525.Az

Böyük Qayıdış yolunda daha bir addım: dirçəldilən Cəbrayıl


 

Böyük Qayıdış yolunda daha bir addım: dirçəldilən Cəbrayıl<b style="color:red"></b>

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 3-də Cəbrayıl rayonuna səfər etmələri ölkə həyatında növbəti əlamətdar hadisəyə çevrilib.

Səfər çərçivəsində Prezident və birinci xanım Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Bildirilib ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.

Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində "Azərsun Holding" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub. Bildirilib ki, qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.

Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.

Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur.

Səfər çərçivəsində Prezident həmçinin Cəbrayıl rayonunda "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub. Müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.

Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.

Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.

Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Prestij-Kimya" MMC-nin zavodunun, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Karabakh Stone" MMC-nin zavodunun, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında Litvanın "Dominari" şirkətinin mebel klasterinin, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrinin təməlqoyma mərasimində iştirak ediblər.

Prezident bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır.

"Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar", - deyən Prezident İlham Əliyev vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.

 

Millət vəkili Sevinc Hüseynova deyir ki, 4 oktyabr tarixi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, qədim Azərbaycan xalqının milli-mənəvi irsini özündə təcəssüm edən Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. Təbii ki, bu gün böyük əhəmiyyətə malikdir. 1993-cü il avqustun 23-də Cəbrayılın erməni silahlı qüvvələrinin işğalına məruz qalması olduqca acı bir tarixi fakt idi. Çünki bu işğal dövründə xalqımıza məxsus milli-mədəni irsimizi özündə əks etdirən çoxlu sayda milli-mədəni abidələrimiz erməni vandalları tərəfindən məhv edildi. Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurdu: "Heç təsadüfi deyil ki, Böyük Qayıdış məhz Cəbrayıldan başlayıb. 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edilib. 2016-cı idə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu zamanı Lələtəpə adlı strateji yüksəkliyin azad edilməsi ilə Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olub. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Şanlı ordumuzun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı".

S.Hüseynova bildirib ki, Cəbrayıl rayonunun azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir: "Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan əməliyyatlar nəticəsində ümumilikdə bir şəhər və 80 kənd işğaldan azad edilib. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad olundu. Artıq işğaldan azad edilmiş əraziləridə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Cəbrayılda dağıdılan mədəni-tarixi abidələrimizin də bərpası həyata keçirilir. Ən şərəfli anlardan biri də Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması idi. Bu, Azərbaycan xalqı üçün qürur və fəxarət, çox böyük siyasi və tarixi əhəmiyyətə malik hadisədir. Cəbrayıl tam bərpa olunacaq və rayon sakinləri doğma yurdunda rahat yaşaya biləcəklər. Bütün uğurlar Prezident İlham Əliyevin iradəsi, xalqımızın biriliyi və ordumuzun gücü sayəsində qazanıldı".

S.Hüseynova  4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması mühüm bir tarixi reallığın təzahürü olduğunu söyləyib: "Ali Baş Komandan tərəfindən 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edilib. Məhz bu şanlı tarixi Qələbə günlərinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub".

Millət vəkili vurğulayıb ki, bu gün artıq Cəbrayıl öz tarixinin yeni dövrünü yaşayır: "Cəbrayıllılar artıq uzun müddətdən sonra öz doğma yurdlarına qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonuna səfərləri zamanı mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri baş tutub. Bu xüsusda Prezident İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonuna səfəri zamanı yeni müəssisələrin, istehsalat və xidmət sahələrinin açılışını edib, təməlini qoyub. Dövlət başçısının Cəbrayıla səfəri zamanı "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyulub. Eyni zamanda, "Azərsun Holdinq" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli atılıb. Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Bununla yanaşı, Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərinə də qatılıblar. Bütün bunlar onu göstərir ki, işğaldan azad edilən digər ərazilərimiz kimi, Cəbrayılda da qısa zamanda bütün zəruri infrastruktur obyektləri, istehsalat müəssisələri, insanların yaşayışını və məşğulluğunu təmin edəcək sosial layihələr ardıcıllıqla icra edilir. Sözsüz ki, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və digər azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir".

Politoloq Tural İsmayılovun fikrincə, ölkə başçısının Cəbrayıla bu səfəri də böyük əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsinin başlanğıcında ilk azad olunan şəhərimiz Suqovuşandan sonra Cəbrayıl şəhəri idi. Cəbrayıl Qarabağın giriş qapısı hesab edilir, çox böyük strateji əhəmiyyətə malik olan şəhərdir: Gərgin və sıx iş qrafikinə rəğmən cənab Prezident Qarabağın şəhər günlərində özü şəxsən iştirak edir. Bundan əvvəlki bütün Qarabağla bağlı önəmli günlərdə İlham Əliyev Xankəndinə, Ağdama, Şuşaya və Qarabağın digər bölgələrinə səfərlər həyata keçirib. Qarabağın hər bir qarışındakı abadlıq, quruculuq işlərinin hər biri Prezidentin nəzarəti altında həyata keçirilir".

Sevinc QARAYEVA

 





08.10.2024    çap et  çap et