525.Az

Ədəbiyyatın təsir dairəsi: fərdi düşüncədən ictimai şüura


 

Ədəbiyyatın təsir dairəsi: <b style="color:red"> fərdi düşüncədən ictimai şüura</b>

(Əvvəli ötən sayımızda)

Ədəbiyyat bütün dövrlərdə insan və cəmiyyət, onun xarakteristikasının dünyaya təsiri ilə bağlı ən güclü müşahidə və müzakirə meydanı olub. Söz sənətkarları dünyanın gözəlləşməsinə və bunun üçün insanlarda humanizm prinsiplərinin güclənməsinə çalışıblar. Dünyada insanlığa qarşı müharibədən daha artıq qənim kəsilən nə ola bilər ki?! Məsələn, Birinci Dünya müharibəsində doqquz milyon yarım insan həlak olmuş, iyirmi milyon insan yaralanmış, onların üç milyon yarımı ömürlük şikəst qalmışdı. İkinci Dünya müharibəsində isə təkcə yetmiş beş milyon insan dünyasını dəyişmişdi. Hələ dağılmış şəhərlər, viran olmuş ailələr, məhv olmuş iqtisadiyyatlar və başqa-başqa ağır nəticələri heç qeyd etmirik... Müharibənin insanlıq və bəşəriyyət qarşısındakı bu qədər ağır nəticələri Hüseyn Cavid yaradıcılığında geniş şəkildə işlənib. Bu baxımdan onun 1918-ci ildə qələmə aldığı “İblis” faciəsi xüsusi yer tutur.

Dünyada müharibəyə qarşı yazılmış şedevr əsərlərdən olan “İblis” faciəsinin dərin qatlarına endikcə biz çox-çox mətləblərdən hali oluruq. Əsər Birinci Dünya müharibəsinin qurtardığı bir dövrdə qələmə alınmışdı. Burada İblisə uymuş bəşəriyyətin acı vəziyyəti və dağılmış insan taleləri diqqətlərə çatdırılır. “İblis” faciəsinin əvvəlində bizi İblis və Mələk obrazları qarşılayır. Bəşəriyyətdə hökm sürən ağır vəziyyətin səbəbini insanda görən İblis dünyada qanın sellər kimi axdığını, insanların isə evlər yıxdığını qeyd edir. Mələk isə üzünü Uca Yaradana tutaraq insanların İblisə uyduğundan, heç kimsədə mürvət qalmadığından şikayətlənir. Mələyin fikrincə, bunun kökündə siyasətin İblis ilə həmrəng olması dayanır.

Mövzusu müharibədən götürülən, amma real müharibə səhnələrinin təqdim edilmədiyi “İblis” faciəsində biz Arif obrazının timsalında isə insanın İblisə uymaqla özünü faciəyə sürükləyə biləcəyini müşahidə edə bilirik. Əsərin əvvəlində Arif dünyanın yaradılmasındakı ilahi məqsədi axtarır... Bütün insanlıq dünyanın yaranması haqqındakı ilahi məqsədi Arif kimi axtarmalı deyilmi?!. Dünyadakı ağır vəziyyət Arifi narahat etməkdədir. İnsanların xəlq edilməsində hikmət olduğuna inanan Arif İblisin yaradılmasındakı hikməti isə anlamaqda çətinlik çəkir.

“İblis” faciəsində insanın müharibə ucbatından böyük fəlakətlər qarşısında qaldığı ön plana çəkilir. Dahi Cavid bu anda insanlara üz tutaraq onları düşündürməyə sövq edir: “Bir fəzilətsə öldürüb-ölmək, canavar bizdən əşrəf olsa gərək...” Bəs İblisə uymuş insanların müharibə törətməsinə səbəb nədir? Buna faciədə aydınlıq gətirilir. Birinci səbəb kimi öz mənliyini, əqidəsini satan insanlar göstərilir ki, onlar İblisin qarşısında mutidirlər və onun hər dediklərini şəksiz edirlər. İkinci səbəbsə bəşər övladının daş-qaş əsirinə çevrilməsi ilə əlaqələndirilir. Əsərin əvvəlində haqq-ədalət axtarışında olan Arif obrazı altının, daş-qaşın əsirinə çevrilməklə nəticədə qatil olur. Qardaşını, sevdiyi qadını və ona yaxşılıq edən kəsləri öldürən Arif, beləlikə, İblisə uyur və onun köləsinə çevrilir.

