Yunis HÜSEYNOV
Tarix üzrə fəlsəfə doktoru
Qarabağın, xüsusilə də Şuşanın şanlı tarixinə həsr etdiyi geniş məzmunlu əsərləri və elmi məqalələri ilə tanınan tanınmış tədqiqatçı-jurnalist Vasif Quliyevin Şuşa qalasının siyasi, iqtisadi, sosial və mədəni həyatına həsr olunmuş kitabçaları bu yaxınlarda Azərbaycan və ingilis dillərində nəşr edilib. "Şuşa qalası" adlanan, hələlik on kitabçadan ibarət toplu Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair "Birinci Dövlət Proqramı"nın Tədbirlər Planının üçüncü prioritet istiqamətinin birinci bəndində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanıb.
Birinci kitabça Qarabağ xanlığının banisi, Şuşa şəhərinin təməlini qoymuş Pənahəli xanın nəslini, Qarabağ xanlığının yaranmasını, Şuşa qalasının bünövrəsinin qoyulmasını, qala divarlarının inşasını, şəhərin müdafiə sisteminin qurulmasını və digər bir çox mühüm məsələləri özündə ehtiva edir.
İkinci kitabçada Şuşanın məhəllələrinin salınması, onların adları, qalanın küçələrinin sakinləri barədə müfəssəl məlumatlar yer alır. Müəllif qeyd edir ki, bütün Şərq ölkələrində olduğu kimi, Şuşa şəhərində də hər bir məhəllənin özünün bazarı, karvansarası, məscidi, piri, hamamı, məhəllə bulağı, dükanları və məhəllə meydanı var. Məhəllələr bir-birindən hündür divarlarla, ya da ağaclarla ayrılırdı. Küçələrin çoxunda sənətkarlıq geniş yayılmışdı: "XIX əsrin ikinci yarısında Şuşada 52 küçə, 116 dalan və döngə var idi... Təkrarolunmaz və qeyri-adi görkəmi olan bu şəhərə gözəllik bəxş edən yalnız onun dağlıq relyefi, bir-birindən dəyərli olan saray və imarətləri deyil, həm də bütün səciyyəvi xüsusiyyətləri ilə orta əsr şəhərlərini xatırladan bazarları, meydançaları, ensiz dalanları, dolaşıq döngələri, dar küçələri idi".
Üçüncü kitabça Şuşanın daxilində və ətrafındakı yer adlarına - toponimlərə həsr olunub. Bu yer adları - toponimlər şəhərin keçmişini, sosial həyatını, tarixini və bütövlükdə ərazinin səciyyəvi xüsusiyyətlərini özündə ehtiva edir. Təxminən 274 il ərazində Şuşada və onun ətrafında yüzlərlə toponim yaranıb və əhalinin yaddaşına həkk olunub. Müəllif həmin toponimlərdən 35-nin adını qeyd etməklə onların elmi mənalarını izah edir.
Şuşanın tarixi-memarlıq abidələrinə həsr edilmiş dördüncü kitabçada memarlıq abidələrinin təsvirinə geniş yer verilib, 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşəməli küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə (qəbir, məzar, qəbirlər üzərində tikilən bina, mavzoley), 2 mədrəsə, 2 qəsr, 2,5 kilometr uzunluğunda olan qala divarları və digər tarixi-memarlıq abidələrinin adları qeyd edilib. Kitabçada həmçinin Şuşada mövcud olan xan sarayı, xan nəslinə məxsus olanların imarətləri, habelə tacirlərin, din xadimlərinin, ayrı-ayrı görkəmli şəxsiyyətlərin mülkləri haqqında oxuculara məlumat verilir, Şuşada xanlıq dövründə və ondan sonra yaşayıb-yaradan memarlar və ustalar - Kərbəlayı Səfixan Qarabağının (1788-1910), Usta Qənbər Zeynalabdin oğlu Qarabağinin (1830-1906), Məhəmməd Şükuhi Təbrizinin, Usta Əli Abbasqulu oğlunun adları hörmətlə yad olunur. Yad olunanlar arasında məscidlərin tikintisində xüsusi əməyi olmuş Kərbəlayi Səfixan da adı var. Qeyd edək ki, o, Bərdədə, Ağdamda, Odessada, Aşqabadda da məscidlər inşa edib.
