525.Az

Sözün canı - Şair Adil Cəmilin yetmiş yaşına ön söz


 

Sözün canı - <b style="color:red"> Şair Adil Cəmilin yetmiş yaşına ön söz</b>

"Poeziya ən yaxşı sözlərin, ən yaxşı düzümü deyil, poeziya dilin ali mövcudluq formasıdır".

İosif Brodski

 

Yazarlar sözlərin köməyi ilə özlərini ifadə edirlər. Bu, çoxdan bəlli bir fikirdir, həm də ədəbi yaradıcılıq prosesinin əlifbasıdır. Əgər şair kağıza köçürdüyü, səsləndirdiyi sətirlərlə düşüncə və hissiyyatlarını, özünün keçdiyi və özündən keçən dünyanın poetik mənzərəsini yaradıb həyatı bədii şəkildə ifadə edə bilmirsə, onun "sərvəti", görüb-görəcəyi şax-şaxlı qafiyələrdən, ütülü, kül kimi soyuq söz yığınından savayı nə ola bilər ki?

Əsl ədəbiyyatı dəyərləndirən min illərin ədəbi təcrübəsindən süzülüb gəlmiş ciddi meyarlar, sərt tələblər var. Qüdrətli sözün təsir gücü qiymətli metalın əyarı kimidir, heç zaman öz məziyyətini itirmir.

Əlli ildən də çox müddətdə doğma şeirimizin məfkurə səngərini bir an belə tərk etməyən Adil Cəmil istedadı, bədii-estetik axtarışları, söz əzabına qatlaşan zəhməti sayəsində yaşamaq haqqı olan bir söz ünvanı, şeir qalası yaratmağı bacarıb.

Adilin şeirləri xalq şüurunun tərkib hissəsidir, ordan axıb gəlir. V.Belinskinin fikrincə, nə vaxtsa xalqın ucaltdığı qalalar, qəsrlər qəhr olsa da söz sənətində, əsl ədəbiyyatda xalqın mənəvi həyatı ölmür, diri qalır. Təbii ki, böyük tənqidçi bu fikirləri ifadə edəndə Adil Cəmili nəzərdə tutmayıb. Amma budur, 50 ildir ki, Adilin qələmindən çıxan şeirlər, poemalar oxunur və hər dəfə də o əsərlərdəki xalq ruhu oxucunu müqəddəs bir halə kimi bürüyür. Məncə, tarixi, milli, mənəvi enerji hopan bədii sözü çəkib aparmaq şair Adil Cəmilin çiyinlərinə düşən missiya yüküdür. Hansısa bir filosof deyib ki, "az miqdarda ədəbiyyatın ələ gəlməsi üçün çox böyük tarix lazım olur".

Adil Cəmilin 70 illik, mən deyərdim, mənalı həyatı müddət etibarıyla böyük tarix nəhrinin bir damlası olmasa belə, onun şair, alim, vətəndaş şüuraltısında, iç dünyasında əsrlərlə sürən ictimai münasibətlər və xalq tarixinin, mədəniyyət və mənəviyyat, etnoqrafiya və mühit qatlarının, ədəbiyyat və dil təcrübəsinin zəngin arsenalı toplanmışdır. Təsadüfi deyil ki, onun yaradıcılıq xəritəsində uzaq və yaxın keçmişlərin - Mete, Atilla, Babək, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanlar, Məhəmməd Füzuli, İmaməddin Nəsimi kimi poeziya və düşüncə zirvələri, "Kitabi Dədə Qorqud", "Manas" eposları, Kür, Araz, Savalan, Dəlidağ... kimi təbiət abidələri şərti də olsa xüsusi işarə və poetik kodlarla qeydə alınmışdır.

Yaxşı şairlərin hamısının mənbəyi özlərindən çox-çox keçmişdə, mənsəbi çox-çox gələcəkdədir.

"Hər bir insan öz yaddaşının məhsuludur. Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, xalqı ədəbiyyat yaradır"(U.Folkner). Bütün ayrıntıları bir qırağa qoyub söyləyə bilərəm ki, bəşəri səciyyə daşıyan əsərləri ilə xalq yaratmış bir ədəbiyyat şəcərəsinin çağdaş günlərimizdəki xeyirli-uğurlu sözçüsüdür Adil Cəmil!

