Boliviyada iyun ayından başlayan meşə yanğınları hələ də davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın ocaqları ölkənin 9 departamentinin hamısında qeydə alınıb.
Bu günə kimi 746 yaşayış məntəqəsi və 12 min ailə meşə yanğınlarından ziyan görüb.
Boliviya hökümətinin rəsmi açıqlamasında 34 munisipial dairə təbii fəlakət zonası elan edilib. Ən pis vəziyyət Braziliya ilə sərhəddə yerləşən Santa-Kruz, Beni və Pando departamentlərindədir.
Təbii fəlakətlə mübarizəyə ölkənin bütün mümkün imkanları səfərbər olunub, o cümlədən, 1600 hərbçi cəlb edilib. Qonşu Çili, Braziliya və Venesuela da Boliviyaya yardım əlini uzadıb.
Boliviya prezidenti Luis Arse meşə yanğınlarının Boliviyaya külli miqdarda ziyan vurduğunu söyləyərək, ötən həftə ölkədə "Milli fəlakət" elan edib.
Qeyd edək ki, yanğınlar 10 milyon hektar meşəni məhv edib. Ekoloqların təxmininə görə, bu ərazilərdə ekosistemin bərpasına ən az 10 il vaxt lazım olacaq.
L.Tağıyeva