Beşinci kitabça Şuşanın flora və faunasına həsr olunub. Kitabçada Şuşa qalasının flora və faunasını hərtərəfli təsvir edilir. Müəllifin vurğuladığı kimi, dağlar məskəni olan Şuşanın flora və faunası olduqca zəngindir: "İlin 4 fəslində yaşıl donunu dəyişməyən Şuşa meşələri bir kəmər kimi Qalanın ətrafına dolanıb gözəlliyini daha da artırır. Kips. Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri, Zarıslı kəndinin ərazisindən axan Daşaltı və Xəlfəli kəndi ərazisindən axan eyniadlı çayların sahilləri boyu uzanan meşələr, Çaxmaq meşələri Şuşanın yaşıl örpəyi, əvəzolunmaz təbii sərvətidir".
Kitabçada qeyd olunur ki, Şuşanın şimal-şərq ərazisində Qarabağ dağ silsiləsinin yamacında yerləşən dünya şöhrətli, qıvrım saçlı Çaxmaq meşəsi Şuşa şəhərinin nadir təbii sərvətidir. Şuşanın florasının baş tacı Xarıbülbül gülüdür. Bu gül haqqında el arasında bir çox əfsanələr var. Müəllif haqlı olaraq yazır: "Şuşanın faunası da florası kimi olduqca zəngindir. Meşələrin və dağların çoxluğu və eyni zamanda da əlverişli təbii şəraitin mövcudluğu quşların və heyvanların yaşamalarına və nəsillərinin artırılmalarına hərtərəfli imkan yaradır. Şuşanın meşə və dağlarında ayı, canavar, tülkü, çaqqal, dovşan, oxlu kirpi, adi kirpi, çöl pişiyi, porsuq, bəbir, maral, sığın, cüyür, dağ keçisi, qartal, tərlan, ağbaş çərkəz, şanapipik, qara və ala qarğa, sağsağan, bülbül, sərçə, çalağan, kəklik, göyərçin, qaratoyuq və başqa heyvan və quş növləri geniş yayılmışdır".
"Müqəddəs məkanlar" adlanan altıncı kitabçada Şuşa qalasında inşa olunan məscidlərdən, o cümlədən, Malıbəyli kənd məscidindən, müqəddəs ocaqlardan geniş söhbətlər açılır, İbrahimxəlil xan (Yuxarı Gövhər ağa), Aşağı Gövhər ağa, eləcə də Saatlı, Mamayı, Hacı Yusifli, Çulfalar, Çölqala, Təzə məhəllə, Məscidi-Əqsayi-Hüseyniyyə və digər məhəllə məscidləri barədə geniş məlumatlar verilir. Bunlardan əlavə, kitabçada 11 müqəddəs ocaq və pir haqqında da ətraflı məlumat var. Tarixi qaynaq və mənbələri əsas götürən müəllif yazır: "Aşağı məscid İbrahimxəlil xanın qızı Gövhər ağa tərəfindən 1832-1834-cü illərdə inşa olunmuşdur. Maraqlıdır ki, ikinci Cümə məscidinə ehtiyac var idimi? XVIII əsrin sonları XX əsrin əvvəllərində Şuşada 12-yə qədər dini təriqət və əqidə var idi. Onlardan Şeyxi, Üsuli, Mütəşərri, Kərimxani daha məşhur idilər. Şeyxilər və Üsulilər arasında gərgin mübarizə gedirdi...
Yuxarı Gövhər ağa məscidində, əsasən, Şeyxilər, Aşağı Gövhər ağa məscidində isə Üsulilər dini ibadətlə məşğul idilər. Aşağı məsciddə xeyli sayda sünnilər var idi".
Yeddinci kitabça karvansaralar, hamamlar və bazarlara həsr olunub. Burada müəllif karvansaraların, hamamların və bazarların sosial həyatda mühüm yer tutduğunu ətraflı təsvir edir: "XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşada 20-dən çox karvansara var idi. Bu karvansaralar içərisində Mirsiyabovların karvansarası həm zahiri görünüşünə, həm də böyüklüyünə görə digərlərindən fərqlənirdi". Şuşa karvansaraları eyni vaxtda 1000 nəfərdən çox qonaq qəbul etmək, onların fayton və arabalarını qoruyub-saxlamaq və qonaqlara yüksək surətdə xidmət göstərmək imkanına malik idilər. Müəllifin göstərdiyi kimi, karvansaralar qonaqlara yüksək səviyyədə mədəni xidmət göstərmək üçün bir-biri ilə rəqabət aparırdılar. Şuşa karvansaraları haqqında o, fikrini belə yekunlaşdırır: "Şəhərdə Məşədi Səkinə Hacı Əli qızının, Məşədi Bədir Hacı Hüseyn qızının, Səlim Məşədi Hüseyn oğlunun ikimərtəbəli, Ağa Seyid Hüseyn Məhəmməd oğlu Ağamirovun, Həsən ağanın, Məşədi Məhəmmədəli Hacı İmamqulu bəy oğlunun, Əhməd ağa Adıgözəlovun, Nəcəfqulu bəy Rüstəmbəyovun, Ağakişi oğlu Cəmilin karvansaraları və Şeytanbazar karvansarası da fəaliyyət göstərirdi".