Gülən çox dünyanın düz adamına,

Hərə sahib çıxır öz adamına.

Mən də çevrilmişəm söz adamına

Beş kəlmə uzadım sözün ömrünü!

Bax elə bu sətirlər çağdaş Azərbaycan şeirinin simalarından biri olan Adil Cəmilin varlığını, taleyini, inadını, inamını, bu fani (həm də əbədi!) dünyadan yeganə təmənnasını və nəhayətdə ulu mənbəyə bağlılığını ifadə edir.

O, elə budur - sözün aşiqi, sözün qulu və cəfakeşi...

Adil Cəmilin poetik fəlsəfəsinə görə bədii sözdən yüksəkdə ayrı bir sərvət qatı yoxdur - dildə söz var, könüldə Allah! Hər dəfə onun özü və sözü yadıma düşəndə belə qənaətə gəlirəm ki, əgər dildən sözü, könüldən Allahı bu şəxsin əlindən alıb ayrı bir Adil Cəmil (məsələn, deputat, nazir, biznesmen) düzəltmək istəsək, zəhmətimiz hədər gedər, heç nə alınmaz! Həm də belə bir cəhd yersizdir - artıq, o, fövqəl mahiyyətini ifadə edib, öz seçimi olan missiyanı mümkün olan ən yüksək nöqtəyə yetirib. Əgər indən sonra Adil Cəmil bir misra, bir cümlə yazmasa belə, o, Azərbaycan ədəbiyyatının (şair, publisist, tədqiqatçı, alim, tərcüməçi kimi) faktı və aydın, solub-silinməyən imzasıdır!

lll

Elə çıxmasın ki, axır sözümü əvvəl dedim; yox. Hələ mən bu məsuliyyətli təəssüratı sübut eləməliyəm.

Sübut istinadlarla gerçəkləşir.

Arxivlərə baş vurub məxəzlər axtarmağa ehtiyac yoxdur - Adil Cəmilin necə bir söz yiyəsi, ustad şair olduğunu təsdiqləmək üçün onun indiyə qədər işıq üzü görən otuza yaxın kitabıyla baş-başa qalmaq, onu misra-misra, sətir-sətir duymaq, anlamaq yetərlidir. Mən də bu yolu, belə hərəkət xəttini seçdim.

Yadıma gəlir, hələ 70-80-ci illərdə oxucular gənc şairin "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Bakı" qəzetlərində, "Çinar pöhrələri", "Yaşıl budaqlar", "Azərbaycan", "Sabir poeziya günləri" almanaxlarında təqdim olunan, öz yaşına uyğun gənc, təravətli şeirlərini, dağ hökmünü, çay şırıltısını, çəmən yaşılını, göy üzünün mavi səma dərinliyini vəsf edən ilk nəğmələrinin, imzasının yolunu həm gözləyir, həm də yeni parlayan Adil Cəmilin ilk qələm təcrübələrini sevgiylə, gələcəyinə ümid bəsləyərək oxuyurdular.  

Sonra əksəriyyəti şeir və poemalardan ibarət kitabları nəşr olunmağa başladı: "İşıqlar, pərvanələr"(1980), "Gündoğandan günbatana" (1983), "Aylı gecə nağılı" (1984), "Sözümün canı var" (1987), "Yuxusunda gülən qız" (1989), "Ürəyimdə bir haray var" (1992), "Tanrı mənə yar olanda" (2004), "Bir dəli sevgidən göyərib dünya" (2009), "Yurd yerim - dərd yerim" (2013), "Qan borcu" (2014) və nəhayət şairin bütün poetik yaradıcılığını bir çardaq, bir dam altına yığan, hər biri 400 səhifədən çox, iki cilddən ibarət "Adil Cəmil. Seçilmiş əsərləri" onun bir lirik, nəğməkar, eləcə həzin olduğu qədər də sərt, ciddi sənətkar kimi kitabdan kitaba, topludan topluya necə püxtələşdiyini, sözü rast demək ustalığını, mövzularını, bu möhtəşəm yaradıcılığın enişini, yoxuşunu, sevinc və kədər sərhədlərini (hədlərini), poetik mənzərə və mərhələlərini, necə deyərlər, güzgü kimi əks etdirir.

