Uşaqların düzgün qidalanması onların sağlam böyüməsi üçün çox əhəmiyyətlidir. Normal yuxu və balanslaşdırılmış şəkildə qidalanma uşaqların inkişafına müsbət təsir göstərir. Günə səhər yeməyi ilə başlamaq ilkin şərtlərdən biridir. Bu dövrdə uşaq orqanizmində aktiv inkişaf gedir, ona görə uşaqların yaşına və orqanizmin tələbatına uyğun qida rejimi təşkil edilməsi tövsiyə olunur. Gündəlik qida menyusuna zülal, karbohidrat, yağ, vitamin, mineral olan qida məhsulları daxil edilməlidir. Qeyri-sağlam qidalanma uşaqlarda mədə, ürək-damar, hipertoniya və s. kimi bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, uşaqlar üçün düzgün qidalanma çox vacibdir, çünki onların bədəninin həm fiziki, həm də zehni inkişafı davam edir. Gündəlik qida rasionunda mütləq zülal, karbohidratlar, yağlar və vitamin-mineral balansı nəzərə alınmalıdır. Zülal mənbəyi olaraq yumurta, süd məhsulları (süd, qatıq, pendir), balıq və toyuq ətindən istifadə etmək olar. Karbohidrat olaraq isə təbii, işlənməmiş çörək məhsulları və meyvələr önəmlidir. Uşaqların qidalanmasında faydalı yağlar da yer almalıdır, məsələn, zeytun yağı və ya qoz, fındıq kimi yağlı toxumlar. Gün ərzində az porsiyalarla, lakin tez-tez qidalanmaq daha məqsədəuyğundur. Bu, uşaqların enerjili qalmasına və yorğun olmamasına kömək edəcəkdir. Səhər yeməyi uşaqlar üçün ən vacib qidadır, çünki uzun gecə saatlarından sonra bədənə enerji vermək lazımdır. İdeal səhər yeməyində zülal və karbohidrat balansına diqqət edilməlidir. Yumurta, süd, pendir, qatıq kimi zülal tərkibli qidalar məsləhət görülür. Bununla yanaşı, tam taxıllı çörək və ya qoz-fındıq kimi sağlam yağlar da səhər yeməyində yer almalıdır. Meyvə də səhər yeməyinə əlavə edilə bilər, çünki təbii şəkər və vitaminlərlə zəngindir. Bu qidalar uşaqlara gün ərzində enerjili qalmağa kömək edəcək.
Məhsəti Hüseynova qeyd edib ki, şəkərli içkilər və yüksək kalorili şirniyyatlar uşaqların sağlamlığına mənfi təsir edir. Bu cür qidalar qısa müddət ərzində qan şəkərini sürətlə artırır, lakin sonra tez bir zamanda azalır, nəticədə uşaq özünü yenidən ac və yorğun hiss edir. Bu da onların gün ərzində fokuslanmasına və dərslərdəki məhsuldarlığına mənfi təsir edir: "Şəkərli içkilər həm də orqanizmdə su balansını pozur, çünki bədən daha çox toksin atmağa çalışır. Bunun əvəzinə, uşaqlara daha çox su içmək tövsiyə olunur. Su bədənin toksinləri atmasına və qidaların daha yaxşı həzm edilməsinə kömək edir".
Ekspertin söylədiyinə görə, "abur cubur" dediyimiz qidaların əksəriyyətinin tərkibində məhsulun ömrünü uzatmaq üçün, gec xarab olması üçün bir çox qatqı maddələrində istifadə olunur. Eyni ilə də həmin məhsulların içində dadlandırıcı olaraq, asılılıq yaratmaq üçün başqa kimyəvi maddələrdən də istifadə olunur. Bu maddələr birbaşa olaraq inkişafda olan orqanizmə mənfi təsir göstərir: "Əksəriyyətində bunların tərkibi tam şəkildə etiket məlumatlarında göstərilsə də, bir çoxlarında isə demək olar ki, kimyəvi adlarla və yaxud da yan təsirləri ilə bağlı heç bir məlumat verilmir. Bu qidaları davamlı olaraq qəbul edən insanlarda, xüsusilə də uşaqlarda aqressiya, gərginlik, eyni zamanda əqli cəhətdən inkişafdan geri qalma və yaddaşsızlıq kimi problemlər yaranır. Xüsusilə də bu kimyəvi maddələr sümük əriməsinə də səbəb olduğuna görə onların skelet quruluşunun, eyni zamanda da orqanizmin inkişafında da bir çox problemlərə gətirib çıxarır. Bir çox hallarda bu kimi məhsulların tərkibində istifadə olunan monosodium qlutomat maddəsinin sintetik tərkiblisindən istifadə olunur. Buna da el arasında "Çin duzu" deyilir. Bu da birbaşa olaraq ağızda ənənəvi dad ressorlarının pozulmasına və yeni bir dadın yaranmasına səbəb olur ki, nəticədə ənənəvi qidalardan zövq almama və xüsusilə də davamlı olaraq bu cürə qidalarla qidalanmaq istəyi yaranır. Belə qidaları davamlı olaraq qəbul etdikdə insanlarda bəzən iştahasızlıq, bəzən də həddindən artıq qida qəbul etmək istəyi yaranır".