Hamamlar haqqında. Hələ XIX əsrin ikinci yarısında Qarabağa səyahət edən ingilis səyyahı Robert Burtet yazırdı ki, Şuşada Qafqazın başqa şəhərlərində mövcud olmayan, Avropa şəhərlərindəki kimi daşdan inşa edilmiş binalar, daş döşənmiş geniş küçələr və qədim Roma hamamlarını xatırladan hamam binaları var. Şuşada inşa olunan ilk hamam haqqında oxuculara ətraflı məlumat verilir. Sonra "Bazar başı meydanı" ətrafında inşa olunan "Şirin su hamamı" və onun tarixi barədə ətraflı tarixi məlumat verir. Müəllif göstərir ki, XX əsrin başlanğıcında Şuşa qalasında 15 hamam var idi. Bu hamamların kimlərə məxsus olması adbaad olaraq göstərilir. Bu, olduqca maraqlı məlumatdır. Şuşa qalasında ictimai hamamlardan əlavə, xan sarayına, digər şəxslərə məxsus olan hamamlar da var idi. Qalanın yuxarı hissəsində xristianlara məxsus bir hamam da vardı.
Bazarlar haqqında. Şuşada müxtəlif əmtəə sahələri genişləndikcə əmtəə-pul münasibətləri də inkişaf edirdi. Qalada xeyli miqdarda xırda məhəllə bazarları var idi. Bu bazarlarda xırda alverçilər ticarət edirdilər. Bazarlar, bir qayda olaraq, küçələrin kəsişdiyi yerlərdə inşa olunurdu. Bu üsul orta əsrlər dövrünə xas olan hal idi. Kiçik bazarlara "bazarçe", yəni "kiçik bazar" deyilirdi.
XIX əsrdə və XX əsrin əvvəllərində Şuşada alış-veriş mərkəzi olan dörd böyük bazar olub. Müəllif onları aşağıdakı kimi xarakterizə edir:
"1. Rastabazar - Fars sözü olub, düz bir küçədə yerləşən mənasını verir. Şuşanın tanınmış tacirlərinin bütün məhsulları bu bazarlarda satılırdı.
2. Şeytanbazar - Burda, əsasən, dəmirçilərə və nalbəndlərə aid olan dükanlar var idi.
3. Həftə bazarı - Bu bazarlar yalnız bazar günlərində fəaliyyət göstərirdi.
4. Qapandibi. Şuşada yaranan ilk böyük ticarət mərkəzi idi. "Böyük bazar", "Böyük tərəzi" mənalarını bildirir".
Səkkizinci kitabça sənətkarlığa həsr edilib. Bu kitabçada Şuşada populyar peşələr, sənətlər və sənətkarlar haqqında geniş məlumat var. Xanlıq dövründə Şuşa kustar sənətkarlıq mərkəzi idi. Demək olar ki, sənətkarlar Şuşa şəhərində cəmləşmişdi. Kitabçada deyildiyi kimi, daxili ticarət bir-biri ilə qarşılıqlı surətdə bağlı idi. Çoxsaylı və mahir sənətkarlarla yanaşı, azsaylı kənd sənətkarları da kənd iqtisadiyyatında əvəzsiz yer tuturdular.
XIX əsrin ortalarında Şuşada sənətkarlıq sahəsində böyük uğurlara nail olunmuşdu. Bu barədə müəllif yazır: "XIX əsrin ortalarında Şuşada peşə-sənət növləri - xarratlıq, dülgərlik, bənnalıq, dəmirçilik, çilingərlik, nalbəndlik, misgərlik, qalayçılıq, zərgərlik, saatsazlıq, başmaqçılıq, sərraclıq, dabbaqlıq, dərzilik, cildçilik, kecəçilik, aşpazlıq, şirniçilik, dəriaşılama və başqaları idilər".
XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şuşa şəhərində 50 növdə qab-qaçaq istehsal olunurdu. Bütün sənət növləri kitabçada ardıcıl olaraq təhlil olunur.
Kitabçada toxuçuluq və xalçaçılıq haqqında geniş məlumat da öz əksini tapmışdır. Müəllif 6 xalça növünün adını qeyd edir və göstərir ki, Qarabağda, o cümlədən də, xanlığın mərkəzi olan Şuşada xalçaçılıqla yalnız azərbaycanlılar məşğul olurdular. Müsbət hal budur ki, Vasif müəllim xalçaçılıq sahəsində məşhur olan Azərbaycan qadınlarının 6 nəfərinin adlarını da kitabçaya daxil etmişdir. O yazır: "1872-ci ildə Moskva şəhərində açılan ... sərgidə şuşalı xalçaçılar Kərbəlayı Əhməd Dəmir oğlu, Cabbar Hacı Əhməd oğlu, Bayram Məşədi Qurban oğlu yüksək keyfiyyətli və müxtəlif çeşidli xalçalar nümayiş etdirdiklərinə görə qızıl medallarla təltif edilmişlər. Fatma Ağaşəfi qızı isə gümüş medala layiq görülmüşdür".
Kitabçada şəbəkə və Şuşa şəhərinin kustar sənayesi haqqında faktlar əsasında məlumatlar diqqəti cəlb edir. Şuşa qalası inşa edildiyi dövrdə onun memarlığında tətbiq olunan klassik formalardan biri də şəbəkə sənəti idi. Bunun parlaq nümunələri işğaldan əvvəl Şuşa evlərində dururdu. Şuşa şəhərində şəbəkədən qapı, pəncərə, arakəsmə hazırlanmasında, məscidlərdə minbərlərin düzəldilməsində istifadə olunurdu.
Doqquzuncu kitabça Şuşa qalasının ticarət həyatına həsr olunub. XVIII əsrin ikinci yarısında sənətkarlıqla yanaşı, xarici və daxili ticarət də sürətlə inkişaf edirdi. Ticarətin inkişafı tacirlər təbəqəsinin formalaşmasına böyük təsir göstərirdi. Kitabçada göstərildiyi kimi, 1843-cü ildə Şuşa qalasında 340 tacir dükanı var idisə, 1860-cı ildə onların sayı 500-ə çatmışdı. XX əsrin əvvəllərində daxili və xarici ticarət dövriyyəsinin artması nəticəsində tacir dükanlarının sayı 1535-ə çatmışdı.
Kitabçada şuşalı tacirlərin adları, dükanları haqqında, arxiv materialları əsasında tutarlı məlumatlar xüsusilə maraqlıdır. Şuşa XX əsrin əvvəllərində ticarət dükanlarının sayına görə Tiflis, Şamaxı və Şəki şəhərlərindən sonra dördüncü yer tuturdu. Şuşa tacirləri Cənubi Qafqazda, Rusiyada, Avropanın və Asiyanın bir çox ölkələrində ticarətlə məşğul idilər. Daxili və xarici ticarətlə məşğul olan tacir ailələrinin sosial tərkibi həm keyfiyyətcə, həm də kəmiyyətcə artırdı.
1876-cı ildə Azərbaycanda da Rusiyada olduğu kimi, gildiya dərəcələri tətbiq olunanda xeyli şuşalı tacir birinci və ikinci dərəcəli gildiya şəhadətnaməsi almışdı.
Kitabçada daxili ticarətin inkişafı haqqında da ətraflı məlumatlar öz əksini tapmışdır. Qeyd edim ki, Şuşa XVIII əsrin ikinci yarısından etibarən bütün Cənubi Qafqazda, sözün əsl mənasında, mədəniyyət və ticarət mərkəzinə çevrildi... Ticarətdə ipək və xalça ilə yanaşı, digər toxuculuq məmulatları da mühüm yer tuturdu. Deyildiyi kimi, Şuşa ticarət şəhəri hüququnu 1920-ci ilə kimi qoruyub-saxlayıb...