Əgər filoloji baxımdan ədəbi-estetik meyarı nəzərə alıb, hərtərəfli təhlil aparılsa, şairin poetik mətləb və özünü, həyat həqiqətlərini ifadə imkanları baxımından hasilə gələn təsnifat çoxşaxəli, çoxçalarlı olacaq. Bəzən Adil Cəmilin tək bircə şeiri ayrıca bədii məfkurə, dəyər səlahiyyətində, yeni səviyyə və müstəsna mərhələ ölçüsündə təəssürat yaradır.

Onun yaradıcılıq yolunu diqqətlə və ardıcıl izləyən qədirşünas oxucu və intellektual ədəbiyyat araşdırmaçısı dərhal təsdiq edəcək ki, Adil Cəmilin cəm halında götürəndə bütün poetik varidatının cövhəri insan ovqatının iki halından gəlir; sonsuz sevgidən doğan bəxtiyarlıq hissi və insan təfəkküründə (qəlbində) cövr edən böyük kədərin hakimiyyəti!

Bir dəfə Adil Cəmilin hər zaman yüksək ehtiram bəslədiyi şair Məmməd Aslanla səfər yoldaşı olub Türkiyənin Ağrı vilayətinə yollandıq. Yazın əvvəliydi, yasəmənlər çiçəkləmişdi. İğdırdan ötüb, gərək ki, Doğu Beyazid ərazisində "Sınır" deyilən bir yerə çatdıq. Bu sınır nə sınır idi? Sərhəd dirəkləri gözə dəyməsə də, ürcah olduğumuz möcüzə hər kəsi heyrətləndirdi. Naxçıvandan ta "Sınır"acan yaz havasıyla nəfəs alan adamlar burada təbiətin təzadı ilə qarışır. Sanki, yaz havası qəflətən məktəbli xətkeşi ilə dübbədüz xətt boyu kəsilir, xəttin o biri üzü şaxta və dizə qədər qar örtüyüdür. Şəxsən mən haçansa belə bir mənzərə ilə qarşılaşacağımı ağlıma gətirməzdim. Bu misalı nahaq yerə çəkmədim, bir az əvvəl şair Adil Cəmilin yaradıcılığında sevinc və kədərin tən bölünmüş qismət tənasübündən danışırdım.

Həqiqətən də Adilin qələmindən çıxan əsərlər qayə, məram, mənəvi-estetik məqsəd, təsvir və tərənnüm harmoniyası, duyğuların dəyişkən hərarəti baxımından fikir təzadlarının qalareyasıdır; bu yaradıcılıq dünyanın özünə bənzəyir. A.Cəmilin, eyni zamanda ədəbi ənənəyə sədaqət timsalı olan şeirlərində nifrət və məhəbbət, sevinc və kədər, gözəllik və çirkinlik, haray və sükut, iztirab və könül rahatlığı, həyat və ölüm "Sınır" dediyimiz məkandakı kimi sərt şəkildə təcrid olunmur, əksinə, onlar döyünən bir qəlbin, düşünən bir beynin cazibə dairəsinə daxil olaraq bütövlüyü təmin edir, məzmunu, başqa sözlə desək, şairin obrazını formalaşdırır.

Şairin yaradıcılığından bəhs edən bir çox tənqidçi və ədəbiyyatşünaslar (Kamran İmranoğlu, Nizami Cəfərov, Vaqif Yusifli, Allahverdi Eminov) müəyyən təsnifatlar aparıb bu əsərlərin sistemli ədəbi mənzərəsinin konturlarını cızmışlar. Fikrimcə, Adilin poetik ovqatı üç zaman kəsiyinin nəzarəti altındadır. 1970-ci illərdən başlayan ilk zaman kəsiyi 1988-ci illərin lap sonlarında bitir. Bura qədərki aralığı şair ruhunun qızıl dövrü də adlandırmaq olar. İkinci zaman kəsiyinin əhatə etdiyi poetik örnəklər 1992-2021-ci illərdə qələmə alınan yazılar və işıq üzü görən kitablardır. Bu zaman kəsiyi şairin dilində vətən sözünün alışıb yandığı, əziz vətənin qürbətə döndüyü, düşmən tapdağında qalan torpaqları - Kəlbəcəri, Şuşanı, eyni zamanda bütün Qarabağı azad etmək üçün xalqı birliyə çağırış, çarəsizlikdən doğan məyusluq, bəzən haray, bəzən ağlayıb-sızlamaqdan batmış səs və hardasa bu qanın, bu qisasın yerdə qalmayacağını əks etdirən ümid işığın təcəssüm məqamıdır.

