Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) "Peşəkarla dialoq" adlı yeni layihəyə start verib. Layihənin məqsədi gəncləri müxtəlif sahələrdə uğurlu mütəxəssislərlə bir araya gətirmək, onların təcrübələrindən faydalanmaq və gəncləri karyera seçimi, peşəkar və şəxsi inkişaf, müasir iş bazarının tələbləri barədə məlumatlandırmaqdır.
Bu vasitə ilə gənclər seçdikləri sahədə tanınmış peşəkarlarla birbaşa dialoqa girərək, suallarını ünvanlaya biləcək, eyni zamanda iş dünyası ilə bağlı faydalı tövsiyələr əldə edəcəklər.
525.az xəbər verir ki, layihənin ilk qonağı Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı, jurnalist Rəşad Məcid olub.
Öncə GİKM-in nümayəndələri Rəşad Məcidə Azərbaycan Respublikasının Gənclər Fondu, GİKM haqqında ətraflı məlumat veriblər.
Sonra media sahəsində bilik və təcrübələrini bölüşən, jurnalistika və mətbuatın cəmiyyətdəki əhəmiyyətindən məlumat verən Rəşad Məcid gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, iştirakçılara unikal bilik və təcrübə qazandıracaq, gənclərin hədəflərinə çatmaları üçün ilham mənbəyi olacaq "Peşəkarla dialoq" layihəsinin növbəti sessiyalarında öz sahəsində böyük uğurlar əldə etmiş peşəkarların dəvət olunması planlaşdırılır.