525.Az

Ömrümün qızıl dövründən gələn insan... - Ulduz Qasım yazır


 

Ömrümün qızıl dövründən gələn insan... - <b style="color:red"> Ulduz Qasım yazır</b>

Elə insanlar var ki, onları tanımağa uzun zaman gərək deyil. Görən kimi gözəl qəlbli, xeyirxah,  tərbiyəli, yüksək mədəniyyət sahibi olduğunu anlayırsan. Hətta şəkillərindən seçilir belələri. Belə adamların yeriyəndə torpaq nədir,  qarışqanı da incitməməklərinə əmin olursan. Onlarla min il yol yoldaşı, min il iş yoldaşı olmaq keçir ürəyindən...

Onun şəkillərini feysbukda hər gördükcə gəncliyimi, ömrümün  qızıl fəslini xatırlayıram. Nələr keçmir ürəyimdən... Oturduğumuz  auditoriyalar, tələbə yoldaşlarımızla söhbətlərimiz, gözəl müəllimlərimizin dərsləri.  Daha nələr, daha nələr...

Tələbələrlə mehriban salamlaşdığı, imtahan zamanı baş verən söhbətimiz gəlir gözümün önünə... Həmişə soyadım birinci beşlikdə olduğundan ilk imtahana girənlərdən olurdum. Ən xoşuma gəlməyən anlardı tələbə həyatında. Hamı gedişatı öyrəndikdən,  mövzuları təkrarladıqdan sonra girirdi auditoriyaya. Mənsə gələn  kimi, yuxulu-yuxulu cavab verməli olurdum...

Jurnalistika tarixindən imtahan gedirdi. İçəri girən kimi bileti götürüb, baxdım. Sualların hamısını bilsəm də, özümü yoxlamaq üçün kitaba baxmağa çalışdım. Təəssüf ki, bunu da heç zaman bacarmadım. Elə qonşu partada oturan tələbə yoldaşımdan əyilib kitabı almaq istəyirdim ki, başımı qaldıranda Akif müəllimin üzümə baxıb, gülümsədiyini gördüm.

Çox pərt oldum. Onun belə səbirli davranması, etikası, tənbeh etmək əvəzinə baxıb, gülümsəməsi, məni həyəcanladırmaq istəməməsi çox pis gəldi mənə. O, bunu hiss edib dedi:

- Sən bu suallara seminarlarda cavab vermisən axı. Bir də heç vaxt köçürməyi bacarmırsan, bilirəm. Məncə, əla cavab verəcəksən.

Nə deyəcəyimi bilmədim. Susdum...

Əslində haqlıydı. Məni məndən yaxşı bilirdi müəllimim. Nəyi bilirdimsə, onunla da qiymət alırdım. Sonradan heç nə əldə edə bilmirdim. Növbəm gələndə yenə gülümsədi. Sakitcə cavablarımı  dinləyib, qiymətimi yazdı. Heç bir əlavə sual da vermədi. Və dedi:

- Bax, görürsən, əla cavab verdin...

Bilmirəm, doğrudan əla cavab vermişdim, yoxsa Akif müəllim məni pərt etməmək üçün mənə "əla" yazdı...

Ömrümün qızıl dövrünün adamı, gözəl, sadə insan, dəyərli müəllim Akif Rüstəmov...

Bakı Dövlət Universitetinin Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Akif Rüstəmov Ağdamda ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə  bitirdikdən sonra Universitetin  Jurnalistika fakültəsinə üz tutub. Sözə əsir düşənlərdən olub...

İlk qələm təcrübəsi də Ağdamda çıxan  "Lenin yolu" qəzetində dərc olunub, orta məktəbdə oxuyanda. Həm də qəribədir ki, nə sahədə çalışanlardan bəhs edib, nə də fəhlələrdən. Standartlardan qaçıb.  "Uzaq sahillərdə" filmindən  yazıb. Vətən sevdalı, vətən aşiqi bir qəhrəmandan. Qorxmaz, cəsur, düşmənləri lərzəyə gətirən igiddən - Azərbaycanın unudulmaz, əfsanəvi övladı Mehdi Hüseynzadədən.

Sonra müxtəlif mətbuat orqanlarında müxtəlif mövzularda bir-birindən rəngarəng yazıları, elmi məqalələri işıq üzü görüb... Kitabları, jurnalistikaya aid dərslikləri çapdan çıxıb. Bir pedaqoq kimi, bir müəllim kimi  saysız mükafatlara layiq görülüb.

Filologiya üzrə fəlsəfə doktoru, professordu Akif Rüstəmov. Jurnalistika fakültəsində laborantlıqdan başlayıb  professorluğa qədər ucalıb...

Kimdən soruşdumsa, kimi dindirdimsə, hamı "mələk kimi insandır" dedi. Qayəsi dürüstlük, xeyirxahlıq, sadəlikdir. Bir də jurnalistika fakültəsinin dekanı işləyəndə öz dedikləri, öz sözləri  düşdü yadıma: "Elə işləmək lazımdı kir, vəzifədən getdikdən sonra salam verənlərinin sayı azalmasın..."