İnsanlığı uçuruma sürükləyən İblisi, iblis xarakterli insanları və şər xisləti biz necə tanıya biləcəyik?! Buna müəllif İblisin dili ilə aydınlıq gətirir. İblis özünü tanıdır, bizim onu tanımağımız isə ağıl gücü ilə mümkündür. Axı o: “Mən Şərqdə abid oluram, Qərbdə rahib...Bir qazi olub, gah edərim fitnələr icad, bəzən olurum bir çoban, azadə bir insan, bəzən olurum zülmü fəsad aşiqi sultan...”

“İblis” faciəsinin sonunda isə böyük mütəfəkkir kimi Hüseyn Cavid İblislə iblisləşmiş insan arasında müqayisə aparır. Bütün dövrlər üçün insanlığı düşündürən ən böyük ədəbi nümunələrdən olan bu əsərdə oxuyuruq: “İblis nədir? - Cümlə xəyanətlərə bais. Bəs hər kəsə xain olan insan nədir? - İblis”.

İnsanın sərvət-pul hərisliyi, burnunun ucundan uzağı görə bilməməsi onu iblisləşdirir. İblisləşmiş insansa İblisdən daha təhlükəli olmaqla, müharibələr törədir, insanlığı məhvə sürükləyir. İnsanların bu qədər alçala bilməsini yenə diqqətlərə çatdıran Hüseyn Cavid onlara alçalmaq əvəzinə, dahiliyə yüksəlməyi təklif edir. Bəs insan dahilik mərtəbəsinə necə yüksələ bilər? Buna da aydınlıq gətirilir: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü...” Böyük bir humanizm məktəbi olan Hüseyn Cavid yaradıcılığı, göründüyü kimi, insanlığı İblisə uymaqla dünyanı uçuruma sürükləmək əvəzinə, müştərək evimizi xoşbəxtlər diyarına çevirməyə dəvət edir. Bütün bunlar “İblis” əsərinin, ümumən, Hüseyn Cavid yaradıcılığının ana xəttini təşkil edir.

Humanizmə söykənmiş dünya şeiriyyətinin zirvəsi olan və hər bir məqamı ilə bizi düşündürən Hüseyn Cavid aləmindən ayrılaraq bu dəfə Cəfər Cabbarlının söz-fikir diyarına üz tutaq. Vətəndaşın Vətən qarşısında borcunun olduğunu bizə dərin qatları ilə aşılayan, doğma yurdun bir tikə çörəyinin yad ölkələrin verəcəyi mücəfərdən daha üstün hesab edildiyi “Oqtay Eloğlu” əsərinə diqqət yönəldək.

Dünyanın dünəninə, bu gününə və sabahına işıq tutan, insanlığın qaranlıq yolunu aydınladan ədəbiyyatın əhəmiyyətindən bəhs etdiyim bu geniş yazının sonuna yaxınlaşarkən özlüyümdə “Ədəbiyyatdan uzaq düşən insan mənən şikəstdir, natamamdır”, - fikrinin doğruluğuna inamım daha da qətiləşib. Oxucularda da belə bir inamən möhkəmlənməsini istərdim.

Söz sənəti, elə bir həyati sahə, elə bir əhəmiyyətli mövzu yoxdur ki, onu ədəbiyyata gətirməsin, insanlığın diqqətinə çatdırmasın. Burada barəsində fikirlərimi bölüşəcəyim Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsində işlənən mövzu, üzərində diqqətlə düşünülməli olan mətləbləri özündə ehtiva edir...

Amerikada, Nyu-York Universitetində çalışan yapon əsilli amerikalı fizik Miçio Kaku yazır: Nəyə görə ABŞ-da bu qədər çox dahi alim var? Mən onu bilirəm ki, ABŞ digər ölkələrdən ən pis təhsil sisteminə görə fərqlənir. Amerikalı məzunların biliyi hətta üçüncü dünya ölkələrindən də aşağıdır. Bəs necə olur ki, ABŞ-nin elmi elitası ən yüksək mövqeyi hələ də öz əlində saxlayır, çökmür?!. Mən bunun səbəbini sizə deyirəm. Amerikanın bir gizli silahı var - Əcnəbi alimlər üçün viza. Unudun “Google”u, Silikon Vadisini. Bütün bunları amerikalılar yox, miqrantlar yaratdı. ABŞ dünyanın - Hindistanın, Çinin, Rusiyanın, Avropanın ən yaxşı beyinlərini özünə çəkir.  

