Sevda Sultanova, kinotənqidçi:
- Mədəniyyət nazirinin əmri ilə Əli Səttar Quliyev Nizami Kino Mərkəzinə direktor təyin olunub. Əli Səttar bacarıqlı prodüser və istedadlı rejissordur. Bir də, Əli Səttarın xətrini, onun əxlaqi-mənəvi keyfiyyətlərinə görə çox istəyirəm. Yeni işində uğurlar arzulayıram və çox ümid edirəm ki, Kino Mərkəzində keyfiyyətli dəyişikliklərə nail olacaq.
Nigar Sabirqızı, jurnalist:
- İranın yeni xarici işlər naziri Abbas Araqçi. İndi xatırladım ki, mən ondan 2020-ci ildə Bakıda müsahibə almışam. O zaman nazir müavini idi. Əsas sualım bu idi ki, İran ərazisindən Ermənistana silah daşınırmı? Abbas Araqçi təbii ki, "yox" demişdi. Əslində isə elə o vaxt da İrandan Ermənistana silah daşınırdı, indi də daşınır. İranın Azərbaycana qarşı planları həmişə olub, olacaq da. Araqçi yəqin ki, məni tanıyır və bu müsahibəni də xatırlayır. Axı İran əleyhinə çıxışlarıma görə Tehran rejimi məni çox "sevir". Bakıya gəlsə, yenə müsahibə alardım. Bu dəfə suallarım daha sərt olardı. Təbii ki, mənə müsahibə verməyə razılaşsa.
Aydın Quliyev, jurnalist:
- Rusiya Kurskda Ukrayna ordusunu mühasirəyə almaq planınını işə saldı - 1943-cü ildəki kimi... Lakin 80 il əvvəlkindən çox fərqli şeylər var...
Rusiya-Ukrayna cəbhəsində indiyə qədərki ən mürəkkəb və görünməmiş vəziyyət yaranmaqdadır. Ukrayna ordusu Kursk və Belqorodun yaşayış məntəqələrini ard-arda tutmaqdadır. Ukrayna komandanlığı artlq 1300 kilometr enində Rusiya ərazisinə nəzarət etdiklərini açıqlayıb. Bunu cavab olaraq Rusiya ordusu bütün həlledici zərbə gücünü Ukrayna ordusunun əsas təchizat qovşağı sayılan Donbasın Pokrovsk şəhəri üzərinə yönəldib. Aydın görünür ki, Rusiya ordusu Kurska daxil olmuş Ukrayna ordusunun arxa ilə əlaqəsini kəsərək onu mühasirəyə salmaq planı ilə işləyir. Deyəsən, Rusiya 1943-cü ildə Almaniya ordusu üzərində qələbə döyüşünün Kurskdan başlandığını yenidən təkrarlamağı hədəfləyib. Nail olacaq, olmayacaq, hadisələr göstərər. Ancaq 80 il əvvəlkindən fərqli bəzi nüansları nəzərə almamaq olmaz.
Əlavə edək. Rusiya rəhbərliyi könüllü müharibəyə gedənlərə Krımda əvəzsiz torpaq veriləcəyini vəd etdi. Hücum müharibəsi aparan ölkə üçün razılaşaq ki, yaxşı göstərici deyil.
Əlavə edək. Ukrayna öz istehsalı olan ilk ballistik raketlərdən istifadə edib. Ukraynanı bombalamağa qalxan Rusiya təyyarələrinə qarşı ABŞ F-16-larını döyüş vəziyyətinə qəbul edib. Zelenski Rusiya üzərində "Qələbə planını" artıq hazırladığını və onu Baydenə, Kamala Harrisə və Trampa təqdim edəcəyini bildirib. Zelenski onu da bildirib ki, ABŞ onun silahlarından istifadəyə icazə versə, Rusiya ərazisində vurulması planlaşdırılan bütün obyektlərin siyahısını ABŞ-a təqdim edəcək. Lakin Amerika Rusiya ilə müharibə aparmadığını, yalnız Ukraynaya özünümüdafiə imkanı verdiyini bəyan edib. ABŞ-nin bu mövqeyi nə vaxtsa dəyişənə oxşayır, yəni ABŞ silahlarından uzaq hədəflərin vurulmasına icazə veriləcəyi mümkündür. ABŞ özü başda olmaqla 50-dən çox dövlətin daxil olduğu antirusiya blokunun Ukraynaya dəstəyinin daha da güclənəcəyini də bəyan edib.
