525.Az

"Ağdama ithaf" - "Bir rəsmin dedikləri"


 

"Ağdama ithaf" - <b style="color:red"> "Bir rəsmin dedikləri" </b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Emil Ağayevdir. Onunla Xalq rəssamı Arif Hüseynovun "Ağdama ithaf" üçlüyü haqqında danışmışıq.

Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960-1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965-1972-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.

Arif Hüseynov 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi rəssam əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.

Arif Hüseynovun əsərləri hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.

A.Hüseynov “Ağdama ithaf” triptix “Şahbulaq qalası” (2021) (kətan, akril, 60x90 sm)

 

- Arif Hüseynov yaradıcılığında Qarabağ mövzusu. Emil bəy, istərdim söhbətimizə burdan başlayaq.

- Azərbaycan incəsənəti tarixin bütün mərhələlərində baş verən prosesləri özündə əks etdirir. 90-cı illərdə xalqımızın başına gətirilmiş Qarabağ faciəsi incəsənətimizdə daim yaşadılıb. Qazanılan tarixi Zəfər isə incəsənət sahəsində çalışan sənətkarların çoxdan gözlədikləri bir arzunun gerçəkləşməsi idi. Azərbaycan təsviri sənətinin görkəmli rəssamlarının yaradıcılığında Zəfər mövzusu leytmotiv təşkil edir. Kompozisiyalarda yaratdıqları obraz daha təsirli rəng, xətt, plastika vasitəsilə vurğulanır. Xalq rəssamı Arif Hüseynov da vətənpərvərlik mövqeyi ilə daima seçilən sənətkarlardandır. Onun yaradıcılığında "Qarabağnamə", "Şuşanın görkəmli sənətkarları" silsilələri tarixi, estetik baxışların dolğun formada təqdim edilməsi baxımından əhəmiyyətli mövqe tutur. Arif Hüseynov yaradıcılığında "Qafqazın Hirosiması" adlandırılan şəhərin obrazını təsirli rəng qamması ilə izləyə bilərik.

- Üçlük neçənci ildə yaradılıb?

- Əsər 2021-ci ildə kətan üzərində, akril texnikası ilə yerinə yetirilib. "Ağdama ithaf" üçlüyünün Dram teatrının qalıqlarının qarşısında təqdimat mərasimi keçirilmişdi. Triptixin hər detalı tarixdir. Rəssamın mövqeyi ardıcıllığı ilə seçilən silsilədə mədəni, tarixi irsimizi silməyə çalışan erməni işğalçılarının insanlığa yaraşmayan simasını ifşa edir. Xalq rəssamı triptixdə tarixi faktlara əsaslanır.

- Emil bəy, sizcə, bu əsər bizə nə deyir?

- Mən istərdim ki, bu suala hər hissənin ayrıca şərhi ilə cavab verim.

"Ağdama ithaf" triptix - "Şahbulaq qalası": Triptixin sağ hissəsində Ağdamın simvolik Şahbulaq qalası təsvir olunub. Tarixçilərin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində "Şahbulaq" adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi saldırmış, daş və əhəngdən məscidlər, evlər, bazar tikdirmişdi. Qala öz adını gursulu bulağın adından alıb. Elmi ədəbiyyatda daha çox Şahbulaq adı ilə tanınan abidə iri qəsr kompleksinin içqalası olub. Şahbulaq qəsri Azərbaycan xanlıqlar dövrü hərbi memarlığının sadə nümunələrindən biridir. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərib. Rəssamın yaradıcılığına xas olan nağılvarilik əsərə yeni nəfəs gətirir. Pənahəli xan və döyüşçülərinin ay üzərində təsviri ruhların azadlıq obrazıdır.

"Ağdama ithaf" triptix - "Ağdam teatrının məhvi": Mərkəzi hissədə Ağdam teatrının məhvi təsvir olunub. "Leyli və Məcnun", "Otello" və "Don Kixot" tamaşalarını oynayan obrazlar səhnədə şər qüvvələr tərəfindən öldürülür. Qara qüvvələrin təsviri düşmənin Ağdamı işğal etdikdən sonra buranın məşhur dram teatrını məhv etməsidir. Xarabalığa çevrilmiş teatr fonda təqdim olunub. Düşmənlərimizin insanlığa yaraşmayan hərəkətləri teatr səhnəsində faciəvi şəkildə canlandırılıb.

A.Hüseynov “Ağdama ithaf” triptix “Ağdam. Cümə məscidi” (2021) (kətan, akril, 60x90 sm)

 

"Ağdama ithaf" triptix - "Ağdam.Cümə məscidi": Triptixdə Ağdam Cümə məscidinin təsviri islam dini ənənələrinin qorunması və yenidən azad edilən şəhərdə bərpa edilməsidir. Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman şəhərdə Qarabağın XIX əsr dini memarlığının örnəklərindən biri inşa edilib.

Ağdamda cümə məscidi olan abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfixan Qarabaği ucaldıb. Memar orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində dövrün tələblərinə və Qarabağın memarlıq-inşaat təcrübəsinə uyğun məscid obrazı yaradıb. Arif Hüseynov kompozisiyada azan səsinin sədaları altında dağıdılan məscidi öz əlləri ilə qoruyub saxlayan şəhidlərin obrazını təqdim edir.

"Ağdama ithaf" triptix bütünlüklə Qarabağ faciəsini özündə əks etdirir. Ağdamın memarlıq və dini abidələrinin ermənilər tərəfindən məhv edilməsi üçlüyün əsas mövzusudur. Bu əsərdə xeyir və şərin mübarizəsinə şahidlik edirik.

Aytac SAHƏD

 





28.08.2024    çap et  çap et