525.Az

"COP29-un uğurla keçməsi üçün misilsiz şərait yaradılır"


 

"BU BÖYÜK TƏDBİR AZƏRBAYCAN İQTİSADİYYATININ DAHA DA İNKİŞAFI BAXIMINDAN ƏHƏMİYYƏTLİ FÜRSƏT OLACAQ"

"COP29-un uğurla keçməsi üçün misilsiz şərait yaradılır"<b style="color:red"></b>

Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP29) bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacaq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub.

Oktyabrın 9-da COP29 qlobal iqlim konfransı sədrliyi uyğunlaşma, iqlim dəyişikliyinin qarşısının alınması və 6-cı Maddə üzrə nazirliklər nümayəndələrinin təyin olunması elan edilib. Nümayəndələrin təyin edilməsi BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) bu mövzular üzrə siyasi məsləhətləşmələr çərçivəsində tərəflərə yol göstərməyə və məlumat verməyə kömək etmək məqsədi daşıyır: "COP29 nazirlik nümayəndələri konfrans ərəfəsində qarşılıqlı siyasi əlaqələrin gücləndirilməsində, həmçinin COP29 sədrliyinin əsas prioritetlərinin qlobal siyasi gündəmdə yüksəldilməsində mühüm rol oynayır".

İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayan və Kosta-Rikanın ətraf mühit və energetika naziri Frants Tattenbah iqlim uyğunlaşmaları üzrə nümayəndələr təyin ediliblər.

Norveçin iqlim ətraf mühit naziri Tore O.Sandvik və Cənubi Afrikanın meşə təsərrüfatı, balıqçılıq və ətraf mühit naziri Dion Trevers Corc iqlim dəyişikliyinin təsirlərinin azaldılması üzrə nümayəndələr təyin edilib.

Sinqapurun dayanıqlı inkişaf və ətraf mühit naziri Qreys Fu Hay Yen və Yeni Zelandiyanın iqlim dəyişikliyi məsələləri üzrə naziri Saymon Uotts Paris Sazişinin 6-cı Maddəsi üzrə nümayəndə təyin ediliblər. Nümayəndələr COP29 çərçivəsində tərəflərə 6-cı Maddənin həyata keçirilməsində kömək etmək üçün siyasi məsləhətlər verəcəklər.

Bundan əlavə, Avstraliyanın iqlim dəyişikliyi və energetika məsələləri üzrə naziri Kris Bouen və Misirin iqlim dəyişikliyinin təsirlərin azaldılması məsələləri üzrə naziri Yasmin Fuad iqlim maliyyəsi sahəsində "Yeni Kollektiv Kəmiyyət Hədəfi" (NCQG) məsələlərində nümayəndə təyin ediliblər.

İtaliyanın iqlim dəyişikliyi məsələləri üzrə xüsusi elçisi Françesko Karvaro, Qazaxıstan Respublikası Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova şəffaflıq məsələləri üzrə nümayəndə təyin ediliblər.

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyir ki, Azərbaycan 2015-ci ildə imzalanmış Paris sazişinə uyğun olaraq istixana qazlarının emissiyasının azaldılmasını öhdəsinə götürüb. 2050-ci ilə qədər 40 faizə qədər azaldılması Azərbaycanın götürdüyü öhdəliklər sırasındadır: "2024-cü il Azərbaycanın yaşıl iqlim gündəliyi çox zəngindir. Azərbaycanda bu il yaşıl dünya naminə həmrəylik ili elan edilib. Bütün ölkədə yaşıllaşdırma işləri aparılıb. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş və minadan təmizlənmiş bölgələrində böyük tikinti-quruculuq işləri aparılır, "Böyük Qayıdış" layihəsi həyata keçirilir. Bu, yaşıl enerjiyə əsaslanır, yenidənqurma və bərpa işləri bərpa olunan enerji əsasında həyata keçirilir. Məsələn, Şərqi Zəngəzurda yaşıl texnologiyalara əsaslanan infrastruktur yaradılıb. Ağalı kəndində yağış kanalizasiya suları ayrıca toplanır, evlər günəş batareyaları ilə qızdırılır, enerji təminatı bərpa olunan enerji əsasında həyata keçirilir. Eləcə də Qarabağda aparılan bərpa-quruculuq işləri yaşıl texnologiyalara əsaslanır. Xəzərin Azərbaycan sektorunda və quruda günəş və külək enerji potensialı zəngindir. Bundan istifadə istiqamətində ciddi addımlar atılıb, layihələr həyata keçirilib. Onlardan biri Qaradağda, Cənubi Qafqazın ən böyük günəş enerjisi stansiyasıdır. Azərbaycanda təxminən bir aydan sonra BMT-nin iqlim dəyişikliyi üzrə tərəflər konfransının 39-cu toplantısı keçiriləcək. Ona hazırlıq istiqamətində ciddi addımlar atılıb. Azərbaycan bundan öncəki COP toplantılarında keçirilən Səudiyyə Ərəbistanı ilə ciddi əməkdaşlıq edir. Təşkilat komitəsi artıq fəaliyyətdədir. Hesab edirəm ki, hazırlıq yüksək səviyyədədir. Hər halda toplantıların keçiriləcəyi ərazidə aparılan müşahidələr də onu göstərir ki, hazırlıqlar yüksək səviyyədə davam edir. Azərbaycan bu tədbiri bundan əvvəlki beynəlxalq nüfuzlu tədbirlər kimi yüksək səviyyədə həyata keçirə biləcək. Bundan əvvəl Azərbaycanda İslam oyunları, Avropa oyunları keçirilib. Biz bu toplantıları uğurla yekunlaşdırmışıq. COP29-un ictimai şüurda buraxacağı təsirlər çox olacaq. Yəqin ki, bu toplantıdan sonra Bakıda və digər iri şəhərlərdə yaşıl nəqliyyata daha çox üstünlük veriləcək. Bərpa olunan enerji resurslarının istifadəsi, alternativ enerjiyə keçid istiqamətində ciddi addımların müşahidə olunacağını gözləmək mümkündür. Bu baxımdan COP29 Azərbaycan üçün əhəmiyyətli tədbir olacaq. İnsanlarımızın ictimai şüuru, ətraf mühitə münasibəti dəyişəcək. Yaşıl nəqliyyata keçid istiqamətində addımlar atılacaq".