Onu da deyim ki, Rusiya hazırda əsas qüvvələri Pokrovska cəmləşdirdiyi üçün mövqeləri Kurskda nisbətən zəifləyib və bu, Ukrayna ordusuna Rusiyanın içərilərinə doğru hərəkəti irəlilətmək imkanları açıb.
Yaxın həftələrdə Rusiya-Ukrayna cəbhəsində xeyli fərqli vəziyyətin yaranacağı qaçılmaz görünür.
Asif Nərimanlı, jurnalist:
- Teleqramın sahibi Pavel Durovun Fransada həbs edilməsinin Rza Zərrab işi ilə müəyyən bənzərliyi var. Və xüsusilə iki məqam müəmmalı olaraq qalır.
1. Durov Bakıda Putinlə niyə görüşmək istəyirdi?
2. O, həbs təhlükəsinin olduğu Fransaya niyə getdi?
Bu müəmmalarla bağlı yalnız ehtimallar irəli sürmək mümkündür.
Teleqram qurucusu Avropada onu gözləyən həbs təhlükəsi qarşısında daha öncə problemlər yaşadığı Rusiya hakimiyyəti ilə anlaşmaq və təhlükəsizlik zəmanətini birbaşa Putindən almaq istəyə bilərdi. Ukraynada Rusiya hərbçilərinin teleqram kanalı üzərindən geniş əlaqə qurması faktı Durovda Kremlin onunla anlaşacağına dair əminlik yaratmış ola bilərdi. Putinin Durovu qəbul etməməsi onu B planına - Qərblə anlaşmağa sürükləyən amil ola bilər. Durovun Avropada həbs olunacağını bildiyi halda, "Fransaya niyə uçdu" sualına ehtimal olunan cavab budur.
Və burada vaxtilə İran sanksiyalarının "dəlinməsində" aktiv iştirak edən Rza Zərrabın işi ilə müəyyən oxşarlıq mövcuddur. Zərrab həbs təhlükəsinə rəğmən, ABŞ-a getdi və Vaşinqton ondan həm Türkiyəyə, həm İrana qarşı istifadə etdi. Sonda Zərrabın azadlığa buraxılması onun ABŞ-a "təslim olmasının" əslində anlaşma olduğu ehtimalını ön plana çıxardı. İstisna deyil ki, Durovun həbs olunacağı Fransaya uçması "anlaşmaq istəyindən" qaynaqlanıb: özünü və sərvətini qorumaq, qarşılığında istədiklərini vermək. Məlumatlardan aydın olur ki, Durova qarşı irəli sürülən ittihamların biri "İstintaq üçün zəruri olan məlumat və ya sənədləri təqdim etməkdən imtina"dır. Bu, Qərb kəşfiyyat orqanlarının Durovdan nə istədiyinə dair müəyyən fikirlər formalaşdırır, misal üçün, Rusiyanın Ukraynadakı hərbçiləri haqda məlumatlar tələb edə bilərlər və s.
Bunlar versiyalardır və proseslərin gedişində müəmmalara müəyyən aydınlıq gəlməsi gözləntisi var. Lakin Fransanın Durovu uzun müddət həbsdə saxlayacağı gözləntisi azdır, əsas məsələ ondan nə istədikləridir.
Baş verənlər Qərb və Rusiya arasındakı qarşıdurmada yeni cəbhənin açılması fikrini də gücləndirir. Bu, sosial mediaya nəzarət uğrunda mübarizədir.
Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:
- Sərvəti təxminən 65 milyard dollar olan Varren Baffet hələ də 1958-ci ildə 31500 dollara aldığı evdə yaşayır. "Baltimor Ravens" klubunun keçmiş oyunçusu Con Urşel milyonlar qazanmasına rəğmən ildə cəmi 25000 dollar xərcləyir. "San Antonio Spurs" klubunun ulduzu Kavay Leonard yeniyetmə olanda satın aldığı 1997-ci ilin "Chevy Tahoe" avtomobilini sürür. Nəyə görə? Yox, onlar xəsis deyillər. Sadəcə, onlar üçün vacib olan şeylər ucuzdur.
Nə Baffet, nə Urşel, nə də Leonard bu yerlərə təsadüfən gəlməyiblər. Həyat tərzləri təcrübələrinin nəticəsidir. İstədiklərini etmək, xoşbəxt olmaq, həyatdan zövq almaq üçün onlara çox pul lazım deyil. Bu o deməkdir ki, hansısa səbəbə görə var-dövlətlərini itirsələr belə, xoşbəxt olmaqda davam edəcəklər.