Onuncu kitabça Şuşa qalasının bulaqlarına həsr edilib. Müəllif Şuşa qalasının 1750-ci ildə bünövrəsinin qoyulmasını, onun su təchizatı məsələsini təhlil edir. Qeyd edir ki, yeni tikiləcək qalanın 2-3 axar bulaqdan başqa, axar su mənbəyi yox idi. Həmin bulaqlar qalanın əhalisinin suya olan tələbatını ödəyə bilməzdi. Pənahəli xanın göstərişi ilə kənkanlar güman gələcək ərazilərdə quyu qazdılar. Qazılan quyulardan bol su çıxdı. Müəyyən olundu ki, ərazidə su quyuları qazmaqla əhalinin suya olan tələbatını ödəmək olar. Bunlardan əlavə, su ehtiyatını artırmaq üçün yağış və qar sularından da istifadə etmək mümkündür. Bu məqsədlə də Şuşada inşa edilən evlərin həyətlərində su anbarları da inşa olundu. Qazılan quyuların əksəriyyəti şirin sulu idi. Müəllifin vurğuladığı kimi, XIX əsrin birinci yarısında Şuşa qalasında 970 evdə su quyusu var idi. Qalanın ərazisində bir neçə bol sulu kəhrizlər də qazılmışdı. Kəhrizlərin çoxu Çuxur məhəllədə idi. Vasif müəllim maraqlı bir fikir də irəli sürür. O qeyd edir ki, Şuşa əhalisi tez xarab olan ərzaq məhsullarını uzun müddət quyularda saxlayırdılar. Deməli, şuşalılar quyulardan soyuducu kimi də istifadə edirdilər.
Şuşada iqtisadiyyat inkişaf etdikcə əhalinin sayı da sürətlə artırdı. Elə buna görə də suya ehtiyac da artırdı. Şor sulu quyuların suyu içməyə yaramırdı. Əhalinin şirin suya olan tələbatını ödəmək üçün Daşaltı və Xəlifəli çaylarının ətrafında çıxan bol sulu çeşmələrdən tuluqçular qalaya müntəzəm olaraq içməli su gətirirdilər. Bu isə qala sakinlərinə baha başa gəlirdi. Ona görə də tuluqçular su ilə dolu olan tuluqları ulaq, qatır, at qoşulan arabalarla şəhərə gətirib satdırırdılar. Belə bir vəziyyətə son qoymaq üçün kənardan şəhərə su kəməri çəkmək zərurəti yaranmışdı.
1872-ci ilin yazında Şuşa qalasına şirin su kəmərinin çəkilişinə başlandı. Kəmərin çəkilməsində saxsı borulardan istifadə olunurdu. Su kəmərlərinin mənbəyi Şuşadan təxminən 7 berst aralıda yerləşən Sarıbaba dağının şimal ətəkləri seçilmişdi.
Müəllif Xan qızı bulağı haqqında ətraflı məlumat verir. Bulaq 1873-cü ildə istifadəyə verilərkən Xan qızı Xurşidbanu Natəvan öz bağında yaddaqalan bir ziyafət təşkil edir. Ziyafətdə Bakıdan, Tiflisdən, İrəvandan, Gəncədən, Şamaxıdan, Naxçıvandan, Təbrizdən, Ərdəbildən və başqa yerlərdən xeyli qonaq iştirak edir. Bulağın istifadəyə verilməsi Şuşa şəhərinin sosial həyatında böyük tarixi hadisə kimi yaddaşlara əbədi həkk olunub.
Şuşa qalasına ikinci şirin su kəməri 1896-cı ildə çəkilib. Vasif Quliyev bu barədə yazır: "Şuşaya ikinci su kəmərinin çəkilməsi, şəhər əhalisinin suya olan ehtiyacını xeyli dərəcədə ödədi. Şəhərin məhəllələrində supaylayıcı hovuzların şəbəkəsi genişləndi. Bir il ərzində 20-dən çox küçədə daşdan tikilən hovuzlar istifadəyə verildi".
Kitabçada müəllif Çölqala, Təzə məhəllə və Mamayı məhəlləsinin bulaqları və şəhərdən kənarda yerləşən İsa bulağı, Saxsı bulağı, Əjdaha bulağı və Səkili bulaq haqqında da məlumat verir.
Sonda "Şuşa qalası" adlanan, hələlik on kitabçadan ibarət bu toplunu ərsəyə gətirdiyinə görə hörmətli tədqiqatçımız Vasif Quliyevə təşəkkürümü bildirir, ona elmi yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayıram.