbaycan üzrə müxbiri işləmiş Zaur Qədimbəyov respublikada gedən iqtisadi-sosial inkişafa xeyirxah münasibət bəsləməsi ilə seçilirdi. Mətbuat orqanlarına müxtəlif dövrlərdə jurnalist kimi başçılıq etmiş Rafiq. Zeynalov və Fazil Muradəliyev sonralar Azərbaycan KP Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə yüksəlmiş və göstərilən etimadı layiqincə doğrultmuşdular.
"İzvestiya" qəzetinin ABŞ üzrə müxbiri Stanislav Kondraşovun dərin məzmunlu analitik məqalələri, uzun illər həmin orqanda felyeton və məktublar şöbəsinin redaktoru işləmiş Vladimir Nadeinin qüsurlara qarşı tənqidi yazıları ölkədə böyük rezonans doğururdu.
Azərbaycanda isə az qala dörd onillik ərzində "Kommunist" qəzetinin üç zonada - Naxçıvanda, Qarabağda və şimal-şərq zonasında xüsusi müxbiri işləmiş Əli İldırımoğlu özünün qərəzsiz və bədii səviyyəsi ilə seçilən felyetonları və tədqiqat xarakterli məqalələri ilə oxucuların rəğbətini qazanmışdı. Ömrünün son illərində o, ədəbi yaradıcılıqla məşğul olmuş və yazıçı kimi üç onillik ərzində Azərbaycan kənd nəsrinə öz romanları ilə həmçinin dəyərli töhfələr vermişdir.
Görkəmli yazıçı Fərman Kərimzadə də əmək fəaliyyətinə Beyləqanda çıxan "Yüksəliş" adlı rayon qəzetinin aparıcı jurnalisti vəzifəsində işləməklə başlamışdı. Onun məqalələri həm məzmun, həm də bədii səviyyəsinə görə fərqləndiyindən, qəzetin nüfuzu xeyli yüksəlmişdi. Sonralar o, yazıçı kimi Azərbaycan tarixinə dair maraqlı romanlar yazmışdı.
İndiki mətbuat işçiləri arasında da ləyaqətini hər şeydən üstün tutan jurnalistlər az deyildir. Onlar daxildən və kənardan olan hər cür təzyiqlərə baxmayaraq, öz peşə şərəflərini qorumağa çalışır, prinsiplərinə xəyanət etmirlər. Onlar obyektivlik və xeyirxahlıq müstəvisini tərk etmək istəmirlər. Əgər hansısa təzyiq halı və şirnikləndirmə variantı mövcuddursa, bir qədər mübaliğəyə varsaq, bunlara onların məhəl qoymamasını hətta fədəkarlıq adlandırmaq olar. Belə davranışı onlara təkcə görkəmli sələfləri deyil, diqqət yetirsələr, təbiətdəki bəzi canlılar da öyrədirlər. Misal üçün, sandal ağacına balta vurulduqda, bu qiymətli ağac yaralandıqda ətrafa gözəl ətir saçır. Ağac ona olan qəddar təcavüzə də, özünə məxsus olan təbii bir alicənablıqla cavab verir. Yaxud dəniz ilbizi yaralandıqda, bunu adətən onun yumşaq bədənini hədəf seçən dənizin qunu edir, yara əmələ gələn yerdə mirvari yaratmağa başlayır. Ağır əzab çəkməsinə baxmayaraq, o öz xeyirxah əməlindən də uzaqlaşmır, qadınların boynunu bəzəyən, ona əlavə gözəllik verən qiymətli əşya yaradır. Əgər şüursuz canlı varlıqlar onları haqlayan fəlakətlə üzləşdikdə də, özlərini belə mərdanə aparırlarsa, şüurlu insan, dünyanı dərk edən jurnalist niyə xeyirxah əməli ilə fərqlənməməlidir, öz ləyaqətinə xəyanət etməklə razılaşmalıdır. Axı onun əməli göz önündədir, onu gizlətmək də mümkün deyildir. Hər bir insan, daim arzuladığı şərəfi yalnız öz əməli ilə qazanır və cəmiyyət tərəfindən də məhz buna görə lazımınca qiymətləndirilir.
Jurnalist adını daşımaq hörmətli peşə sahibi olmaq deməkdir, lakin bu mükafatı fəaliyyətinlə doğrultmalısan. Jurnalist qəzetdə, jurnalda, televiziyada, ya radioda işləməsindən asılı olmayaraq, öz ləyaqətini qorumaq qayğısına qalmalıdır. Reallığı duymaq özü də istedaddır, bu da heç də hamıya qismət olmur. Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibədə möhtəşəm qələbə çalıb, işğalçı Ermənistan ordusunu öz torpaqlarından qovdu, ərazi suverenliyini bütünlüklə bərpa etdi. Yazıçılar, şairlər, jurnalistlər bu hərbi və diplomatik qələbəni, məşhur "Hərb və sülh" romanı nümunəsinə əsaslanaraq, öz qələmləri ilə tərənnüm etməyə borcludurlar. Təəssüf ki, müharibənin gedişi vaxtı şairlər əsasən susmağa üstünlük vermiş və ondan sonra keçən üç ildən artıq müddətdə də əsgər və zabitlərimizin qəhrəmanlığı lazımınca öz bədii təsvirini tapmamışdır. Etiraf etmək lazımdır ki, düşməni məhv etmək barədə yaradıcı ziyalılarımızın əvvəllər də elə bir alovlu çağırış ənənəsi olmamışdır. Motorlar müharibəsinə, mənfur alman ordusu ilə ölüm-dirim savaşına gedən azərbaycanlı gəncə, elə bil ki, ov etmək üçün seyrəngaha çıxan adama ünvanlanan bir xeyir-dua kimi "tüfəngini təmiz saxla, atını da tumarla" tək bayağı nəsihət verilirdi. Ordunun, mərd oğulların fədakarlığına güvənmək əvəzinə, "çörək bol olarsa, basılmaz Vətən" ifadəsi ilə əslində qəhrəmanlıq tələb edən qalib gəlmək yolları və vasitələri primitivləşdirilirdi, cəbhədəki öz doğma torpağı naminə qurban gedənlərə, real igidliklərə göz yumulurdu. Müharibə heç də çörəyin bolluğu ilə udulmur. Bu mülahizəyə görə, varlı dövlətlər kasıb, ehtiyac içərisində olan xalqları asanlıqla məğlub edə bilər. Misallar isə bunun əksini göstərir. SSRİ dəhşətli aclıqla üzləşdikdən cəmi səkkiz il sonra, Avropada əksər materik ölkələrini işğal etmiş və onların resurslarına sahib olmuş Almaniya tərəfindən xaincəsinə hücuma məruz qalmışdı və müharibənin başlanğıcındakı yarım ilə yaxın müddətdə iqtisadi cəhətdən varlı ərazilərinin çoxunu itirdiyindən yenə də həm də kəskin ərzaq qıtlığı ilə üzləşmişdi. Lakin Müttəfiqlərin də hər cür hərbi, həmçinin ərzaq köməyi ilə faşist Almaniyası üzərində, keçmiş ümumi ittifaqda birləşmiş ölkə, onun xalqları qələbə çaldı. Müharibə illərində SSRİ-də çörək olduqca qıt idi, mülki əhali olduqca pis qidalanırdı, aclıqdan ölənlər də az deyildi. Yaxud yarıac Əfqanıstanı və Vyetnamı götürək. Əfqanlar XIX əsrdə ölkələrini işğal etmək istəyən ingilisləri qovub, torpaqlarından çıxarmışdı. Əfqanlar həm də XX əsrin axırıncı rübündə fövqəldövlət olan SSRİ-nin güclü ordusunu da, öz ölkələrinə hücuma başlamasından on il sonra qaçmağa məcbur etmişdilər. Bunu onlar XXI əsrin ikinci onilliyində amerikanlara qarşı da tətbiq etdilər, ABŞ ordusu uzun müddət ərzində əfqanların müqavimətini qıra bilmədiyinə görə 2021-ci ildə ölkəni tərk etmək məcburiyyətində qaldı. Vyetnam isə II Dünya müharibəsindən sonra əvvəlcə fransız müstəmləkəçilərinə qarşı, 1957-1975-ci illərdə isə amerikan ordusuna qarşı görünməmiş fədəkarlıqla mübarizə apardı. ABŞ ordusu napalm bombaları ilə kəndləri, şəhərləri, tropik meşələri yandırır, əhalini vəhşicəsinə məhv edirdi, lakin bu, vyetnamlıların mübarizə əzmini qıra bilmirdi. Amerika ordusunun Vyetnamı tərk etməkdən başqa bir çıxış yolu yox idi.
Jurnalist, əsasən yaradıcı insanlara xas olan eqoizmdən, eqosentrizmdən özünü qorumalıdır. Özünə vurğunluq, bütünlüklə öz faydası, gəlir götürməsini düşünməklə, başqa adamların maraqları ilə müqayisədə adamın öz marağına üstünlük verməsi şəxsiyyətin keyfiyyətinə xələl gətirir. Öz fərdiyyəti üzərində fikri cəmləməklə xarakterizə olunan dünyaya münasibət, eqosentrik mövqe tutmaq fərdiyyətçiliyə yol açır. Bundan isə həm onun daşıyıcısı, həm də cəmiyyət ziyan çəkir. Eqoizm, nartsisizm bəzən az qala dəlilik xüsusiyyəti qəbul edir. Bir sıra tarixi şəxsiyyətlərin simasında bu, aydın görünür.
