525.Az

Dövlət Komitəsinin sədri ABŞ-də Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib


 

Dövlət Komitəsinin sədri ABŞ-də Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi və Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ABŞ-nin Provo şəhərində keçirilən “Dini etiqad azadlığı sülh quruculuğunda vasitədir” mövzusunda 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib.

Bu barədə 525.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, dövlət Komitəsinin sədri çıxışında Azərbaycandakı dini tolerantlıq və dialoq mühiti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, eyni zamanda Prezident İlham Əliyev tərəfindən bu dəyərlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə danışıb:

"Azərbaycan tarixən xristianların, yəhudilərin və başqa dinlərə mənsub insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində yaşadığı, öz etnik-mədəni dəyərlərini qorumaları üçün hər zaman geniş imkanlar yaradıldığı məkan olub. Bakıda yerləşən məscid, sinaqoq və kilsələr bu müxtəlifliyin təzahürüdür. Azərbaycanda dini etiqad azadlığı ölkə Konstitusiyasında da təsbit olunub. Möhkəm hüquqi baza dini plüralizmi gücləndirərək, geniş spektrli dini icmalara qeydiyyatdan keçməyə və müdaxiləsiz fəaliyyət göstərməyə imkan verir. Bu hüquqi açıqlığın ən diqqətəlayiq nümunələrindən biri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin dövlət qeydiyyatına alınmasıdır".

Komitə sədri, həmçinin deyib ki, Azərbaycan təxminən otuz illik işğaldan sonra Qarabağı, onun mədəni sərvətlərini bərpa edərək, dini və etnik müxtəlifliyə sadiqliyini bir daha təsdiqləyir, gələcək nəsillərə qarşılıqlı hörmət və tolerantlığın hökm sürdüyü irs miras qoyur.

Çıxışının sonunda tədbirə evsahibliyi edən Yuta ştatında mövcud dini birgəyaşayış modelinin bir çox cəhətdən Azərbaycanın inklüziv və tolerantlıq modeli ilə oxşarlıq təşkil etdiyini vurğulayan R. Məmmədov qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, 1994-cü ildən etibarən keçirilən Beynəlxalq Hüquq və Din Simpoziumu dini etiqad azadlığı prinsiplərinin müzakirə edilməsi və bu prinsiplərin daha yaxşı həyata keçirilməsi mexanizmlərinin araşdırılmasına həsr olunan mühüm beynəlxalq platformalardan biridir.

Sevinc Qarayeva 

 





08.10.2024    çap et  çap et