Üçüncü zaman kəsiyi son dörd ili əhatə edir ki, bu aralığın da poetik uğurlarla zəngin olacağına "Anama layla" şeirlər toplusu mötəbər bir işarədir.

Adil Cəmilin publisistikası da zaman və baş verən ictimai-siyasi hadisələrə jurnalist-ədəbiyyatşünas baxış bucağından eyni qaydada, yuxarıda qeyd olunan rəmzi təqvim üzrə incələnə bilər. Şairin ən tutarlı publisistik əsərləri "El üçün ağlayan gözüm", "Hərənin öz həqiqəti", "Çağdaş meyarlar mövqeyindən" kitablarında toplanmışdır. A.Cəmilin böyük türkçülük, vətəndaşlıq və intellektual niyyətlə on illər boyu Qırğız xalqının, eləcə də bütün türkdilli xalqların ədəbiyyat, mədəniyyət, mənəviyyat və milli məfkurə xəzinəsinə daxil olan "Manas" eposunu tədqiq etməsi, nəhayətdə bu möhtəşəm abidəni vicdanla, qüdrətli şair-tərcüməçi istedadıyla Azərbaycan dilinə çevirməsi, nəinki Adil Cəmilin yaradıcılığında mərhələ, ondan daha üstün, bir türk oğlunun qeyrət işi, igidlik mücəssəməsidir.

Klassik dünya şairləri, bəşəriyyətə məxsus poetik salnamələr, eposların əksəriyyəti olmasa da böyük bir qismi dilimizə tərcümə olunub. Amma o tərcümələrin heç biri Adil Cəmilin "Manas"ının səviyyəsinə yüksələ bilmir, Azərbaycan dilində "Manas" bəlkə də qırğızca "Manas" dərəcəsində qüdrətli və misilsizdir.

lll

Mən Adili həmişə şeirdən-şeirə, kitabdan-kitaba boy atıb yüksələn gördüm. Məsələ burasındadır ki, belə bir yüksəliş şairə məxsus yaradıcılıq nümunələrinin xarakterini dəyişmir, əksinə, şeirlərin poetik əsasları get-gedə daha da möhkəmlənir. Bu mənada şairin 1980-ci ildə işıq üzü görən "İşıqlar, pərvanələr" kitabını Adil Cəmilin poeziya qalasına daxil olmaq üçün bir açar da saymaq olar. Bu kitab bizim illərimizdə həm gənc şairin özünü, qələm dostlarını və oxucularını əməlli-başlı sevindirmişdi. Əsasən ötən əsrin 70-ci illərində qələmə alınan, gənc ürəkdən, duru düşüncədən, ilk məhəbbət çırpıntılarından, azərbaycanlı olmağın, kəlbəcərli olmağın, üstəlik, şeir yaza bilməyin verdiyi qürur hissindən süzülüb gələn "İşıqlar, pərvanələr" Adilin şair manifesti, poetik kimliyi, nəcabətli siması idi. İlk kitab "Azərbaycanım" şeiri, əslində azərbaycanlı andı ilə başlayır, özündən əvvəl dəfələrlə qələmə alınmış yurd, vətən mövzusu burada yalnız Adil Cəmilə məxsus rəng və çalarlarla təsvir edilirdi:

Sən mənim gözümdə uludan ulu,

Mən səni od-alov yaşıdı bilirəm.

Toxunsam daşına gözüyumulu

Doğma diyarımın daşıdı, billəm.

Bu şeirin bədii məntiqinə görə vətən, yurd yalnız ərazi deyil, o, hava, su, çörək, işıq şəklində insana hopan, mövcudluğu təmin edən səbəbdi, ömürdü, gündü.

"İşıqlar, pərvanələr" toplusunun çapından 13 il sonra Kəlbəcəri itirən və 30 il dədə-baba torpağının üzünə həsrət qalan şair 70-ci illərdə, hələ o qəmsiz, qüssəsiz, həsrətsizillərdə, alın yazısının hökmüylə təhsil almaq, yaşamaq üçün Bakıya pənah gətirməyini sanki, balaca hicrət sayır.

