525.Az

Bu ömrün sınağı zormuş, İlahi...


 

Bu ömrün sınağı zormuş, İlahi...<b style="color:red"></b>

Lətifə TALİB

 

 

İlğım

 

Bu ömrün sınağı zormuş, İlahi...

Ağ bəxtim çəkmədi bu qədər ahı,

Taleyin cilvəsi mənlə oynadı...

Ağlasam güldürdü, gülsəm ağlatdı,

Aləmi, cahanı saldım ayaqdan,

Palçıq kəsək oldu, ayaq döyənək.

 

Susadım, bir çeşmə tapdım, çeşmədə

Tanrı mənə baxdı...çöhrəsi - məndim,

Yağış sillə kimi çarpdı çöhrəmə,

İncitdi Tanrımı o sərt damlalar...

İslaq kirpiklərim küsdü gözümdən.

"Özümdən özümə əhdim var" dedim,

Gerçəklər gözgörə üzümə durdu.

Atlanıb illəri arxada qoydum,

Ömür də illərin hesabın sordu.

Qarşımda sayrışdı ömrün ilğımı,

Parladı, bərq vurdu...gözüm qamaşdı.

Getdim ona doğru, hərləndi başım.

"İlğım - həm səhərim, ümidim" - dedim,

"İlğım - qışdan doğan baharım" - dedim,

O da duman olub ərşə süründü.

 

Bəzən gülümsəyər aydın səma, ərş...

Bacadan süzülüb boylanan günəş,

Qurub hanasını... Öz şəfəqindən

Çəkibdi üzümə qızıl ərişlər.

Sümürüb hələ də düşüncələrdən,

Çiçəkdən şirətək hikmət çəkərdim.

Toplardım bir dünya gövhəri, dürü

Qeyb olan illərə bəxşiş edərdim.

Zərrə, vücudumda dönüb dağ olub,

Dünyanın sədası qulaqlarımda

Dönüb azan olub, moizə olub.

Yüz illik duanı, bir günah pozar,

Yüz dua bəs etməz bircə günaha.

Bir dua yüz ahı yerdən qaldırar,

O ah ki, cismimdən ötər Allaha.

 

Bəzən... yol getdiyim ümid qatarım,

Çıxıb öz yolundan dənizdə azar.

Dənizdə gördüyüm bəyaz yelkənlər,

Qatarda gördüyüm yuxudur məgər.

Ruhumda cücərmiş qönçə arzular,

Şıltaq xatirələr kabus tək gəzər.

Bu ömrün sınağı zormuş, İlahi...

 

Payız dilində

 

Gəl danış mənimlə payız dilində...

Küləyin dilində, yağış dilində.

Xəzəl, həsrətim ol, yarpaqları biç!

Külək, qəzəbim ol, əsib kükrə, keç!

Yıxıb körpüləri sovur, sovur keç!

Yağış anam olsun, sevib ovutsun,

Çəksin sığalını, məni uyutsun.

 

Gəl danış mənimlə payız dilində...

Günəşin dilində, Ayın dilində.

Sabah, ümidim ol, məni oyat sən,

Günəş, tellərində yaya qovuşum.

Ay da bədirlənib sehrinə salsın,

Quş qanadlarında kəhkəşanlara

Ulduzlar yol açsın, arzumla uçsun!

 

Gəl danış mənimlə payız dilində...

Baharın dilində, qışın dilində.

Qış yuxuya gedib qəhrini udsun,

Qar ağ yorğanıyla çölü bürüyüb

Örtsün çirkabları, buzlar isinsin.

Bahar üzərimə mehrini salsın,

Biganə xislətlər gülə çevrilsin! 

 

Gəl danış mənimlə payız dilində,

Sevginin dilində, sevda dilində.

Sevgim, məşəlim ol, qəlblər ərisin,

Didərgin duyğular evinə dönsün!

Sevdam ol, get axtar, vüsalına yet,

Axtar, taxt qurduğun o ürəyə get!

Gəl danış mənimlə payız dilində...

 

Dünyaya ədalət

 

Düşünürəm bəzən, ya Rəbb...

İnsaf edib, soyuyaydı

Alovlanan nifrət, qəzəb.

Düzələydi dünya, aləm,

Tərk edəydi ürəkləri

Kin-küdurət, kədər, ələm.

Hörümçəklər tor çəkəydi,

Kor olaydı kaş silahlar.

Sönəydi kaş ehtiraslar,

Quruyaydı körpələrin

gözündən süzülən yaşlar.

Düşünürəm bəzən, ya Rəbb...

Neyləsin yəhudi, ərəb?

Dayanmırsa ac xislətli

Caynağı qan çalağanlar?

Qana susamış zalımlar?

Varmı milləti savaşın?

Buxovlanmış asayişin?

Düşünürəm bəzən, ya Rəbb...

Körpələrin ölümünə,

Yaradılışın məhvinə

Kimdən sorulacaq hesab?

Bu xilqətə, ədalətə

Kimsə verəcəkmi cavab?

Düşünürəm bəzən, ya Rəbb...

Yaradaydın bir möcüzə,

Qasırğalar, sərt rüzgarlar,

Dağıdaydı ocağını

Ədaləti boğanların,

Ədavəti yayanların.

 





29.08.2024    çap et  çap et