525.Az

Təhsilin İnkişafı Forumu keçirilib


 

Təhsilin İnkişafı Forumu keçirilib<b style="color:red"></b>

Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən Təhsilin İnkişafı Forumu keçirilib.

525.az xəbər verir ki, “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Forum dövlət-özəl tərəfdaşlığı, təhsilin iqtisadiyyata inteqrasiyası və universitet-sənaye əməkdaşlığına dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.

Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumunun müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirdiyini vurğulayıb. Nazir Təhsilin İnkişafı Fondunun yaradılmasının tərəqqiyə atılan bir addım olduğunu bildirib.

Daha sonra TÜBİTAK TEMEG İdarə Heyətinin üzvü, “Catalysade” şirkətinin təsisçisi Sanem Yalçıntaş Sabuncuoğlu məruzə ilə çıxış edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “Biliyi dəyərə çevirən sinerji” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Səməddin Əsədov çıxış ediblər.

Forumun ikinci paneli “Tədqiqatdan inkişafa gedən yol” mövzusuna həsr olunub.

Paneldən öncə Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib.

Daha sonra Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, “Kapital Bank”ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxış ediblər.

Panel çərçivəsində “Beynəlxalq reytinqlərdə universitetlərin mövqeyini artırmaq üçün strateji əməkdaşlıqlar”, “Tədqiqat və inkişafda universitet-sənaye tərəfdaşlığının əhəmiyyəti”, “Universitet-sənaye tərəfdaşlığının perspektivləri”, “İnnovasiya və tədqiqat mərkəzlərinin yaradılması və dəstəklənməsi”, “İnnovativ tədqiqatların sənaye ilə inteqrasiyası və kommersiyalaşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb.

Forumun gedişatında bp şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanmasına dair əməkdaşlıq memorandumu imzalanıb.

Forumun üçüncü paneli “Gələcəyi gənclərə necə hazırlamalı” mövzusuna həsr olunub.

Paneldən əvvəl Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov məruzə ilə çıxış edib.

Daha sonra STP Şirkətlər Qrupunun baş insan resursları inzibatçısı Şölə Əliyevanın moderatorluğu ilə keçirilən paneldə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, “Coursera”nın Hökumətlə tərəfdaşlıqlar üzrə direktoru Akanksha Kapoor, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, NEQSOL Holdinq Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə çıxış ediblər.

Panel çərçivəsində “Sənayeyə uyğun ortaq tədris proqramları”, “İnsan kapitalının inkişafında yeni modellər”, “Gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən proqramlar və təşəbbüslər” mövzuları müzakirə edilib.

Sevinc Qarayeva 

 





08.10.2024    çap et  çap et