Mütəxəssis vurğulayıb ki, həmin qidaların tərkibində həddindən artıq çox sintetik şəkərin, trans yağların olması, duzdan həddindən artıq çox istifadə olunması bir çox problemlərin yaranmasına səbəb olur: "Xüsusilə duzun çox olması, maye duz balansının pozulmasına gətirib çıxarır. Həddindən artıq şəkərin olması asılılıq yaratmaqla yanaşı, orqanizmə artıq kalorinin qəbul olmasından obezite piylənməyə və qanda şəkər səviyyəsinin pozulmasına səbəb olur. Trans yağlar ürək damar xəstəlikləri yaradır. Ona görə də, bu kimi qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Bu gün azad bazar iqtisadiyyatının inkişafına dəstək üçün istehsalçılara şərait yaradılsa da, heç də hər bir istehsalçı istehlakçıların sağlamlığını düşünərək məhsul istehsal etmir. Bu cür məhsulların zərərli olduğu göstərilsə belə, satışda hər birimizin qarşısına çıxır. Ona görə uşaqların sağlamlığını qorumaq üçün bu kimi məhsullardan birmənalı şəkildə uzaq durmaq lazımdır".
Qida Təhlükəsizliyi Agentliyinin Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin baş mütəxəssisi Cəmilə Hacızadə deyir ki, erkən uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri onun gələcəkdə qidalanma rasionu və sağlamlığı üçün vacib hesab edilir. Uşaqlar böyüdükcə onlarda həmin vərdişləri dəyişdirmək çətinləşir. Belə ki, uşaqların daha çox vaxt keçirdiyi ev və bağça kimi mühitlər onların qidalanma vərdişlərinin formalaşmasında mühüm yer tutur: "Uşaqlar çox vaxt böyüklərin davranışlarını təqlid etdiyi üçün evdəki qidalanma mühiti və vərdişlər onların qida rasionuna və nəticə etibarı ilə sağlamlığına təsir göstərir. Xüsusilə, valideynlər uşaqların qidalanma vərdişlərinə əsaslı təsir göstərsələr də, bağçaya gedən azyaşlılar bağçanın qidalanma mühitindən də təsirlənirlər. Ona görə də məktəbəqədər yaşlı uşaqların qidalanmasına həm evdə, həm də bağçada ciddi fikir verilməlidir. Onların qidalanması zamanı nəzərə alınması vacib olan bir sıra faydalı məsləhətlər var. Uşaqların qidalanması üçün sağlam qəlyanaltılar təşkil etmək, qidalanma zamanı uşaqların diqqətini yeməyə yönləndirmək, onları düzgün olmayan davranışlardan (yeməklə oynamaq, yemək zamanı telefon və digər cihazlarda oyun oynamaq və s.) çəkindirmək, yemək yeyərkən qaçmağın və ya oynamağın qidanın nəfəs borusuna getməsinə səbəbolma riskini nəzərə alaraq yeməyi oturaraq yeməsinə diqqət yetirmək. Uşaqlara yaş qruplarından asılı olaraq əlavə qidaları vaxtında tətbiq etmək, qida qəbulu vaxtını mümkün qədər xoş keçirmək və uşaqları məcburi yedizdirməmək. Bu hal normadan artıq yemək yeyilməsinə və uşaqların çəkisinin kortəbii şəkildə artmasına səbəb ola bilər. Sağlam qidalanma vərdişlərində nümunəvi davranmaq. Belə ki, məktəbəqədər yaşlı uşaqlar adətən valideynlərindən gördüklərini təkrar edirlər. Əgər valideyndə qeyri-sağlam qidalanma vərdişləri varsa, bu uşaqda da özünü büruzə verə bilər. Bunlarla yanaşı, məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı istifadə olunan qida məhsullarına fikir verilməsi də zəruri amillərdəndir".
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamenti ilə Səhiyyə və İnsan Xidmətləri Departamenti valideynlərə 2 və daha yuxarı yaşda olan uşaqların sağlam və rasional qidalanmasının təmin edilməsi üçün əsasən 5 qida qrupuna aid məhsullarla qidalanmağı tövsiyə edir. Taxıl, tərəvəz, meyvə, zülal və süd məhsullarının rasiona daxil edilməsinin əhəmiyyəti vurğulanır.
Karbohidrat və B qrup vitaminlərinin mənbəyi hesab edilən taxıllar mütləq uşaqların rasionunda yer almalıdır. Xüsusilə qida dəyəri yüksək olan tam taxıl məhsullarından istifadə edilməsi faydalıdır.
İstənilən meyvə və ya meyvə şirəsi də həmin qrupa daxildir. Meyvələr təzə, dondurulmuş və ya qurudulmuş, eləcə də bütöv və ya püre halında ola bilər. Amerika Birləşmiş Ştatları Pediatriya Akademiyası 1 yaşdan 3 yaşa qədər olan uşaqlar üçün gündə yarım fincandan çox olmayaraq, 4-6 yaş arasında olan uşaqlar üçün isə gündə maksimum 1 fincan miqdarında şirə verilməsini tövsiyə edir.
Zülala olan tələbatı ödəmək üçün az yağlı və ya yağsız heyvan və quş əti məhsulları seçmək məsləhətdir. Bununla yanaşı, daha çox balıq, qoz, fındıq, noxud və lobyadan istifadəyə üstünlük verilməsi məqsədəuyğundur. Həmin yaşlarda uşaqlar üçün süd məhsulları və turş süd məhsulları qida rasionunun mühüm hissəsi hesab olunur. Tövsiyə edilir ki, daha çox yağsız və ya az yağlı süd məhsullarından istifadə edilsin: "Qeyd edək ki, yağlar həmin qida qrupuna aid olunmur. Lakin onlardan bəziləri qərzəkli meyvələrin yağları kimi əsas qida maddələrinə malikdir və qida rasionuna daxil edilə bilər. Heyvan mənşəli yağlar kimi bərk yağların istifadəsindən isə çəkinmək lazımdır. Uşaqların sağlam qidalanması ilə yanaşı, onların gündəlik fiziki aktivliyə təşviq edilməsi də vacibdir".
Sevinc QARAYEVA