İstədİklərimiz çoxaldıqca, qazanmaq və məqsədlərimizə çatmaq üçün daha çox çalışdıqca biz, əslində, həyatdan daha az zövq alırıq və sərbəstliyimizi itiririk.
Mənbə: Rayan Holidey və Stiven Hanselman Stoikin gündəliyi kitabı; "Teas Press" nəşriyyatı.
Mir Samad, bloger:
- Sinqapurlaşmağa doğru gedirik?
Sinqapurda hər, hətta xırda qanunazidd addıma görə, cərimə nəzərdə tutulub. Nəticədə ölkə tərtəmizdir.
Son vaxtlar bizdə də belə kampaniya genişlənib. Görün təmizlik sahəsində vəziyyət nə dərəcədə pisdir ki, polis əməkdaşları ictimai yerlərdə təmizliyə nəzarət edir, ətrafı zibilləyənlərə cərimə da yazırlar.
Deyəsən, 40 manatdır.
Etiraf edək ki, xalqın bəzi nümayəndələri söz başa düşmür, pintilik, natəmizlik onlar üçün adi davranışdır.
Mən sərt qadağaları alqışlayıram. Çünki bizdə yalnız sərt qaydalar, cərimələr belə adamları, özünü cəmiyyət arasında ləyaqətli aparmağa sövq edə bilər.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Hansı universitetlər qeydiyyatla bağlı tələbələrdən kağız formada sənədlər tələb edir ?
Xatırladıram ki, bir neçə ay öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti qeydiyyat prosesində kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdir.
Bildirilmişdi ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-in Portal.edu.az platforması üzərindən olacaq. Universitetlər tələbələrdən, magistrlərdən və 2-ci ali təhsil alanlardan heç bir kağız sənəd tələb etməməliydi.
Bir daha bildirirəm ki, indiyədək universitetlərə qəbul üzrə qeydiyyat 3 mərhələdə həyata keçirilirdi:
1. Mərkəzləşdirilmiş qaydada, ETN-in Portal.edu.az platforması vasitəsilə.
2. Əksər universitetlər paralel olaraq qeydiyyat aparırdı, özləri üçün kağız sənədlər tələb edirdilər.
3. Bəzi universitetlər isə paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər.
Magistarturaya qəbuldan sonra apardığımız monitorinqlər onu deməyə əsas verdi ki, bu istiqamətdə atılan addımlar özünü doğrultmuş, on minlərlə tələbələrdən paralel olaraq kağız sənədlər tələb edilməmişdi.
Görəsən, indi, bakalavrlarla bağlı vəziyyət necədir?
Artıq universitetlərə qeydiyyat başlayıb. Qısa bir araşdırma aparmaqla görmək olar ki, vəziyyət müsbət istiqamətdə xeyli dəyişib. Sosial mediada universitetlərin qəbul elanlarından gorsənir ki, yeni qəbul olunanlar qeydiyyat üçün yalnız ETN-in Portal.edu.az rəqəmsal platformasına yönləndirilir.
Hələlik yalnız bir universitetin elanında qeyri-adi bir durumla rastlaşdım.
ADPU rəhbərliyi tələbələri qeydiyyatla bağlı Portal.edu.az-a yönəltsə də, maraqlıdır ki, elanda belə bir qeyd də yerləşdiriblər:
"Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər".
Düşünürəm ki, bunlar yolverilməzdir və bu, paralel qeydiyyat, həm də kağız formada yenidən qeydiyyat deməkdir.
ETN-in rəqəmsal platformasında olan sənədləri, bu platformadakı bütün sənədlərə ADPU-nun sərbəst girişi olduğu halda yenidən onları kağız formada tələbələrdən tələb etmək, yumşaq desəm, hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır.
Ümid edirəm ADPU rəhbərliyi, paralel qeydiyyata meyl edən digər universitetlər də bunu nəzərə alacaqlar.
Eyni zamanda İRİA və ETN tərəfindən də bu istiqamətdə monitorinqlərin aparılması, universitetlərə bu istiqamətdə bir daha tövsiyələrin verilməsi doğru olardı.
İRİA və ETN-in universitetlərə sənəd qəbulu prosesini tam olaraq rəqəmsallaşdırması, paralelçilikdən imtina edilməsi, kağız formada sənədləşmədən tam imtina edilməsi istiqamətində addımları çox təqdirəlayiqdir.