El-oba nə imiş, indi bilmişəm,

Elimə qurban olum

 

Ağgünlü kəndimin ağbirçəkləri,

Məni şirin dillə danışdırdılar,

Dilimə qurban olum.

 

Belə bir obada ölərəmsə mən,

Ölümə qurban olum!

Əgər yurd, el-oba haqqında yazılmış şeirlərini - vətənnamələrini bir yerə toplasaq, bu əsərlər şairin poeziya yaradıcılığının ən azı 80 faizini təşkil edəcək. Amma bu yazılarda şair nə özü-özünü, nə də özündən əvvəl yazılan vətən şeirlərini təkrarlayır. Çünki onun poetik müşahidə "məntəqəsi", nəzər saldığı "müqəddəs predmetləri" fərqlidir. Əslində onun müstəqim şəkildə vətəndən, yurddan bəhs etməyən şeirlərindən də el-oba ətri gəlir. Dünyanın yarısının suverenliyini, müstəqilliyini qəsb edən sovet (rus) imperiyasının qılıncının dalının-qalağının kəsdiyi bir vaxtda vətən torpağından boy atan ağacı belə vəsf edirdi Adil Cəmil:

Ağaclar torpağın azadlığıdır.

Azadlığı olmayan quş qəfəsə salınmasa belə, özünə nə yerdə yer tapa bilir, nə göydə, eləcə çabalaya-çabalaya, vurnuxa-vurnuxa qalır.

Yarpaqlar gözümün yaşıl eynəyi,

Bu yaşıl baxışda bir dünya heyrət.

Töküldü üstümə durna lələyi -

Torpaqda vətən var, səmada qürbət!

Yaradıcılığının lap əvvəlindən müşahidə olunan əlamətlərdən biri budur ki, şairə görə natura şərtidir, bir çox hallarda konkret varlıqlar poetik düşüncə və şair məramının fonu olur, ucaldılan hörgünün kərpicləri timsalında görünür. Əgər onun şeirində çinar varsa, demək, möhkəmliyə, əyilməzliyə, ucalığa işarə var. Şəlalədən danışırsa - çağlayış və təmizliyi, pərvanə və şam varsa - eşqi, vurğunluğu, dağ varsa - əzəməti, bulud varsa -  qüssəni... vəsf edir.

Gözə dəyən, əllə toxunulan, ürəklə hiss, beyinlə dərk olunan nələr varsa, onların hər biri poeziya  səltənətinə açılan qapılardır və şair Adil Cəmil bədii sözün sehrinə  etiqad edərək, inanıb güvənərək o qapılardan bircə-bircə adlayır, həm də tək yox, bizimlə birgə, oxucusuyla bərabər.

Adil Cəmili sosial istiqamətli, ictimai həqiqətlərə kəskin reaksiya verən tribun şair adlandıra bilmərəm. Yenə deyirəm, onun üz tutduğu həyat həqiqətlərinin dərinlərdə - daha bir həssas qatı var. Məsələn, "Bu bahar" adlı şeir yalnız fəsil dəyişməsi barədə deyil, şair könlündə yaşıllaşan ümid rəmzidir. Çünki ötən bahar gözdə tumurcuq olanlar yeni gələn baharla ömürdə yarpaqlayır. Bahar hardan keçirsə onun qədəmlərində, ayaq izlərinin yerində çiçəklər açır, yəni çiçək çiçək deyil, yeni gələn yazın ləpirləridir. Hələ bu azdır, bahar həm də ümid rəmzidir. Şair isə yeni bahardan həyatı kökündən dəyişən, könülləri azad fərəhlə dolduran yenilik umur...

Adilin şeirlərində insan da, vətən də təbiətin bir parçasıdır. Təbiətlə canlı varlıq, xüsusən düşünən insan vahiddir, bəzən dilsiz-ağızsız təbii varlıq canlanıb insaniləşir, insan isə təbiət əlamətlərinin daşıyıcısı olur. "Ay işığı" şeirində deyilir ki, boz buludları ildırım çırpanda qorxudan torpağın dodağı uçuqlayır. Bu yandan da:

Kimsə bu yağışın üşəntisində

Nə günəş gəzəcək, nə gizlənəcək.

Bir qızın qızılı saçlarındaca

Bu yağış oxşanıb əzizlənəcək.

Gənclik sevginin sinonimidir. Adil Cəmilin ötən əsrin 80-ci illərinin sonuna qədər qələmə aldığı bütün əsərlərini ona sevgi, vurğunluq yazdırıb; nədən yazır yazsın - Vətəndən, dədə-baba yurdundan, Qarabağdan, Kəlbəcərdən, valideynlərindən, insani keyfiyyətlərdən, tarixi keçmişdən, təbiət abidələrindən, zaman və insan tandemindən, mövsüm dəyişmələrindən - bütün bu mövzuları söz meyvələri kimi yetişdirib dada gətirən şair Adil Cəmilin tükənməz sevgisi, nikbin qəlbi, işıqlı düşüncəsidir.

Bütün bunlarla yanaşı, o, gənc ürəklərin aşiqanə döyüntülərinin ahəngini də öz nəbzində duyub hiss eləyir, sözə çevirir.

Vüsalın ulduzu göydən qopdumu?

Həsrətin naləsi neydən qopdumu?

Sən ki söyləmişdin küsən deyilsən,

Küsmüsən, deməli, bu, sən deyilsən.

 

Adını çəkməsəm alışar dilim,

Kövrək ürəyini bilirəm, gülüm -

Sən də bu həsrətə dözən deyilsən,

Əgər dözürsənsə, bu, sən deyilsən. 

Şairin 90-cı illərə qədərki yaradıcılığında yurddan, vətən itkilərindən nigarançılıq, el-obanı qorumaq çağırışı hansısa gizli bir mənbədən gələn xəbərdarlıq, fəhm əlaməti kimi izlənməkdədir. "Köç gedir", "Kəndindən köçən kişi", "Şöhrət muzeyi", "Qaçış", "Daş haqqında düşüncələr", "Çinar atası", "Atama məktublar", "Dünya, məni dara çəkmə", "Zirvədə doğulmuş kəndçi balası", "Yurd yerində" və digər şeirlərində vətən sarıdan nigarançılıq tutarlı bədii obrazların dili ilə ifadə olunur, sanki şair doğma insanları ayıq-sayıq olmağa çağırır.

lll

Dərd gələndə batmanla gəlir... Sevincin gürşadı kimi, dərdin də heç o sevinc gürşadından geri qalmayan dinamikası, ardıcıl silsiləsi, hərəkət xətti var. Məsələn, "Qaçış" şeirində dağ çayı qaçır, ağacdan yarpaq qaçır, dodaqdan təbəsüm qaçır, düşmən qabağından qaçan xalqın ayağının altından torpaq qaçır, bulud yağmağa  qaçır, Günəş gündüzü doğmağa qaçır, Yer kürəsi fırlana-fırlana yerində qaçır... Hətta: "Quşlar qaça-qaça uçağan olur".

Yeri gəlmişkən, əgər biz Adil Cəmilin bütün şeir yaradıcılığını nəzəri baxımdan səciyələndirsək, onu əlüstü lirik-romantik sənətkar adlandırarıq. Kitablarında yer alan poemalar öz yerində, şairin bir çox süjetli şeirləri var ki, onlar poema siqləti daşıyır (Necə ki, bütün poemaları həcmli şeir qədər qısa və lakonikdir). Adilin "Beş oğul atası Məhəmməd kişi","Kəndindən köçən kişi", "Şöhrət muzeyi", "Daş haqqında düşüncələr", "Çinar atası" əsərləri və bu qəbildən digər  yazıları milli ədəbiyyatımızın yaxın-uzaq onilliklərinin bəhrəsi olan ən yaxşı süjetli, dolğun ədəbi örnəklərlə səsləşir və eyni zamanda bu şeirlərin yüksək sırasında dayanır.

Və "Sınır"... Şair ilhamının boranı, qışı başlayır!

1988-ci ilin hadisələri, soydaşlarımızın Qərbi Azərbaysandan deportasiyası, Qanlı 20 Yanvar, 1992-ci ildən başlayaraq Qarabağ əhalisinin kütləvi şəkildə işgəncələrə məruz qalması, insanlarımızın qətlə yetirilməsi, Xocalı faciəsi, başdan-başa təbiət, tarix, mədəniyyət abidəsi olan Şuşa, Laçın, Kəlbəcər kimi səngər qalalı yerlərin erməni cəlladlarına təslim edilməsi... hər bir azərbaycanlının qəlbində indi də qövr eləyən, qanı qurumayan yaradır.

Arzularım çiçək-çiçək,

Duyğularım gözəl-göyçək.

Yaşayıram yalan-gerçək

Yanımda el-obam yoxdu.

 

...Həyat neçə yol tanıdır.

Dünya döyüş meydanıdır

Hələ neçə davam çatmır.

Şair bu misraları Birinci Qarabağ savaşından on il, İkinci Qarabağ savaşından 20 il əvvəl qələmə alıb. Bu, aydın bir şəkildə göstərir ki, bəzən şair intuisiyası tarixin gedişatını qabaqlayır, bu halda ədəbi proqnoz, öncəgörmə həyəcan zəngi kimi səslənir.

Tək bu şeir deyil ki... Şair hələ 1983-cü ildə nəşr edilən "Gündoğandan günbatana" şeirlər toplusunda yazırdı ki, yaralı əsgərin ürəyindən arzu çıxmaz, güllə çıxar.

Həm də:

Baxıram... qaynayır döyüşçü gözü,

Ölümdən sonra da onlar sağ imiş.

Bir addım qabağa atılmaq özü

Vətəni bir addım artırmaq imiş.

"Vətəni bir addım artırmaq üçün" düşmən gülləsinə sarı o bir addımı atmasaydı, əsgər sağ qalardı, ürəyi ilə bir yerdə güllələnən arzunun boş qalmış yerini qəlpə doldurmazdı.

Adil Cəmil on illər boyu Kəlbəcər ağrısıyla qovrulan atası Savalanı bir parça vətən torpağı misalında itirəndə, onun məzarı başında dayananda böyük yaradan beş-on damcı göz yaşını da övlada çox görür, oğul ağlaya bilmir.

Ağlaya bilmirəm qəbrin önündə,

Göz yaşım gizlicə axır içimə.

Səndən ayrı düşən ağır günümdə

Ağlaya bilmirəm, məndən incimə.

 

...Yuxuya getmisən... yox bir oyadan,

İndi sən hardasan, mən harda, ata.

Vətən deyə-deyə getdin dünyadan

Qürbət var sən yatan məzarda, ata!

Bu elegiya ilə Adil yalnız öz doğma atasına yas tutur, söyləsəm, ən azı insafsızlıq etmiş olaram. "Ağlaya bilmirəm" əsəri Qarabağ... Qarabağ... Qarabağ! - deyibən vətən, yurd həsrətiylə işıqlı dünyaya gözlərini nakam yuman, məzarda qürbət çəkən on minlərlə ata, oğul, ana, bacı haqqında ağıdır.

Dərd gələndə batmanla gəlir. Şairin ata ruhuna ithaf etdiyi başqa şeirdə dərd qoşalaşır:

Köçdün bu dünyadan bir qış axşamı,

Bilməzdim atasız gələn səhər var.

Kəlbəcər adıyla adın qoşamı -

İndi nə sən varsan, nə Kəlbəcər var.

 

Deyirdin o yurda dönməliyik biz,

Deyirdin dizimdə hələ təpər var.

Sən idin bir parça Kəlbəcərimiz,

İndi nə sən varsan, nə kəlbəcər var.

İzahata yer qalmır... ortada iki ağır itki var - ata itkisi, atanın atası Kəlbəcər itkisi!

30 il ərzində Qarabağ barədə minlərlə şeir, hekayə, poema, roman yazılıb, publisistik əsərlər işıq üzü görüb. Heç şübhəsiz ki, Qarabağın azad olunması Azərbaycan xalqının birliyinin, ordumuzun qüdrətinin, Ali Baş Komandan İlham Əliyevin cəsarət və zəkasının yekunudur, şəhid qanının meyvəsidir.

Amma hər alqışda, hər niyyətdə də bir düşər olur. Xüsusən, şair diləklərində, sənətkar dualarında.