Bu da Tahir Aydınoğlunun dedikləridir: "Jurnalistika fakültəsinin tələbələri üçün Akif müəllim sadəcə "nurlu adam"dır. Təbəssümü, səmimiyyəti, mehribanlığı, qayğıkeşliyi, təmizliyi ilə. Bəlkə də Akif müəllim özü də bilmir ki, necə xoşbəxtdir. Çünki tələbələri onu çox sevirlər. Akif müəllim elə insanlardandır ki, yaşının hansı dönəmində olsa belə, adama elə gəlir ki, o, heç dəyişmir. Cavanlığında da belə imiş, indi də belədir, lap qocalanda da belə olacaq...

Bir də istəyirik, sizə bir sirr açaq. Jurnalistika fakültəsinə yolumuz düşəndə gözümüz birinci Sizi gəzir..."

Bax, bu, doğrudan da əsl xoşbəxtlikdir, ən böyük, əvəzedilməz mükafatdır, Akif müəllim! Müxtəlif orqanlardan  mükafatlar almaq olar. Ancaq tələbələrin sevgisini, hörmətini, sayğısını qazanmaq ən ucasıdır, ən üstünüdür...

Hər dəfə sizi görəndə o illərin bütün günləri səhifələnir, xatirələr qəlbimi incidir. Şirini də, acısı da yada düşür. Əlim çatmır nə şirininə, nə də acısına... Bir zamanlar jurnalistika fakültəsinin  yerləşdiyi binanın yerində indi nə yerləşdiyini bilmirəm. Amma mənim üçün Bakı şəhərində o bina ən əziz, ən unudulmaz, ən gözəl, əvəzedilməz tikilidir... Hərdən ayağım Bakıya düşəndə  bilərəkdən yolumu ordan salıram, ordan keçirəm. Bir şeyi bəhanə edib o yerləri görməyə gedirəm.  Hər dəfə də gözlərim yaşarır.  Özümə sual veririrəm: Niyə keçən günün bircə anını geri döndərmək olmur? Axı möcüzələr baş verir  dünyada...

Elə bir an olsaydı, sadəcə həmin binaya gedərdim. O bircə anı yaşamaq üçün. Dostlarımı, tələbə yoldaşlarımı, müəllimlərimi görmək üçün...

O fakültədə heç sevilməyən müəllim yox idi. Sevilənlər və ən çox sevilənlər vardı. Famil müəllim, Şirməmməd müəllim, Tofiq müəllim, Nurəddin müəllim, Nəriman  müəllim, Ceyran xanım, Seyfulla  müəllim, Əliş müəllim, Yalçın müəllim, Cahangir müəllim, Nəsir müəllim... Gözəl insanlar, gözəl müəllimlər, gözəl alimlər. Qızıl əyarlı adamlar... Azərbaycan jurnalistika tarixində önəmli yer tutan insanlar. Mətbuatımızı inkişaf etdirən insanları yetişdirənlər...

Bir də Akif Rüstəmov... Siz, ən çox sevilənlərdənsiniz, həyatımın qızıl dövrünün adamı! Yeriyəndə yeri incitməyən müəllimim, mələk kimi insan, nurlu adam...

Mən sakit insanları, baş verənləri, ağrılarını, acılarını içində çəkənləri çox sevirəm. Öz problemlərini, acılarını  başqalarına yükləyənlər təbiətimə yaddır. Siz də heç zaman üzərinizdəki yükü kimsəyə yükləmirsiniz. İçinizdə,  ürəyinizdə çəkirsiniz. Özünüz hər şeyin həllini tapırsınız, yoluna qoyursunuz. Tələbələrinizə də, yoldaşlarınıza da kömək əli uzadırsınız.

Siz məni xatırlamazsınız. Adi bir qızdım. Elə gözə girmək, özünü tanıtmağa çalışmaq bacarığım da yoxdur. Dekanatlığa da gəlməzdim. Auditoryanın bir küncündə oturardım dərslərim bitənə qədər. Boş zamanlarımda yazardım. Bir də ki, yüzlərlə mənim kimi tələbələr gəlib-gedib jurnalistika fakültəsinə. Hamını yadda saxlamaq zorunda  deyilsiniz. 

Amma mən sizi çox yaxşı xatırlayıram. Hər zaman da hörmətlə, sayğıyla yada salıram. Çox yaşayın deyirəm. İndi bizə dərs deməsəniz də, sizi görmək, yazılarınızı oxumaq qəlbimizi sızladan tələbəlik illərimizi xatırladır bizə. Xatirələrlə, sevgilərlə dolu insan...

Görən, ömrümüzün o qızıl illərinə bir an da olsa qayıda bilərik? Nə deyirsiniz, Akif müəllim? Axı bizim bütün bilmədiyimiz suallarımıza cavabları  müəllimlərimiz verirdi...

 

 

 





12.09.2024    çap et  çap et