Qələm sahibi öz yazılarının uğurunu şəxsi münasibətində deyil, oxucuların rəyində tapmalıdır. Öz məhsulunun nadir keyfiyyətlərə malik olduğunu düşünmək, yaradıcı insanı yüksəkliyə deyil, uçuruma aparır. Jurnalist hadisələrinə qiymət verərkən və onları təsvir edərkən, tonlarla xəbər filizini araşdırıb, emal edib, ondan qızıl çıxartmağa səy göstərir. Lakin bu o demək deyildir ki, onun qələmindən yalnız qızıl süzülür. Özü haqqında çox yüksək fikirdə olmaq bir qayda olaraq şəxsiyyətin qiymətini aşağı salır, ümumi rəy heç də onun qənaətinə uyğun gəlmir. Dahilik eşqinə düşənlər heç də özü düşündüyü kimi, dənizin dərinliyində mirvari ovlamır, uşaq kimi sahildəki balıqqulaqlarını toplamaqla məşğul olur. Ona görə də yaradıcı insan özündə eqoizmə qarşı immunitet yaratmalıdır.
Nəyəsə hədd bilməyən vurğunluq, onun təsiri altına düşmək, münasibətdə fanatikliyə keçmək insanları azdırır, onları gözləmədikləri problemlərlə üzləşdirir, zərbələrə məruz qoyur. Bundan söhbət açarkən, Heredotun "Tarix" əsərində təsvir etdiyi, Lidiya dövlətinin (müasir Türkiyənin cənubi-qərbində yerləşirdi) ilk çarı Kandavlın arvadına vurğunluğu hesabına binamus hərəkət etməsi yada düşür. Kandavl öz xanımının gözəlliyi ilə qürur duyurdu, istəyirdi ki, ətrafındakılar da bu həqiqəti etiraf etsinlər. Ona görə də cangüdəni Qiqi çar arvadının gözəlliyi barədə sorğu-suala tutdu. Mühafizəçi qadının gözəlliyi barədə xoş sözlər dedi. Lakin cavab çarı razı salmadı, ona xanımının bədənini tərifləməyə başladı və bildirdi ki, buna əmin olmaq üçün onu çılpaq görmək lazımdır. Mühafizəçi intim təsviri qulaqardına vurdu. Çar qızışıb dedi ki, sən onu lüt şəkildə görməlisən, bunu mən özüm təşkil edəcəyəm. Mən yatağımda olanda sən qapının arxasında gizlənməklə, arvadım soyunub yanıma girəndə, onun çılpaq bədəninin füsunkar gözəlliyini görəcəksən. Qiq çara etiraz etməyib, təklifi ilə razılaşdı.
Bir gecə çar onu yataq otağının qapısının arxasında gizlətdi, arvadı soyunub, ərinin yanına girəndə, Qiq qadının lüt bədənini heyranlıqla müşahidə etdi, sonra yavaşca otağı tərk etdi. Səhərisi gün çar mühafizəçisinin rəyini soruşanda, o, xanımın bədənini yüksək ifadələrlə təriflədi. Bir az sonra çarın arvadı mühafizəçini yanına çağırıb, bədənini çılpaq görmək cəhdi ilə, onu təhqir etməkdə ittiham etdi. Bu cinayətinə görə o, ağır şəkildə cəzalandırılmalıdır. Mühafizəçi hər şeyi boynuna aldı, çarın təkidi və köməyi ilə bunu etdiyini bildirdi. Qadın ərinin səyliyinə bələd olduğundan, onun etirafına inandı və dedi ki, bunlar sənin günahını azaltmır. Ərim belə alçaqlıq etdiyinə görə öz cəzasını almalıdır. Sən onu öldürməlisən, taxt-taca yiyələnməli və məni almalısan, axı mənim bədənimin detallarını görmüsən. Bunu etməsən, özün öldürüləcəksən. Mühafizəçi birinci şərtin daha faydalı olduğu qənaətinə gəlib, çarı öldürdü. Sonra o, özü çar elan edildi və çarın dul qalmış qadınını aldı.
Bünövrəsi belə qoyulan Lidiya dövləti sonralar fəlakətlə üzləşdi. B.e.ə. VI əsrdə, çar Krezin vaxtında Persiya çarı Böyük Kir ölkəni işğal etdi, Krezi əsir götürdü və onu tonqalda yandırmaq istədi. Sonra mərhəmət göstərib, onun həyatına aman verdi. Lidiya dövləti məhv oldu və Persiya imperiyasının bir əyalətinə çevrildi.
Həddən ziyadə vurğunluq, nəyəsə fanatikcəsinə münasibət göstərmək gözlənilməyən ağır sonluqla nəticələnir. Jurnalistə gəldikdə, o, nifrətində də, vurğunluğunda da həddi bilməlidir. Nifrət adamı kor edir, onun bəsləndiyi hədəf azacıq yara alsa da, nifrətin daşıyıcısı özünün bu hissinin əsirinə çevrilməsi ilə, daha böyük ziyan görür. Bunu tarixi hadisələr də təsdiq edir.
(Ardı var)