Miçio Kakunun nəzərdə tutduğu beyin köçündən başqa bir şey deyil. Görkəmli fizikin “ABŞ-da təhsil sistemi üçüncü dünya ölkələrindən də aşağıdır” fikri ilə razılaşmamaqla bərabər, ABŞ-nin, hətta bütövlükdə Qərbin beyin köçündən və dünyanın digər dövlətlərindən cəlb etdiyi dahi şəxsiyyətlər hesabına bir çox sahələrdə inqilabi nailiyyətlərə yiyələndiklərinin isə həqiqət olduğunu düşünürəm. Miçio Kaku şəxsiyyəti də bu həqiqətin mərkəzində dayanır. Beyin köçü bir tərəfdən ABŞ və Avropanın tərəqqisində müstəsna rol oynamışdırsa, digər tərəfdən də ölkəsinin qaymağı olan şəxsiyyətləri itirən xalqlarsa inkişafdan geri qalmış, elmi-texniki tərəqqidə Qərbdən asılı vəziyyətə düşmüşdür. Xalqlar və dövlətlər qarşısında üzərində dayanılası məsələ olan beyin köçü mövzu kimi XX əsrin əvvəllərində Cəfər Cabbarlı yaradıcılığı ilə ədəbiyyata gətirilərək insanların diqqətinə çatdırılıb.

1922-ci ildə Cəfər Cabbarlı tərəfindən qələmə alınan “Oqtay Eloğlu” faciəsi Azərbaycanda milli teatrı yaratmaq məqsədini qarşısına qoyan Oqtay Eloğlu obrazından bəhs edir. Xalqını mədəni tərəqqiyə vardırmaq və inkişaf etmiş xalqlarla bir cərgəyə yüksəltmək istəyən Oqtay ciddi çətinliklərlə üzləşir. Çünki düşüncələrdə gerilik hələ də yüksəkdir, var-dövlət aludəçiliyinin pik nöqtədə olduğu bir zamanda “yüksək” təbəqə nümayəndələrinin əksəriyyəti yalnız mənsəb və zənginlik dalınca düşmüşlər. Xalqın mənafeyi uğrunda çarpışan insanların az, qarşılaşdıqları maneələrin isə həddən ziyadə çox olduğu bir şəraitdə Oqtay qəhrəmanlıq və fədakarlıq göstərərək, necə deyərlər, əlini daşın altına qoyub.

Oqtay Eloğlu mövcud dövrdə ən çətin yolu seçib - milli olmaq və Vətəninə xidmət etmək. Bu yolda o, olmazın çətinlikləri ilə qarşılaşır. Maddi imkansızlıqlar, həmkarlarının çoxunun həqiqi sənətdən uzaq olması, köhnəfikirli adamların töhməti, təhqiri, dost-tanışın, qohum-əqrəbanın ondan üz çevirməsi bu iradəli, istedadlı aktyoru müqəddəs bildiyi yoldan döndərə bilmir. Axı xalqa və Vətənə xidmət insanlar üçün ən böyük amal olmalıdır. Bundan üstün heç bir qayə ola bilməz... Oqtay şəxsi həyatında da rahatlığını büsbütün unudub. Xalqın mənafeyi qarşısında hər kəsin bacardığını etməsini vacib sayan, gələcəyin tələb etdiyi inkişaf qarşısında “bu yazıq xalqı tək buraxıb qaçmağı” özünə layiq bilməyən ədəbi qəhrəman sonda sevdiyi qız Firəngizi də itirib, ana və bacısını tək qoymaq məcburiyyətində qalıb. Çünki onun nəzərincə, vətənə və xalqa xidmət etmək bütün zənginlik və rahatlıqlardan daha üstün və alidir. Vətənə və xalqa xidmətin, xüsusilə də son yüzillikdə ölkələr və xalqlar qarşısında mühüm məsələyə çevrildiyi bir zamanda bu mövzuya toxunmaqla, insanları milli olmağa, Vətəninə və mənsub olduğu xalqa xidmətə çağıran Cəfər Cabbarlı şəxsiyyəti və yaradıcılığı, ümumən ədəbiyyatın nə qədər böyük və mühüm amallarla xidmət etdiyinə aid sadə bir nümunədir. İstər “Oqtay Eloğlu” faciəsində olsun, istərsə də əvvəlki hissələrdə haqqında söz açdığım ədiblərin yaradıcılıq və əsərlərində diqqətə çatdırdıqlarım da bu deyilənləri təsdiq edir.

Oxucularla bölüşdüyüm qənaətlərin nəticəsi kimi bunu vurğulamaq istəyirəm ki, ədəbiyyat sərhədsiz və hüdudu olmayan bir dünyadır. Bu dünyanı isə oxumaq, araşdırmaq və nəticə çıxarmaq lazımdır, çünki o, bizim yolumuzu aydınladır. Ədəbiyyat olmasa, insanlıq öz yolunu və istiqamətini itirər.

 





22.08.2024    çap et  çap et