Adil Cəmil Qarabağ dərdini köynəyindən keçirib, bədii sözə çevirən az sayda şairlərimizdəndir. Hərdən adama elə gəlir ki, Qarabağın dərdli tarixinin ən mötəbər dəlilləri Adil Cəmilin poetik yaşantılarında qorunur, sanki o, şeir deyil, tarix yazır. O, seyirçi deyil, dərdin bir parçasıdır. Ağrı-acı öz yerində, şairin əsərlərindəki xilas yolu axtarışını, döyüş ruhunu mütləq qeyd etməliyik.

Adil Qarabağın xilas yolunu hər kəsin içindəki vətən sevgisində görür. Hər kəs ilk növbədə öz cavabdehliyini dərk etməlidir. Belə özünüdərk aşağıdakı iki misrada dəqiq ifadə olunmuşdur:

Mən gərək qaytarım məni özümə

Bir gün Kəlbəcəri qaytarmaq üçün.

Şükür bu günə, indi Adil də var, Kəlbəcər də var. Mənə elə gəlir ki bu cümlələri kağıza köçürdüyüm anda Savalan kişinin ruhu şad, torpağı pilə kimi yumşaqdır.

lll

Adil Cəmilin əsasən poetik yaradıcılığı üzərinə söylənilən mülahizələrdən aydın olur ki, sanballı şeir göydən tökülmür. Bunun üçün ilk növbədə anadan vergili doğulmaq, layiqli bioqrafiyaya sahib olmaq, özünəqədərki və zamanındakı ədəbi yekunları mənimsəmək, özünü  daim böyük sözün (həm də böyük həyatın) içində hiss etmək, yuxusuz gecələr, düşüncəli gündüzlər, yəni zəhmət, zəhmət... iş və əməl gərəkdir.

Ortada olan poetik sərvət şahidlik edir ki, Adil Cəmil sənət sınaqlarından layiqincə çıxıb. Onun yaradıcılığı ənənə içərisində ən yaxşı yenidir, novatorluqdur. O, milli şeirimizin ən işlək şəkillərində - hecada, qoşma, gəraylı, bayatı üstündə dillənir və dərhal da sübut edir ki, bəsitlik ayrı şeydir, sadəlik ayrı. Sadəliyin müdrik və heyrətamiz qatları olur. Məsələn, onun könüldən butalanan bu bayatını el yaradan ən yaxşı örnəklərdən kim ayıra bilər ki?

Yarı qəm,

Yarı sevinc, yarı qəm.

Eşrtsə ki, ölmüşəm

Öldürəcək yarı qəm.

Adil Cəmilin qoşma və gəraylılarında ənənə ilə çağdaş təfəkkürün qovuşması yeni bir ədəbi məziyyətə vəsilə olur.

Şairin şeirlərindən bəlli olur ki, o, göy üzünün, torpağın, gülün, çiçəyin, dağın, çayın, fəsillərin dilini bilir.

Adil Cəmil sevginin şairanə dilini bilir.

Adil Cəmil bütün şairlərin tanrısı, yaradıcısı olan dərdin dilini bilir.

Adil Cəmil bütün bunların hamısını ona görə bilir ki, o, sözün dilini, dilin dilini bilir.

Bu, ustad məqamıdır - şair qəzəblə, kinlə dolu olduğu halda belə, ustbəüst düzülən misraları məxmər kimi yumşaqdır, qarğış və nifrinsizdir, əsilzadədir. Sanki ahəngdarlıq qarışıq hisslərlə dolu bir qəlbi - beşikdə uyuyan (böyüyən) körpəni ana əlləri yelləndirir...

XX əsr ədəbiyatımızin görkəmli simalarından olan tənqidçi-ədəbiyyatşünas, şair, tərcüməçi Cəfər Xəndan yazırdı:

"Yeni söz demək o qədər də asan deyil. Yüz illərdən bəri yaşayan sənət aləminə nəzər saldıqda, adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsas məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir".

İndiki halında Adil Cəmil ustad ədəbiyyatşunasın nişan verdiyi o xəzinəyə baş vuran, əl dəyməmiş, ələ gəlməsi çox çətin olan cəvahiratı görən, o xəzinənin yolunu bilən və onun açarına sahib olan kamil şairdir.

 





08.10.2024    çap et  çap et