E.Cəfərlinin dediyinə görə, Azərbaycan üçün böyük əhəmiyyəti var. COP29-un keçirilməsi Azərbaycanın qlobal iqlim siyasətində mühüm rol oynamaq və öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli fürsət olacaq. Bu tədbir zamanı iqlim dəyişikləri ilə mübarizə sahəsində qabaqcıl təcrübələr və yeni texnologiyalar təqdim ediləcək. Eyni zamanda yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq ediləcək. Turizm sektoru canlanacaq, çünki ölkəyə 80 minə yaxın xarici turistin gələcəyi gözlənilir. Dövlət başçıları Bakıya təşrif buyuracaqlar. Azərbaycanın xidmət sektorunda canlanma yaranacaq. Yerli müəssisələrin fəaliyyəti aktivləşəcək. Həm də bu tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq. Yaşıl iqtisadiyyatın inkişafını təşviq edəcək: "Azərbaycan son 20 ildə əldə etdiyi sosial-iqtisadi uğurları qonaqların diqqətinə çatdıracaq. Azərbaycanın yeraltı və yerüstü sərvətləri, zəngin mədəni irsi təşviq olunacaq. On gündən bir az artıq müddət ərzində Azərbaycan dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Bu da ölkəmizin tanınması baxımından böyük rol oynayır. COP29 ictimai şüurda da ciddi dəyişikliyə səbəb olacaq. Bu toplantıları keçirməkdə məqsəd dünyanın diqqətini qlobal iqlim dəyişikliklərinin fəsadlarına yönləndirməkdir. Artıq qlobal iqlim dəyişikliyinin fəsadları qlobal istiləşmənin nəticələri gözlə görünən səviyyədədir. Daşqınlar, sellər, mövsümlərin yerini dəyişməsini hər kəs müşahidə edir. Bu da karbon emissiyasının artması ilə bağlıdır. Dünyanın beyin mərkəzləri belə nəticəyə gəliblər ki, karbon emissiyasının azaldılması lazımdır. Gələcək nəsillərə yaşanılan dünya buraxmağımız üçün bu addımları atmalıyıq. COP29 Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıracaq. Diplomatik mövqeyini gücləndirəcək. Azərbaycana yeni müttəfiqlər qazandıracaq. Azərbaycan koronavirus dövründə də onlarla dövlətə milyonlarla dollar həcmində humanitar vaksin yardımı göstərib. COP29-da da zəif inkişaf etmiş dövlətlərin iqlim uyğunlaşması istiqamətində həmin dövlətlərə yardım etməsi üçün xüsusi fondun yaradılmasına görə Azərbaycanın təşəbbüslə çıxış edəcəyi gözlənilir".

Millət vəkili  Sadiq Qurbanlı bildirib ki, COP29 tədbiri Azərbaycan üçün yeni imkanlar yaradacaq, ölkəmizin nüfuzunu artıracaq. Onun sözlərinə görə, bu tədbir bizim üçün iqlim dəyişikliyi üzrə lider ölkələrdən biri olmağımıza səbəb olacaq: "Bu tədbir dünyanın diqqətini Azərbaycana yönəldəcək. Razılaşmaya əsasən, öz məsuliyyətimizi yerinə yetirməyimiz göstərilir. Azərbaycan tədbirin təhlükəsiz keçirilməsi üçün cavabdehdir. İştirakçılar beynəlxalq media, rəsmi nümayəndələr iştirak edəcəklər. Ekoloji davamlılıq və təbii sərvətlərin zərər görməməsi üçün hökumət mənfi təsirlərin qarşısını almaq üçün bu tədbiri təşkil edəcək, ətaf mühitin qorunması istiqamətində dəstək verəcək. Azərbaycan höküməti COP29 tədbirindən qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi viza təklif edir. Konfrans iştirakçıları üçün münasib otellər, xüsusi güzəştlər təşkil olunacaq. COP29-un Azərbaycanda təşkili, uğurla keçməsi üçün misilsiz şərait yaradılır. Eyni zamanda bu tədbir Azərbaycan iqtisadiyyatının daha da inkişafına müsbət təsir baxımından əhəmiyyətli fürsət olacaq".

Sevinc QARAYEVA

 





11.10.2024    çap et  çap et